Avstraliyanın addımı İranın qlobal imkanlarını məhdudlaşdıracaq
08.12.2025

ABŞ Dövlət Departamenti farsdilli “X” hesabında Avstraliyanın SEPAH-ı “terrorizmin dövlət sponsoru” kimi tanıması qərarını alqışlayıb. Departament bildirib ki, İran “dünyanın ən böyük terrorizmin dövlət sponsoru” olaraq qalır və SEPAH-ın Qüds qanadı vasitəsilə Hizbullah, HƏMAS və digər qrupları maliyyələşdirərək qlobal səviyyədə çoxsaylı hücumlara rəhbərlik edib.

Açıqlamada qeyd olunub ki, Avstraliyanın qərarı İran rejiminin və onun nümayəndələrinin terror hücumları planlaşdırmaq və xüsusilə dünya üzrə yəhudi icmalarına qarşı fəaliyyətlər üçün vəsait toplamaq imkanlarını məhdudlaşdıracaq.

ABŞ Trampın “İrana maksimum təzyiq” siyasəti çərçivəsində Avstraliya kimi tərəfdaşlarla əməkdaşlığı davam etdirəcəyini bildirib və digər ölkələri də İran rejimini məsuliyyətə cəlb etməyə çağırıb.

visiontv.az