Almaniya mətbuatı və höküməti nədənsə ona aid olan şirkətin ekoloji terror fəaliyyətinə göz yumur
Almaniya mətbuatı və höküməti nədənsə ona aid olan şirkətin ekoloji terror fəaliyyətinə göz yumur
07.07.2021 Hikmət Babaoğlu Tərəfindən

“Ermənistan uzun illərdir ki, Azərbaycana qarşı ekoloji terror siyasəti həyata keçirib. Bu həm işğal altında saxladığı torpaqlarımızda həm də transərhəd çaylarımızda baş verib. Cəzasız qaldığı illər ərzində ekoloji terror siyasətini bir sistem halına gətirib və Azərbaycana külli miqdarda ziyan vurub”.

Visiontv.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

Hikmət Babaoğlu bildirib ki, Ermənistanın bu əməllərinin öz hüquqi qiymətini alacağı və mütləq cəzalandırılacağı şübhəsizdir. Ancaq bu məsələnin yalnız bir tərəfidir. Başqa mühüm bir tərəfi isə odur ki, terrorçu dövlət bu cinayəti tək törətməyib və bu işdə Avropadan olan bəzi ölkələrin timsalında özünə cinayət ortağı da tapıb. Məsələn, Almaniyanın CRONIMET Holding GmbH şirkəti Zəngilan rayonu ərazisindən keçən Oxuçayın çirkləndirilməsi, çay hövzəsinin flora və faunasının məhv edilməsi işində Ermənistanın yaxın ortağı olub. Beləliklə, iki ortağın dağ-mədən şirkətlərinin cinayətkar fəaliyyəti Oxuçayda fəlakətli vəziyyət yaradıb.

Millət vəkilinin sözlərinə görə, başqa vaxt insan hüquq və azadlıqlarından həvəslə bəhs edən, hətta zaman-zaman qərəzli olaraq Azərbaycanı bu məsələlərdə qınayan Almaniya mətbuatı və höküməti isə nədənsə ona aid olan şirkətin ekoloji terror fəaliyyətinə göz yumur: “Azərbaycan mətbuatının məsələ ilə bağlı çaldığı həyəcan təbilini eşitməzlikdən gəlir. Almaniyanın Azərbaycandakı səfiri sanki məsələni örtbasdır etməklə icimai gündəmdən çıxarmağa çalışır. Bu ölkənin Yaşıllar Partiyası isə ümumyyətlə mövzu ilə bağlı mövqe bildirməyə belə lüzum görmür. Deməli, belə nəticə hasil olur ki, Almaniyada demokratiya da, insan hüquqları da, ekoloji siyasət də yalnız almanların mənafeyi baxımından lazımlı olanda əhəmiyyətli olur. Başqa digər hallarda isə Almaniyadan kənarda hətta belə cinayətlərə ortaq olmaq pis əməl sayılmır. Bu azmış kimi Almaniya mətbuatı Azərbaycana qarşı çəkindirici vasitə kimi məsələni gündəlikdən çıxarmaq üçün hələ bir informasiya terroru da həyata keçirir. Bütün bunlar Qərbin riyakar siyasətinin bariz nümunələridir. Ancaq  Azərbaycan mütləq belə hərəkətlərin qiymətləndirilməsinə və cəzalandırılmasına nail olacaq”.