“Azəriqaz”-ın “Açıq mikrofon” aksiyası sözün əsl mənasında məni təccübləndirdi
“Azəriqaz”-ın “Açıq mikrofon” aksiyası sözün əsl mənasında məni təccübləndirdi
05.08.2021 Elçin Mirzəbəyli Tərəfindən

Hətta yaxınlar, doğmalar arasındakı ünsiyyətin virtuallaşdığı bir zamanda “Azəriqaz” İstehsalat Birliyinin “Açıq mikrofon” aksiyası sözün əsl mənasında məni təccübləndirdi.

Şübhəiz ki, müasir informasiya və kommunikasiya texnologiyalarının və onların yaratdıqları imkanların əleyhinə deyiləm. Elektron sistemlər şəffaflığı artırır, vaxt itkisinin qarşısını alır. Müsbət tərəfləri çoxdur. Heç bir yerə getmədən, əlinin altında nə varsa – telefon, kompüter, noutbuk, planşet – ondan istifadə edib mətni yazırsan, lazımi sənədlərin, yaxud konkret hadisəylə, problemlə bağlı faktların fotoşəklini, videogörüntüsünü çəkib yükləyirsən bu və ya digər dövlət qurumunun elektron bankına. Orada sənin mürəciətinə Məmməd, Həsən, yaxud Südabə, Natəvan (virtual gender bərabərliyini qorudum, xəbəriniz olsun) baxacaq, bunu bilmirsən, heç bilmək də istəmirsən... Amma elə şeylər var ki, onların nə şəklini, nə də videogörüntüsünü çəkmək olur.
Bizə “şair xalq” deyirlər, etiraz etmirəm. Sosial şəbəkələrdə paylaşılan şeirlərin sayından da buna əmin olmaq mümkündür. Paylaşılan şeirlərin  isə 1/100-i orijinal olur, adətən. Məsələn, şairliyi Allah vergisi, bununla yanaşı intellekti, mədəniyyəti, mütaliəsi olan biri şeir yazır və bir bəndini paylaşır. Bir neçə saat sonra sosial şəbəkə ədəbiyyatının “texnokrat”ları bir bənddən yüzlərlə şeirin elektron surətini çıxarırlar. Yəni biri yaşadıqlarını yazır, başqa biriləri isə başqasının yaşadıqlarının dublikatlarını virtual səhifələrə səpələyirlər. Və təbii ki, bu dublikatlarda bəzəkli-düzəkli sözlərlə ifadə edilən, yaşanmayan yaşantıların emosional yükü və təsiri də olmur.

Bu baxımdan, nə qədər “şair xalq” olsaq da, böyük əksəriyyətimiz problemlərimizi, qayğılarımızı olduğu kimi ifadə etmək, qarşı tərəfə çatdırmaq bacarığında və istedadında deyilik, şübhəsiz. Gözlə görülməsi mümkün olmayan dərdin, qayğının, problemin nə şəklini çəkmək olur, nə də videogörüntüsünü, sözlə ifadə etmək üçün isə Tanrının fitri istedad bəxş etdiyi kəslərdən olmalısan.

Bu səbəbdən də, “Azəriqaz” İstehsalat Birliyinin “Açıq mikrofon” aksiyasını iki əllə dəstəkləyirəm. İnsanların üz-üzə, göz-gözə ünsiyyətə, təmasa ehtiyacları var. Sözlərin ifadə edə bilmədiyini gözlə görmək, gözlə görmək mümkün olmayanda isə, baxışlardan, dərdini deyə bilməyənlərin titrəyən səsindən duymaq olur.

Mənə görə, canlı ünsiyyət real mənzərənin görünən və görünməyən tərəflərini müəyyənləşdirmək üçün yeganə vasitədir.
Davamlı olmasını və presidentə çevrilməsini arzulayıram.

Elçin Mirzəbəyli

Visiontv.az