Təbrizin Vadi rəhmət qəbristanlığında 2022-ci il noyabrın 16-da hökumət məmurlarının güllələyərək öldürdüyü gənc həkim Aylar Həqqinin anım mərasimi keçirilib.
Bununla bağlı yerli sosial media şəbəkəsində məlumatlar yayılıb.
A.Həqqinin ailə üzvləri, müxtəlif bölgələrdən gələn mədəni və milli fəallar onun məzarını ziyarət ediblər.
Aylar Həqqi, 1999-cu il sentyabrın 11-də Şərqi Azərbaycan əyalətinin Məlkkəndi (Məlikan) şəhərində anadan olub.
Sonradan ailəsi ilə birlikdə Təbrizə köçən Aylar Həqqi, təhsilini burada davam etdirib və İslam Azad Universitetinin Təbriz Tibb Elmləri Bölməsinə daxil olub.
2022-ci ilin sentyabr ayından İranda başlayan etiraz aksiyalarında iştirak edən Aylar Həqi, həmin il noyabr ayının 16-ı axşam saatlarında hökumət məmurları tərəfindən öldürülüb.
Hadisə şahidlərinin bildirdiyinə görə, o, hökumət qüvvələrinin nümayişçilərə qarşı zorakılığı və güc tətbiq etməsindən sonra binalardan birinə sığınıb.
Etirazçıları təqib edən bir neçə məmur onun ardınca binaya girib və Aylar Həqqinin başından güllələdikdən sonra onu oradan aşağı atıblar.
Ağır bədən xəsarətləri alan gənc öyrənci hadisə yerindəcə həyatını itirib.
Onun ailəsinin istəyinə baxmayaraq, A.Həqqinin doğma şəhəri Məlikkəndində dəfn olunmasına icazə verilməyib və o 18 noyabrda Təbrizin Vadi Rəhmət qəbristanlığında torpağa tapışırılıb.
Həqqinin 40 mərasimində izdiham yaşanıb, hökumət qüvvələri izdihamı dağıtmaq üçün güc tətbiq edib, onlarla mərasim iştirakçısı həbs edilib.
visiontv.az