ANAMA-nın ortaya qoyduğu fakta Moskvanın reaksiyası son dərəcə önəmlidir - Ərəstun Oruclu
ANAMA-nın ortaya qoyduğu fakta Moskvanın reaksiyası son dərəcə önəmlidir - Ərəstun Oruclu
01.04.2021 Ərəstun Oruclu Tərəfindən

Dünən Azərbaycan hakimiyyətinə yaxın internet resurslarından biri Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mühüm bir məlumatını yaydı. Agentliyin Şuşada çalışan əməkdaşları martın 15-də "İskander" raketinin üzərində 9М723 identifikasiya kodu olan qalıqlarını tapıblar. (link şərhdə)

Amma bu tapıntı Azərbaycan ərazisinə "İskander" raketləri atılıbmı sualına aydınlıq gətirməklə yanaşı, həm də xeyli yeni suallar doğurur. Belə ki, həmin identifikasiya kodu Şuşaya atılmış "İskanderin" Э deyil, M tipli raketə aid olmasını göstərir. Belə raket isə Ermənistanda yoxdur və olmayıb.

Rusiya istehsalı olan "İskanderin" Ermənistana satılmış versiyası Э (экспорт) olub, M tipli "İskanderlər" isə yalnız Rusiyanın arsenalındadır. Belə olduğu halda Şuşaya raketi kimin atması sualının cavabı da öz-özünə tapılmış olur. Amma bunun ardınca Bakı üzərində vurulmuş "İskanderin" haradan atılması sualı da üzə çıxır.

Bunun da cavabı prinsipcə bəllidir, çünki "İskander Э" raketinin maksimum uçuş məsafəsinin 250-280 km arası olması onun hətta Qarabağdan atılmasını istisna edir. Unutmayaq ki, noyabrın 10-da Azərbaycan Ordusu artıq Qarabağın xeyli hissəsinə nəzarət edirdi ki, bu da Bakıdan ən azı 300-330 km-lik məsafə demək idi.

Məlumatlı mənbələr İkinci Qarabağ Savaşı dövründə Azərbaycan ərazisinə bir neçə "İskander" atıldığını və onlardan 5-6 ədədinin havada zərərsizləşdirildiyini bildirsələr də hələlik bu haqda rəsmi məlumat yoxdur.

Amma baxır nəyi rəsmi məlumat saymaq olar. Məsələn, Paşinyanın bu raketlərlə bağlı ilk bəyanatı həmin məlumatla təxminən üst-üstə düşür.  Demək, düşmən ölkənin baş naziri bir o qədər də yalan danışmamışdı. Onun bəyanatına Rusiyanın isterik reaksiyası da Paşinyanın haqlı olmasına işarə kimi qəbul edilə bilər.

Qalır məsələni dərindən araşdırmaq və bunun üçün də ANAMA-nın ortaya qoyduğu və müvafiq foto ilə təsdiqlənən fakta Moskvanın reaksiyası son dərəcə önəmlidir. Moskva isə hələlik susur.

Visiontv.az