Amerika Rusiyaya başa salır ki, sənə heç nədən pul xərclədirəm - Azər Qasımov
16.04.2021

Amerika Rusiyanın Ukraynaya qarşı yığdığı ordunun onun iki hərbi gəmisinə bərabər olduğunu Qara dənizə girmədən belə sübut etdi. Onsuz da, bu iki gəminin gəlişi nəyisə dəyişməyəcəkdi. Nə də bu gəmilər geniş miqyaslı müharibə üçün gəlmirdi.

Məqsəd Rusiyanı daha çox hərbi qüvvəsini Ukrayna ilə sərhəddə daşımasına təhrik etmək idi, ona da nail olundu. Rusiyanın tankının, topunun olduğunu guya kim bilmirdi ki?

İki ordu, üç hərbi birliyin-40 mindən çox əsgər və hərbi texnikanı ora-bura daşımaq milyonlarla vəsait deməkdir. Bu vəsait xalqın boğazından kəsilən pullardır.

Gərginlik uzun müddət qalacaqsa, bu ancaq Rusiyaya pul xərclətmək məqsədi ilə qalacaq.
Amerika Rusiyaya başa salır ki, sənə heç nədən pul xərclədirəm, sakit durmasan, bu, başlanğıc olacaq.

Sanksiyaların tətbiqi də bunu sübut edir. Amerikanın Rusiya ilə açıq müharibəyə girmək fikri yoxdur.

Həqiqətən Rusiya hakimiyyətinin siyasi ağlının dayaz olduğu hər hərəkətindən görünür. Özünü ciddi dövlət kimi apara bilmir. Tankın, topun heç nəyi həll etmədiyini hələ də başa düşməyib. Türkiyə qarşısında bir SİHA ilə hərbi baxımdan aciz vəziyyətə düşən Rusiyanın Amerikaya güc nümayiş etdirməsini özünün böyük olduğunu hamıya sübut etmək istəyən, amma buna istehza ilə yanaşanlara da məni də böyük hesab etməlisiniz ədası ilə yanaşmaq istəyi açıq görünür.

Böyüklük tək tankla, topla olmur. Böyük olmaq üçün böyük iqtisadiyyatın olmalıdır. Bir iqtisadiyyat ki, kiminsə verdiyi qərardan asılıdır, onda sənin böyüklüyün ancaq xəritə üzərində ola bilər.

Visiontv.az