Bayden Anqolaya səfər edən ilk Amerika prezidenti kimi ABŞ-Afrika əlaqələrini alqışlayıb
09.12.2024

ABŞ prezidenti Co Bayden Anqolaya səfəri zamanı Birləşmiş Ştatlar və Afrika qitəsi arasında yeni münasibətlərin başlanğıcını vurğulayıb. Amerikanın Səsinin Ağ Ev müxbiri Anita Pauel Baydenin tarixi səfər etdiyi Anqolada Luanda şəhərindən məlumat verir.

Bu, Co Baydenin prezident kimi Afrika qitəsinə ilk və eyni zamanda sonuncu səfəridir.

O, kiçik ada dövləti olan Kabo Verdedə qısa müddət dayandıqdan sonra bazar ertəsi gec saatlarda Luandada prezident sarayında prezident Joao Lourensoya dediyi kimi sıx gündəmlə Anqolaya iki günlük səfər edib.

Prezident Co Bayden: “Mən Anqolaya səfər edən ilk Amerika prezidenti olmaqdan çox qürur duyuram və indiyə qədər tərəfdaşlığımızı kökündən dəyişmək üçün birlikdə etdiyimiz hər şeyə görə qürur hissi keçirirəm. Qarşıda bizi çox şey gözləyir, edə biləcəyimiz çox şey var.”

Administrasiyanın Afrika üzrə baş müşaviri Amerikanın Səsinə deyib ki, Bayden Anqolanı Vaşinqtonla əməkdaşlıq əlaqələrinin “nümunəsi” kimi görür.

Milli Təhlükəsizlik Şurasının Afrika məsələləri üzrə baş direktoru Frensis Braun: “Biz, Birləşmiş Ştatlar Anqola ilə bəzi həqiqətən də vacib məsələlər üzərində işləyirik. Bunlardan biri Konqo Demokratik Respublikasının şərqində sülh və təhlükəsizliyin möhkəmləndirilməsidir. Digəri regionda iqtisadi imkanların genişləndirilməsidir. Üçüncüsü, texnoloji və elmi əməkdaşlıqdır”.

Bayden həmçinin ölkənin quldarlıq muzeyini ziyarət edərək, burada Anqola ilə ABŞ arasında dərin qan bağlarının olmasını etiraf edib və gələcəklə bağlı nikbin bir mənzərəni təsvir edib.

Prezident Co Bayden: “Gələcəyin nə olacağını dəqiq bilməsəm də, bilirəm ki, gələcək Anqola və Afrika ilə bağlıdır. Bunu səmimi deyirəm. Zarafat etmirəm”.

Hüquq müdafiə qrupları insan haqları ilə bağlı dəhşətlərin sadəcə olaraq keçmişdə qalmadığını deyirlər.

Amnesty International təşkilatının Afrika üzrə direktoru Keyt Hikson: “Amnistiya dinc nümayişləri pozmaq üçün ifrat və ölümcül gücdən istifadəni dəfələrlə sənədləşdirib. Bu nümayişlərdə nəinki ölümcül güc tətbiq olunur, eyni zamanda qurbanların ailələrinin ədalət məhkəməsinə çıxış imkanı olmur. 2020-ci ildən bəri bir neçə repressiv qanunun qəbul edildiyinin şahidi olmuşuq. 2020-ci ildən etibarən prezidenti tənqid etmək qeyri-qanuni hesab edilir. Ən son biz bu il ifadə, sərbəst toplaşma və media azadlığı hüquqlarını daha da təhdid edən iki qanunun qəbul edildiyini gördük”.

Braun Amerikanın Səsinə bildirib ki, prezident bu məsələləri hər zaman təkbətək görüşlərdə qaldırır.

Milli Təhlükəsizlik Şurasının Afrika məsələləri üzrə baş direktoru Frensis Braun: “O, həmkarları ilə demokratiya və insan hüquqları məsələlərini müzakirə etməkdən heç vaxt çəkinmir. Və hesab edirəm ki, bu, onun dövlət qulluğunda uzunmüddətli karyerası boyu davranışına tam uyğundur”.

Bayden səfərini çərşənbə günü ABŞ-ın maliyyələşdirdiyi yeni dəmir yolu xətti ilə Afrikanın daxili bölgələrindən xammalın gətirildiyi liman şəhəri Lobitonu ziyarət etməklə yekunlaşdırıb.

visiontv.az