İbrahimov İbrahim İbiş oğlu, Azərbaycanda funksiyalar nəzəriyyəsi məktəbinin yaradıcısı, funksiyalar nəzəriyyəsi və yaxınlaşmalar nəzəriyyəsi sahəsində görkəmli alim. 28 fevral 1912-ci ildə Füzuli rayonunun Qarğabazar kəndində anadan olmuşdur. 1921-ci ildə 9 yaşında kəndlərindən bir kilometr məsafədə olan Pirəhmədli kəndində molla Yusifin məktəbinə gedir.
1925-ci ildə həmin məktəbi bitirdikdən sonra 1926-cı ildə Füzuli şəhərində yeni açılmış Kəndli Gənclər Məktəbinə daxil olur və 1928-ci ilin mayına qədər orada təhsil alır. 1928-ci ilin sentyabrından Gəncə Kənd Təsərrüfatı Texnikumunda təhsilini davam etdirir. 1931-ci ildə onu Gəncə Pedaqoji Texnikumunun nəzdində fəaliyyət göstərən Azərbaycan Dövlət Pedaqoji İnstitutunun hazırlıq kursuna köçürürlər. Hazırlıq kursunu uğurla bitirən İbrahim 1931-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutuna qəbul olunur. 1934-cü ilin oktyabrında İbrahim İbrahimovu hərbi qulluğa çağırırlar. O, 1935-ci ilin mayına qədər, ali təhsilini pedaqoji institutda davam etdirməklə, hərbi xidmətdə olur. 1935-ci ilin mayında onu əsgərlikdən azad edirlər. İbrahim İbrahimov 1935-ci ildə institutu bitirir və maarif nazirliyinin bölgüsünə əsasən Zəngilan rayonunda orta məktəbdə riyaziyyat müəllimi vəzifəsinə təyin olunur. Həmin ilin payızında dostlarının köməyi ilə Bakı şəhərinin Montin qəsəbəsindəki neftayırma texnikumuna riyaziyyat müəllimi təyin olunur.
1936-cı ilin əvvəllərində İbrahim İbrahimov Azərbaycan Dövlət Universitetinin aspiranturasına qəbul olunmaq üçün universitetin professorları A.S.Kovanko, A.A.Buxştab və Y.B.Lopatinskinin rəhbərliyi ilə hazırlıq kurslarına başlayır. O dövrdə universiteti qurtarmayanlar aspiranturaya qəbul olunmaq üçün hazırlıq kursundan keçməli idilər. 1936-cı ilin noyabr ayında aspiranturaya hazırlıq vaxtı bitir, İbrahim İbrahimov funksiyalar nəzəriyyəsi üzrə universitetin aspiranturasına qəbul olunur. O dövrdə universitetdə ali cəbrdən, ədədlər nəzəriyyəsindən və kompleks dəyişənli funksiyalar nəzəriyyəsindən mühazirələr oxuyan A.A.Buxştab onun elmi rəhbəri təyin olunur.
Aspiranturada oxuyarkən rus dilində biliyini artırmaq məqsədi ilə İbrahim İbrahimov K.Possenin və İ.İ.Privalovun “Diferensial və inteqral hesab” adlı iki cilddən ibarət kitabını Azərbaycan dilinə tərcümə etməyə başlayır. Həmin dövrdə fizika-riyaziyyat fakültəsində tədris edilən fənlər üzrə Azərbaycan dilində heç bir tədris ləvazimatı yox idi. Azərbaycan bölməsində işləyən müəllimlərin işi çox çətin idi. O, 5-6 ay ərzində birinci cildin tərcüməsini başa çatdırır.
1937-ci ilin dekabr ayında aspirantura təhsilini davam etdirmək üçün Moskvaya yola düşür. Onu Riyaziyyat İnstitutunun direktoru akademik A.N.Kolmoqorov qəbul edir, sənədlərini yoxlayır və iki gündən sonraya imtahan təyin edir. İmtahandan sonra dövrün ən böyük riyaziyyatçılarından olan A.O.Gelfond onun elmi rəhbəri olmağa razılıq verir. Elmi rəhbərilə həftədə bir dəfə görüşən, bundan əlavə onun mühazirələrinə qulaq asan və rəhbərlik etdiyi seminarlarda fəal iştirak edən İbrahim İbrahimov 1939-cu il aprelin sonunda namizədlik dissertasiyanı hazırlayıb rəhbərinə təqdim edir. Mayın 20-də Gelfondun rəhbərliyi ilə Moskva Dövlət Universitetində “Bəzi analitik funksiyalar sisteminin tamlığı haqqında” mövzusunda namizədlik dissertasiyasını müdafiə edir. Onun opponentləri dövrün tanınmış alimləri İ.İ.Privalov və M.A.Lavrentyev idi. Beləliklə, İbrahim İbrahimov 1939-cu il mayın 20-də fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsi alan ilk azərbaycanlı olur.
Kompleks və həqiqi dəyişənli funksiyaların konstruktiv nəzəriyyəsi sahəsində dövrün görkəmli riyaziyyatçıları M.V.Keldış, S.N.Bernşteyn, S.M.Nikolski, A.O.Gelfond, M.A.Lavrentyev və başqaları ilə yaxından elmi əlaqələr saxlayan İbrahim İbrahimov haqlı olaraq Moskva riyaziyyat məktəbinin nümayəndələrindən biri hesab olunurdu. Onun kompleks və həqiqi dəyişənli funksiyalar nəzəriyyəsinin müxtəlif problemlərinə həsr olunmuş tədqiqatları arasında “Karleman” probleminin həlli mühüm yer tutur. O, akademik Keldışla birlikdə Nyuton interpolyasiya, bütün tam funksiyalar sinfində yığılması üçün dəqiq əlamət tapmış Qelfondla birlikdə isə interpolyasiya nəzəriyyəsinin metodları vasitəsi ilə “İki nöqtə haqqında problem” adlı məsələni həll etmişdir. İ.İbrahimovun “Abel-Qonçarov interpolyasiya sırasının, Laqranj triqonometrik interpolyasiya sırasının və rasional funksiyaların inteqrasiya sırasının yığılması” haqqında əsərləri onun araşdırmalarının ikinci istiqamətinə aiddir.
İbrahim müəllim müdafiədən sonra Bakıya qayıdıb Azərbaycan Dövlət Universitetində, Azərbaycan Pedaqoji İnstitutunda və Ağır Sənaye Nazirliyinin Promakademiyasında ali cəbrdən, kompleks dəyişənli funksiyalar nəzəriyyəsindən, riyazi fizika tənliklərindən mühazirələr oxumağa başlayır. Eyni zamanda 1940-cı ildə K.Posse və İ.İ.Privalovun “İnteqral hesabı” adlı ikinci kitabının tərcüməsini başa çatdırır.
1944-cü ildə İbrahim İbrahimov doktorluq dissertasiyası üzərində işləmək məqsədi ilə Moskvaya ezam olunur. 1946-cı il yanvarın ikinci yarısında Keldış, Gelfond və Markuşeviçin apardıqları kompleks dəyişənli funksiyalar nəzəriyyəsi adlı seminarda çap olunmamış nəticələri haqqında məruzə edir. Moskvada olduğu altı ay müddətində Keldışın və Bernşteynin təqdimatları ilə “SSRİ EA-nın xəbərləri” jurnalına üç əsər, “SSRİ EA-nın məruzələri” jurnalına isə iki əsər təqdim edir.
Gənc alimin 1946-1947-ci illərdə mərkəzi elmi jurnallarda iri həcmli dörd elmi əsəri çap olunur. 1948-ci il dekabrın 12-də Moskvada Rusiya Elmlər Akademiyasının V.A.Steklov adına Riyaziyyat İnstitutunda “Funksiyaların interpolyasiya və aproksimasiya nəzəriyyəsinin bəzi problemləri” mövzusunda doktorluq dissertasiyasını müdafiə edir.
O, əmək fəaliyyətinə 1935-1936-cı illərdə Mühəndislərin İxtisasartırma İnstitutunda başlamış, 1939-1947-ci illərdə Azərbaycan Dövlət Universitetinin “Funksiyalar nəzəriyyəsi” kafedrasının müdiri, 1947-1958-ci illərdə isə Pedaqoji İnstitutun "Riyazi analiz" kafedrasının müdiri vəzifələrində çalışmışdır. 1958-ci ildən onun elmi-pedaqoji fəaliyyəti Azərbaycan Elmlər Akademiyası ilə bağlı olmuşdur. 1958-1959-cu illərdə Fizika və Riyaziyyat İnstitutunda şöbə müdiri, 1959-1963-cü illərdə Azərb. EA Riyaziyyat və Mexanika İnstitutunun direktoru vəzifəsində çalışmış, 1963-cü ildən ömrünün sonunadək həmin institutun “Funksiyalar nəzəriyyəsi” şöbəsinin müdiri olmuşdur.
İbrahim İbrahimov 1959-cu ildə Azərbaycan SSR Elmlər Akademiyasının müxbir üzvü seçilmişdir. 1977-ci ildən Azərbaycan Riyaziyyat Cəmiyyətinin sədri olmuşdur. 1968-ci ildə Azərbaycan EA-nın həqiqi üzvü seçilmiş və Əməkdar elm xadimi fəxri adına layiq görülmüşdür. Akademik 170-dən çox elmi əsərin, 3 monoqrafiyanın, 5 dərsliyin müəllifi olmuş, rus dilindən Azərbaycan dilinə 2 dərslik tərcümə etmişdir. İbrahim İbrahimov 1960-cı ildə Stokholmda, 1974, 1981-ci illərdə Varnada, 1974-cü ildə Praqada, 1968-ci ildə Budapeştdə, 1970-ci ildə Nitsada, 1974-cü ildə Poznanda keçirilən beynəlxalq konfransların iştirakçısı olmuşdur.
Onun rəhbərliyi ilə 40-dan çox elmlər namizədi hazırlanmış, sonralar 6 tələbəsi elmlər doktoru olmuşdur. İbrahim müəllim daim öz tələbələrinə yüksək tələbkarlıqla yanaşmış, onların elmi potensialını artırmaqla yanaşı, bir şəxsiyyət kimi formalaşması üçün də, böyük səylər göstərmiş, elmi-pedaqoji fəaliyyəti ilə gənclərə layiqli nümunə olmuşdur.
Akademik İbrahim İbrahimovun əməyi dövlət tərəfindən layiqincə qiymətləndirilib, o, “Qırmızı Əmək Bayrağı”, “Xalqlar dostluğu” ordenləri ilə təltif olunmuş, 1988-ci ildə “Əməkdar elm xadimi” fəxri adına layiq görülmüşdür.
İbrahim İbrahimov 6 oktyabr 1994-cü ildə vəfat edib, I Fəxri Xiyabanda dəfn olunub.
Misir Mərdanov
visiontv.az