Almaniya haqqında bəlkə də heç yerdə oxumadığınız bir neçə maraqlı fakt - Elman Sadıqov
Almaniya haqqında bəlkə də heç yerdə oxumadığınız bir neçə maraqlı fakt - Elman Sadıqov
07.01.2021 Elman Sadıqov Tərəfindən

- Almaniya kimya və maşınqayırma daxil olmaqla ağır sənayesinin ən çox inkişaf etdiyi ölkə olmasına baxmayaraq ekoloji cəhətdən dünyanın inkişaf etmiş ölkələri arasında ən təmiz ekologiya və havasına malik olan ölkədir;

- Dünya ölkələrinin 80%-i böyük şəhər problemini həll edə bilmirlər. New-York, Tokio, Mexico, İstanbul, Moskva və sair. Almaniya dünyanın yeganə inkişaf etmiş ölkəsidir ki, bu məsələni həll etmiş, gözəl diversifiyasiyaya malikdir. Əhali 1-2 şəhərdə cəmləşməmişdir. Berlin, Ştutqart, Frankfurt, Münxen, Hamburq və sair. Bu inkişaf etmiş ölkələrin belə qibtə etdikləri böyük nailiyyətdir;

- Deutsche Bank, Commerzbank, KfW kimi dünya səviyyəli bankların, Sparkasse (əmanət bankıdır) kimi böyük filial şəbəkəsinə malik bankın olmasına baxmayaraq Almaniyada bank və kredit təşkilatlarının sayı 1800-dür. Kiçik və orta sahibkarlar, o cümlədən fiziki şəxslər böyük bankların deyil, kiçik və orta bankların xidmətlərindən istifadə edir;

- Kiçik və orta sahibkarlıqdan söz düşmüşkən. Mercedes, BMW, Audi, Volkswaqen, Opel kimi avtomobillər istehsal edən, Siemens, Bosch və sair dünya markaları və böyük istehsala malik ölkədə kiçik və orta sahibkarlığın payı 65%-ə çatır; (ciddi iqtisadçılar bunun nə demək olduğunu yaxşı bilirlər).

- Almaniyada ictimai nəqliyyat, poçt və xidmət sektoru o dərəcədə inkişaf etmiş və mükəmməl səviyyədədir ki, Fransa yaxın 10 ildə özünün ictimai nəqliyyat sistemini Almaniyanın indiki vəziyyətinə çatdırmağı hədəfləyib; (Vurğulayıram ki, Fransa. Hər hansı 3-cü dərəcəli ölkə yox);

- Qəribədir, ya yox (alman dəqiqliyi burada da özünü göstərir) sistemin ən güclü işlədiyi ölkələr almanların çoxluq təşkil etdiyi və ya nüfuz dairələri altında olmuş ölkələrdir: Almaniyadan sonra Avstriya, İsveçrə, Hollandiya, Belçika və sair.

- Yaponiya özünün iqtisadi inkişafında Almaniyanı nümunə götürüb. 1870-ci illərdə Yaponiyanın ticarət naziri 3 aylıq səfərdə olub (o vaxtlar nəqliyyat indiki qədər sürətli olmadığı üçün yolda çox vaxt keçirməyə məcbur olub). Bir neçə həftə Almaniyada yaşamış və ixrac yönümlü iqtisadiyyatın Yaponiyanın gələcəyi ola biləcəyi qərarına gəlmişdir. Yaponiya texnologiya və elektronika sahəsində Alman sistemini tətbiq etmiş və Yapon elektronika və texnologiyası Cənubi Koreya başda olmaqla bir çox ölkələrdə bu sahənin inkişafı üçün məktəbə çevrilmişdir. Bu məktəbin mənbəyi isə Almaniya sistemindən bəhrələnmək olmuşdur;

Uzun yazmıram ki, oxucuları yormayım. Mən ÜDM, valyuta ehtiyatı, neçə onilliklərdir ki, ticarət balansında davamlı müsbət saldo və internetdə hər yerdə rahatlıqla əldə edilən informasiyalara toxunmuram.

P.S. Almaniyada avtomobil bizdən 2-3 dəfə ucuzdur....

Visiontv.az