Azər Allahverənov DMX-nin elektron resurslarının təkmilləşdirilməsi ilə bağlı təkliflər verib
04.05.2021

Dövlət Miqrasiya Xidməti yanında Məşvərət Şurasının növbəti onlayn iclası keçirilib. İclasa Azərbaycanda fəaliyyət göstərən sahibkar təşkilatlarının, işəgötürənlərin assosiativ birliklərinin və iri şirkətlərin nümayəndələri qatılıb.

Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov Xidmətin fəaliyyətində sahibkarlarla dialoqun inkişafına xüsusi önəm verildiyini, özəl sektorun inkişafı, innovativ metodların tətbiqinin daim gündəmdə saxlanıldığını bildirib. Sahibkarlara göstərilən xidmətlərin sadələşdirilməsi və keyfiyyətinin artırılması istiqamətində reallaşdırılan layihələrin əhəmiyyətindən danışıb.

Məşvərət Şurası ilə birgə əməkdaşlığın bütün tərəflər üçün faydalı olduğunu diqqətə çatdıran Vüsal Hüseynov həmçinin vurğulayıb ki, dövlət-özəl sektor əməkdaşlığının əhəmiyyəti pandemiya müddətində daha da artıb. Pandemiyanın ölkəmizdə yaşayan, işləyən miqrantlara təsirlərinin minimuma endirilməsi, eləcə də əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin qanunsuz vəziyyətə düşmələrinin qarşısının alınması, məqsədilə Xidmət tərəfindən bir sıra güzəştlər həyata keçirilib. Elektron xidmətlərin sayı artırılıb, bununla da belə müraciətlərdə 8.5 dəfə artım qeydə alınıb.

Görüşdə Dövlət Miqrasiya Xidmət yanında Məşvərət Şurasının nümayəndələri bir sıra məsələlərə dair fikirlərini bölüşüblər.

Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın və "Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması" İctimai Birliyinin sədri Azər Allahverənov keçirilən görüşlə bağlı bildirib ki, geniş müzakirə şəraitində təşkil olunan tədbirdə Xidmətin elektron resurslarının təkmilləşdirilməsi ilə bağlı bir sıra təkliflər irəli sürülüb.

"Təklif etdim ki, əmək kvotası ilə bağlı saytda verilən bölmədə həm də verilən kvotaların ölkələr üzrə bölgüsü göstərilsin,  əcnəbiləri işə cəlb edən özəl müəssisələrin məsul  şəxsləri üçün elektron qaydada iş icazələrinin alınmasına dair elektron resurslardan istifadə mövzusunda silsilə təlimlər keçirilsin,  sənədlərin elektron qaydada doldurulması zamanı yarana biləcək texniki xətaların operativ qaydada aradan qaldırılması üçün birbaşa onlayn müraciət (bələdçi) funksiyası istifadəyə verilsin. Bununla yanaşı, tədbir iştirakçılarına Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 11 iyun tarixli 199 nömrəli Qərarı ilə təsdiq edilmiş “Koronavirus (COVID-19) pandemiyası dövründə Azərbaycan Respublikasında uçuşların və hava nəqliyyatı ilə sərnişin daşımalarının təşkili üzrə müvəqqəti Qaydalar”da dəyişiklik edilməsi və bu bundan irəli gələrək, əcnəbilər də daxil olmaqla, hava nəqliyyatı ilə ölkə ərazisinə gələn istənilən şəxs tərəfindən hələ hava gəmisində olarkən doldurulmuş “Özünütəcrid barədə Bəyannamə”nin pasport nəzarətindən keçərkən təqim olunması barədə məlumat verdim", deyə Azər Allahverənov bildirib.