Azərbaycan Çin və İranla anlaşır, Rusiya bundan faydalanır, Qərb isə itirir...
21.07.2024

1933-cü il doğumlu Paul Goble Britaniya-Amerika kökənli yazar kimi tanınır. Qərbin əsas ideoloqlarından biridir. O, “eurasiareview.com” saytında gedən “Azerbaijan Expands Ties With China And Iran, Benefiting Moscow And Hurting West” (Azərbaycan Çin və İranla əlaqələri genişləndirir, Moskva bundan faydalanır və Qərb isə zərərə düşür) adlı məqalədə son dərəcə həssas məqamlara toxunub.

Müəllif yazır ki, iyulun 4-də Şanxay Əməkdaşlıq Təşkilatının Astana görüşündə İlham Əliyev və Şi Cinpinq iki ölkəni iqtisadi, hərbi və strateji sahədə daha sıx əməkdaşlıq etməyə kökləyən strateji tərəfdaşlıq bəyannaməsini imzalayıb. 

İyulun 15-də, bir ildən çox danışıqlardan sonra və İranın yeni prezidenti, islahatçı və etnik azərbaycanlı Məsud Pezeşkianın seçilməsindən sonra İran Azərbaycanın Tehrandakı səfirliyini yenidən açmağa razılıq verdi. 2023-cü ilin yanvarında baş vermiş terror aktından sonra səfirlik bağlanmışdı: “Çin və İranla münasibətləri gücləndirən Bakı Cənubi Qafqazda güc balansını dəyişdirir, Qərbin mövqeyini zəiflədir və potensial olaraq Moskvaya bu bölgədə öz təsirini bərpa etmək üçün imkan yaradır”.

Politoloq yazır ki, Azərbaycan Qərbə narazılığını bildirmək üçün Çinlə əlaqələri genişləndirməkdə maraqlıdır. Bununla da Bakı Azərbaycanın çoxlarının güman etdiyindən daha çox manevr imkanının olduğunu nümayiş etdirməyə ümid edir...

Şübhəsiz ki, Paul Goble-in yanaşması Qərbin maraqlarından qaynaqlanır. Bununla belə bu yazıda müəyyən etiraflar da var. Məsələn, Paul Goble etiraf edir ki, bəzi Qərb ölkələri ifrat dərəcədə ermənipərəst mövqedə olduğuna görə Azərbaycan əks qütbdə duran Çinlə münasibətlərini dərinləşdirməyi lazım bilir. Əslində isə Qərb Azərbaycanı Cənubi Qafqazda mövqelərini gücləndirmək üçün Qərbə qarşı Çin faktorundan yararlanmağa təhrik edir...

Müəllif vurğulayır ki, Çin və İranla yaxınlaşma Azərbaycanın manevr imkanlarını artırır. Bu isə Zəngəzur dəhlizinin açılmasına təkan verir. Qos-qoca Paul Goble belə yazır: “Ermənistan çox güman ki, öz ərazisindən keçən ticarət dəhlizlərinə həm Çin, həm də İranın dəstəyini itirəcək, bunun əvəzinə həm Tehran, həm də Pekin Azərbaycandan keçən marşrutlara üstünlük vermək üçün Moskvaya qoşulacaq. Belə bir dəyişiklik İrəvanı Bakı və digərləri ilə danışıqlarda daha da zəiflədəcək”...

Məqalədə o da vurğulanır ki, Moskva ona da ümid edir ki, Çin və İranla yaxınlaşan Azərbaycanı anti-Qərb koalisiyasına qoşa biləcək.

Mən əminəm ki, Azərbaycan heç vaxt anti-Qərb koalisiyasında yer almayacaq. Çünki bu, Azərbaycana qətiyyən lazım deyil. Azərbaycan dünyanın fərqli siyasi mərkəzləri ilə öz dövlət maraqlarını müdafiə etmək üçün çoxgedişli siyasi kombinasiyalar həyata keçirir. Və bu siyasət Azərbaycana uğur gətirir.

Zatən, hörmətli Paul Goble da bu həqiqəti etiraf edir: “Bütün bunlara baxmayaraq, (yəni Çin və İranla yaxınlaşmağa baxmayaraq) Bakı demək olar ki, öz fəaliyyət azadlığını qoruyub saxlamağa çalışacaq”...

Azərbaycanın yeritdiyi xarici siyasət zərgər dəqiqliyi ilə həyata keçirilir. Mən öz payıma bu siyasəti alqışlayıram. Təəssüf doğuran odur ki, xarici siyasətdə bu qədər uğur qazanan bir iqtidar daxili siyasətdə biabırçı gedişlər edir. Belə təəssürat yaranır ki, Azərbaycanın xarici siyasətiniə intellektuallar, daxili siyasətini isə cahillər nəzarət edir...

Elbəyi Həsənli

visiontv.az