Azərbaycanın BMT-yə üzv qəbul olunmasından 29 il ötür!
Azərbaycanın BMT-yə üzv qəbul olunmasından 29 il ötür!
02.03.2021 Bəybala Mirzəyev Tərəfindən

Müstəqil dövlət kimi tanınmağımızın qısa xronologiyası...

1991-ci ilin 18 oktyabrında Sovet İttifaqından ayrılaraq, “Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı” qəbul edən Azərbaycan Respublikasının Ali Soveti (indiki Milli Məclis) 11 gün sonra – 1991-ci il oktyabr ayının 29-da Azərbaycanın müstəqilliyinin tanınması xahişi ilə BMT-yə (Birləşmiş Millətlər Təşkilatına) müraciət qəbul edib.

BMT-nin Baş Assambleyası sovet respublikalarının təşkilata qəbulu məsələsini dekabrda müzakirəyə çıxarsa da, həmin vaxt yalnız üç Baltikyanı respublika üzvlüyə qəbul edildi.

1992-ci il fevral ayının 14-də Azərbaycan Respublikasının müraciətini müzakirə edən BMT-nin Təhlükəsizlik Şurası ölkəmizin bu təşkilata üzv qəbul edilməsini tövsiyə etdi.

Beləliklə, Azərbaycanın və keçmiş SSRİ-nin digər respublikalarının BMT- yə qəbulu isə 1992-ci il martın 2-də gerçəkləşdi.

1992-ci il martın 2-si Azərbaycanın diplomatiya tarixində yeni bir səhifə açıb. Məhz bu tarixdə müstəqil dövlətimiz beynəlxalq birliyin tamhüquqlu üzvünə çevrilib.

BMT Baş Məclisinin 1992-ci il martın 2-də keçirilən 46-cı sessiyasında Azərbaycan Respulikasının BMT-nin üzvlüyünə qəbul olunması barədə qətnamə qəbul edildi.

Həmin gün Nyu-Yorkda, BMT-nin mənzil qərargahında Azərbaycanın üçrəngli dövlət bayrağı qaldırıldı.

4 gün sonra isə Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyi fəaliyyətə başladı.

P.S.

Beləliklə, "Var millətimin imzası imzalar içində" deyən böyük şairimiz Məhəmməd Hadinin təbiri ilə desək, biz də imzalar içində imza sahibi olduq

Bəybala Mirzəyev

Visiontv.az