Azərbaycanın qədim şəhəri Marağa barədə nə bilirik?
Azərbaycanın qədim şəhəri Marağa barədə nə bilirik?
29.11.2022 MEDİA Tərəfindən

Marağa – İranda ,Cənubi Azərbaycanda şəhərdir. Təbrizdən 130 kilometr cənub-şərqdə yerləşir. Marağa Azərbaycanın ən qədim və böyük şəhərlərindən biridir. Şəhərin şimalında Səhənd dağı ucalır. Bu dağ Marağanı Təbrizdən ayırır. Dəniz səviyyəsindən 1400 m yüksəklikdə olan Marağa şəhəri Sofi çayının sol sahilində yerləşir.

Marağa şəhərinin əlverişli təbii və coğrafi şəraitə malik olması qədim ticarət yollarının vaxtilə buradan keçməsi, onu qədim dövrlərdən etibarən bütün şərqdə şöhrətləndirmişdi. Marağa şəhərində indiyədək əsaslı arxeoloji qazıntı işləri aparılmamışdır. Lakin şəhərin adına bir sıra qədim yazılı mənbələrdə təsadüf edilir.
Strabon yazırdı ki, Atropatena hökmdarlarının iki -Qazaka (yay iqamətgahı) və Vera (qış iqamətgahı) adlı paytaxt şəhərləri olmuşdur. Strabon qeyd edir ki, Araz çayndan Vera şəhərinə məsafə 2400 stad (1 stad 184 metrə bərabərdir) olmuşdur. Plutarxa görə, Vera Fraata, Dion Kassidə bu şəhər Prasana və yaxud Fraaspa, Ptolomeydə isə Fraspa kimi verilmişdir. Bəlazuri, İbn Fəqih və Yaqut Həməvi də bu şəhərin Əfrahrud adlandığını qeyd etmişlər.
Yaqut Həməvi Əfrahrudu Marağadan axan Sofi çayı ilə eyniləşdirir. Minorski də Plutarxın Fraatasının, ərəb müəlliflərinin qeyd etmiş olduqları Əfrahrudun müasir Marağa ilə eyni olduğunu yazmışdır. O, öz fikrini sübut etmək üçün Marağanın şimaldan müdafiə olunmasına şərait yaradan Səhənd dağının strateji əhəmiyyətindən, Sofi çayının hazırda da bu şəhərdən axmasından, ərəb və habelə XII-XIII əsrlərdə monqolların dövründə də Marağanın paytaxt şəhər olmasından bəhs edir. Qeyd edilməlidir ki, müasir Marağanın keçmişdə Atropatena hökmdarları tərəfindən paytaxt seçilməsi oranın iqtisadi, strateji, təbii, coğrafi şəraiti ilə bilavasitə əlaqədar olmuşdur. Marağa şəhərindən 16 km şimalda yerləşən möhkəm Ruyinqala adlı qala da şəhərin qədim tarixə malik olmasını sübut edir.
Eramızdan əvvə 38-cı ildə Roma sərkərdəsi Antoni yüz min nəfərlik ordu ilə Atropatenaya hücum edərkən şəhəri mühasirəyə almış, lakin tezliklə Şiz qalası (Qazaka) ətrafında məğlubiyyətə uğradıqdan sonra 35 min tələfat verərək mühasirəni dayandıraraq geri çəkilməyə məcbur olmuşdur. Qədimdə Fraata adlanan bu şəhər ərəb işğalları dövründən etibarən Marağa adlandırılmışdır. Marağa ərəb dilində “mərəğə” sözündən olub otlamaq mənasındadır. Marağa sözünün başqa mənası otlaq, at bəslənən yer deməkdir.
Ptolomeyin Urmiya gölü ətrafında qeyd etdiyi Margiananı Markvart - Martiana formasında vermişdir. Bəzi alimlər Marağa sözünün həmin vilayətin adı ilə əlaqədar yarandığını qeyd edirlər. Hər halda istər Fraata olsun, istərsə də Margiana olsun öz növbəsində Marağa şəhərinin qədim tarixə malik şəhər olduğunu göstərir.
Tarixçilərin yazdığına görə, Marağa şəhəri (642-643-cü illərdə) Azərbaycanda olan ərəb sərkərdəsi Müqeyrət ibn Şüeybə tərəfindən fəth edilmişdir.
Xəzimət ibn Xazim Azərbaycan və Ermənistan hakimi olan zaman Təbriz hakimi Vəcna ibn Rəvvad ərəblərə qarşı üsyan qaldıraraq (təqribən 802-803-cü illərdə) Marağa şəhəri ətrafına hasar çəkmiş və bu şəhəri ordu qərargahına çevirmişdir.
Marağa şəhəri Sasani və habelə ərəb işğalları dövründə Azərbaycanın iqtisadi, ictimai cəhətdən inkişaf etmiş şəhərlərindən biri olmuşdur. Ərəb xilafətinin zəifləməsindən istifadə edən Məhəmməd ibn Əbu Sac 879-cu ildə Marağa şəhəri mərkəz olmaqla Sacilər dövlətinin əsasını qoyur. Şəhər 1227-ci ilə kimi Ağsunqurilər sülaləsi tərəfindən idarə olunmuşdur. 1227-ci ildə Marağa Xarəzmşah Cəlaləddin tərəfindən işğal olundu və əhalinin etimadını qazanmaq üçün o, şəhərdə bir sıra bərpa işləri də aparmışdır. 1232-ci ildə monqollar Marağanı ələ keçirərək əhali üzərinə ağır vergilər qoydular.
Şərqin ən böyük rəsədxanası
1256-cı ildə Azərbaycan Hülakilər dövlətinin tərkibinə qatılır və Marağa paytaxt elan olunur. Azərbaycan Hülakilər dövlətinin tərkibində olduğu dövrdə Marağada Şərqin ən böyük rəsədxanası inşa edilmişdir. Marağa rəsədxanasının banisi görkəmli azərbaycanlı alim Nəsirəddin Tusi olub.
Rəsədxana yaradılması külli məbləğdə pul qoyuluşu tələb edirdi və Hülaku xan bu işi öncə məqsədəuyğun saymırdı. Tanınmış tarixçi Hacı Xəlifə özünün “Dünya haqqında kitab”ında bununla əlaqədar baş verən hadisələri belə təsvir edir: “Xacə Nəsir Marağadakı astronomiya rəsədxanasının tikintisinə başlamaq üçün lazım gələn məbləği Hülakuyə deyəndə, o, məbləğin böyüklüyünə şübhə ilə soruşdu: “Yəni ulduzlar haqqında elm belə faydalıdır ki, rəsədxanaya bu qədər pul xərcləyək?” Nəsir cavabında söylədi: “İzn verin, bir nəfər həmin dağa qalxıb, oradan boş bir tası yerə atsın, ancaq bunu elə etsin ki, heç kəs bilməsin”. Belə də edirlər. Tas qayalara dəyə-dəyə qorxulu səslər çıxarır. Hülaku xanın ordusu vahiməyə düşür. Nəsirəddin isə bu zaman xanla birlikdə sakitcə oturub, qoşundakı vahiməni seyr edirdilər. Nəsirəddin xana deyir: “Hökmdar, biz qayalardan gələn səsin səbəbini bildiyimizdən sakitcə əyləşmişik. Qoşun isə bunu bilmədiyi üçün həyəcan içindədir. Əgər biz səmada baş verən hadisələrin mahiyyətini irəlicədən bilsək, yer üzündə həmişə belə rahatlıq hökm sürər”. Nəsirəddinin sözləri Hülaku xanı elə inandırır ki, o, rəsədxananın tikintisinə razılıq verir və bu məqsədlə 20 min dinar pul ayırır. Sonralar böyük alim rəsədxanada çalışan yüzdən artıq alimə həmişəlik donluq kəsilməsinə də nail olur. Bu məvacib Nəsirəddinin təşəbbüsü ilə vergilərdən yığılan vəsait hesabına ödənilirdi.
Rəsədxananın tikintisi 1259-cu ildə Marağa şəhərinin qərbindəki təpənin döşündə başlanır və 1271-ci ildə tikilib başa çatdırılır. Tusinin rəsədxanası öz həcminə görə Şərqin bütün məşhur rəsədxanalarını geridə qoyurdu. Marağa rəsədxanasında çalışan əməkdaşların elmi fəaliyyəti və astronomik müşahidələri “Zici-İlxani” (İlxanilərin astronomik cədvəlləri) adlandırılan kollektiv əsərin yaranmasına gətirib çıxarmışdı. Bu cədvəllərin sonuncusu 1284-cü ildə, artıq Nəsirəddinin vəfatından sonra tərtib edilmişdi. 1484-cü ildə Makunun Sofi kəndində Ağqoyunlu hakimiyyətinə qarşı Topal Əhmədin rəhbərliyi altında xalq hərəkatı baş vermişdir. Lakin üsyançılar Qarabulaq kəndində məğlub olurlar. XVI əsrdə Marağa Müqəddəm tayfası tərəfindən idarə edilirdi.
1747-ci ildə Nadir şahın vəfatından sonra Əliqulu xan Müqəddəm tərəfindən müstəqil Marağa xanlığı yaradılır. Bu xanlıq cənubda Saqqız mahalı, şimalda Təbriz, qərbdə Urmiya, şərqdə Ərdəbil xanlıqları ilə həmsərhəd olub. Xanlıq Marağa, Təkab, Sayınqala, Əcəbşir, Qaraağac, Binab və Miyandab mahallarına bölünürdü. Xanlığı Qarabağın Cavanşir elinin bir qolu olan Müqəddəm tayfasının nümayəndələri idarə edirdi. 1826-cı ildə Qacar qoşunu hücum edərək xanlığın fəaliyyətinə son qoydu və ərazini öz tərkibinə qatdı.
Cənubu Azərbaycanda yaşayan azəri türklərinin 9 danışıq ləhcəsi vardır. Bunlardan da biri Marağa ləhcəsidir.
Bu ləhcə Səhənd dağlarının cənub ətəklərindəki kənd və şəhərlərdə yayılmışdır. Marağadan şərqə tərəf Sərəskənd hududlarına qədər, yeni Qartovol və Şəlləvənd dərəsinə, Daşatandan Sayın Qala, Miyandoab (Qoşaçay) aralığından Sovuqbulaq yaxınlarına və Cığatı, Tığatı çaylarının düzlük və ovalarından Məlikan, Binab, Əcəbşir ilə Azərşəhr aralığına qədər davam edir. Xalq arasında yastı danışıq şivəsı kimi tanınır. Danışıq şivəsi nə Təbriz ləhcəsi kimi çox uzanar, nə də Qaradağ ləhcəsi kimi çox sərt və kəskindir, o ikisinin arasında bir yer tutar. “R” səsi yox deyiləcək qədər az işlənir, istər sözün əvvəlində istər ortasında“Y” səsiylə əvəz olunar. Belə ki “Rəhim” yerinə “Yəhim”, “gəlirəm” yerinə gəliyəm, “Ara” yerinə “Aya” işlənir.
Ermənilərin Azərbaycan torpaqlarına gəlmə olduqlarını sübut edən abidə
1828-ci ildə Rusiya Şimali Azərbaycanı işğal etdikdən sonra 200 erməni ailəsi Marağa əyalətindən Qarabağa köçürüldü. Onlar məskunlaşdıqları ərazini Marağa adlandırdılar. Sonralar kəndin adı erməniləşdirilərək Marağaşen olmuşdur. 1954-cü ildə kənd Vladimir İliç Leninin şərəfinə Leninavan kimi rəsmiləşdirilmişdir. 1978-ci ildə həmin ailələrin Marağadan köçüb gəlməsinin 150 illiyi ilə əlaqədar abidə ucaldılmışdır. Ermənistanın Azərbaycana təcavüzü başlandıqdan sonra ermənilərin Qarabağa gəlmə olduqlarının izini itirmək məqsədilə həmin abidədəki yazıların üstü ermənilər tərəfindən daşla örtülmüşdür. 1992-ci ildə kəndə ərazidəki Şıxarxının adı verildi. Arxın adı isə şıxlar nəsli ilə bağlıdır. Şıxarx qəsəbəsi döyüş bölgəsinə yaxın məsafədə yerləşdiyinə görə Azərbaycan Silahlı Qüvvələrinin nəzarəti altındadır.
 

Hazırladı : Bünyamin Bünyadzadə

Visiont.az