AZTV-TRT-TİKA əməkdaşlığı yeni mərhələdə
23.01.2022

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin sədri Rövşən Məmmədov Türkiyə İşbirliyi və Koordinasiya Agentliyinin (TİKA) Bakı ofisinin rəhbəri Fateh Yılmazla görüşüb.

QSC-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən Visiontv.az-a verilən xəbərə görə, görüşdə AzTV-TRT işbirliyinə TİKA-nın verə biləcəyi dəstək, həmçinin Türkiyə İşbirliyi və Koordinasiya Agentliyi ilə AzTV-nin birbaşa əlaqələrinin əsas istiqamətləri müzakirə olunub.

Müzakirələrdə 4 əsas məsələ diqqətdən keçirilib:

1. AzTV-nin qızıl fondunda saxlanılan bədii-sənədli filmlərin, televizya tamaşalarının, tarixi görüntülərin restavrasiyası və elektronlaşdırılması üçün TİKA və TRT-nin dəstəyi ilə AzTV-də xüsusi avadanlıqların quraşdırılması, bu məqsədlə yerli texniki personalın hazırlanması;

2. AzTV nəzdində fəaliyyət göstərən Teleradio Akademiyasında studiyanın qurulması, həmçinin zəruri texniki məsələlərin həllinə TİKA-nın verə biləcəyi dəstək;

3. Qarşılıqlı təcrübə mübadiləsi aparılması və TİKA əməkdaşlarının tədris prosesində iştirakı üçün AzTV-yə dəvət olunması.

Görüşdə bütün bu istiqamətlər üzrə böyük perspektivlərin olduğu vurğulanıb və yaxın gələcəkdə konkret addımların atılacağı qeyd olunub.