"Azərbaycan Rusiyaya qarşı sanksiyalara qoşulmasa da onun işğalçılıq siyasətini də dəstəkləmir..."
"Azərbaycan Rusiyaya qarşı sanksiyalara qoşulmasa da onun işğalçılıq siyasətini də dəstəkləmir..."
06.06.2023 MEDİA Tərəfindən

Rusiya-Ukrayna müharibəsində hansı tərəfin qalib olacağından asılı olmayaraq nəticə bizim region üçün necə olacaq?

Bu mövzu ilə bağlı AĞ partiya başqanı Tural Abbaslı Visiontv.az saytına şərhində bunları bildirdi:

"Ukrayna və Rusiya müharibəsinin nəticəsinin necə olmasından asılı olmayaraq Azərbaycan ehtiyatlı siyasət yürütməlidir.  Bu gün bir tərəfi kəskin şəkildə dəstəkləyib digər tərəfi tənqid etməməlidir. Bu müharibə Azərbaycanın müharibəsi deyil. Eyni zamanda bu müharibəni Azərbaycan başlatmayıb, Azərbaycan da bitirməyəcək. Çünki, hər iki ölkə ilə ayrı – ayrı münasibətlərimiz və maraqlarımız var. Biz bu gün də nisbətən balanslı siyasət yürüdürük.

Təbii ki, Rusiyanın işğalçı siyasətini bəyənmirik. Biz özümüz də təcavüzə və işğala məruz qalan ölkəyik.  Rusiyanın beynəlxalq hüquqları pozmasını da qəbul etmirik. Rusiyaya qarşı sanksiyalara da qoşulmuruq. Burada iqtisadi maraqlarımız var. Orada  kifayət qədər insanlarımız yaşayıb işləyir.  Biz ABŞ və Avropanın maraqlarına uyğun olan addımlar ataraq öz gələcəyimizi və iqtisadiyyatımızı da riskə atmalı deyilik. 

Düşünürəm ki, Azərbaycan istənilən halda Türkiyə ilə koordinasiyalı siyasət yürürtməlidir. Türkiyə dövləti də həm Ukrayna həm də Rusiya ilə sıx əlaqələr qurur. Müharibədə də Türkiyənin mövqeyi məlumdur. Hətta Türkiyə Kırımı açıq şəkildə Ukrayna ərazisi kimi tanıdığını da qeyd edib. Eyni zamanda da Rusiya ilə siyasi və digər əlaqələrini davam edir. Buna görə də Azərbaycanın da siyasəti eyni ilə belədir. 

Belə olacağı təqdirdə Ukrayna və Rusiya müharibəsinin nəticəsinin necə olacağından asılı olmayaraq Azərbaycan və Türkiyə bu konfliktdən heç bir ziyan etmədən çıxacaqlar. Ən yaxşı halda  isə uğurla çıxacaqlar. Biz Azərbaycan olaraq öz hədəflərimizə uyğun  addım atmalıyıq."

Bünyamin Bünyadzadə

Visiontv.az