AzTU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Qazi Universitetində mühazirə deyib
13.01.2022

Azərbaycan Texniki Universitetinin (AzTU) beynəlxalq əlaqələr üzrə prorektoru, professor Sübhan Namazov Türkiyənin Ankara şəhərində səfərdədir. 

Erasmus+ KA1 mobillik proqramının fərdi qrant layihəsini qazanan professor Sübhan Namazov səfər çərçivəsində Türkiyənin Qazi Universitetinin Metallurgiya və materiallar texnologiyası kafedrasının professor-müəllim heyəti və tələbələri üçün “Bişirilmiş ovuntu kompozisiya materialları: alınması, strukturu, xassələri və tətbiqi” mövzusunda mühazirə deyib. 

Prorektor Sübhan Namazov, həmçinin Qazi Universitetinin rektoru, professor Musa Yıldız, universitetin prorektorları, dekanları, bölmə rəhbərləri ilə işgüzar görüşlər keçirib. Görüşlər zamanı AzTU-nun qalib olduğu ”AzTU-da prioritet mühəndislik ixtisasları üzrə professor-müəllim heyətinin akademik mobilliyinin səmərəli təşkili ilə elmi potensialın gücləndirilməsi və yüksək ixtisaslı kadr hazırlığının təmin olunması mexanizminin yaradılması” layihəsi barədə məlumat verilib. Layihə çərçivəsində professor-müəllim heyətinin potensialının gücləndirilməsi məqsədilə AzTU-nun bir qrup müəlliminin təlimlər keçməsi üçün Ankaraya ezam olunması, həmçinin Qazi Universitetinin professorlarının AzTU-ya dəvət olunması ilə bağlı razılıq əldə olunub. 

Qeyd edək ki, professor Sübhan Namazovun Ankaraya işgüzar səfəri davam edir.