Azərbaycanda 600 qramlıq körpəyə qapalı ürək əməliyyatı icra olunub
19.04.2021

Yanvarın 15-də Mərkəzi Klinikaya digər xəstəxanada doğulmuş 23-24 həftə hestasiya yaşında, 600 qr çəki ilə, həyatının ilk sutkasında çox ağır vəziyyətdə olan körpə təxliyyə olunub. Daxil olarkən ümumi vəziyyəti ağır olan, ekstremal az çəkili, respirator disstres sindromlu, erkən neonatal sepsis diaqnozu qoyulmuş körpənin Neonatal reanimasiyada süni tənəffüs cihazında müşahidəsinə başlanılıb. Müayinə zamanı geniş PDA (Patent Doctus Arteriosus) aşkarlanıb.

Mərkəzi Klinika Xəstəxanasının Baş həkimi, ürək-damar cərrahı, prof. Kamran Musayev və klinikanın digər həkimləri tərəfindən 23 yanvar 2021-ci il tarixində Azərbaycanda ilk dəfə küvez içində 600 qram körpədə yataqbaşında PDA ləğvi əməliyyatı uğurla icra olunub.

Beləliklə, körpə suni tənəffüs cihazından ayrılıb. Vaxtından əvvəl doğulmuş olmanın yaratdığı qida intoleransı, metabolik, tənəffüs pozğunluğu kimi problemlər aradan qaldırılıb.

Uşaqda ROP müayinəsi aparılılıb, aşkarlanan problemlər vaxtında korreksiya olunub, hazırda körpənin görməsində heç bir problem yoxdur.

Körpə artıq 1780 qr. çəkidədir və sağ-salamat evinə yola salınıb.

Qeyd edək ki, körpənin sağlamlığına qovuşmasında Ürək-damar cərrahiyə şöbəsi, başda prof. Kamran Musayev olmaqla, Pediatriya şöbəsinin müdiri, neonatoloq, t.ü.f.d Sevda Əsədovanın, Pediatriya şöbəsinin professional həkim və tibb bacılarından ibarət olan Neonatalogiya reanimasiya və intensiv terapiya bölməsinin, eləcə də Əməliyyatxana və anesteziologiya şöbəsinin müdiri, t.ü.f.d Asəf Məmmədovun böyük əməyi olub.