Almaniya geosiyasi oyunçu kimi Türkiyənin ön plana çıxmasını həzm edə bilmir
Almaniya geosiyasi oyunçu kimi Türkiyənin ön plana çıxmasını həzm edə bilmir
31.03.2021 Sahib Alıyev Tərəfindən

Belə bir reallğın yaranmasında Azərbaycanın Vətən savaşında qazandığı qələbənin müstəsna rol oynadığını bildiklərindən bizə qəzəblidirlər.

"Almaniyanın Azərbaycana qarşı atdığı addımlar onların məntiqindən çıxış etsək tam anlaşılandır.  Ölkəmizin işğalçı Ermənistan üzərində qələbə çalaraq regionda geosiyasi reallığı dəyişməsi qardaş Türkiyəni çıxmaqla böyük dövlətlərdən heç birinin ürəyindən deyil. Amma bəziləri çevik hərəkət edərək öz siyasətlərini  yaranmış bu reallığa uyğun qurur, digərləri isə Fransa sayağı davranırlar". Bu fikirləri Milli Məclisin deputatı Sahib Alıyev visiontv.az saytının müxbirinə verdiyi ekskluziv müsahibədə bildirdi. Müsahibəni diqqətinizə çatdırırıq.

-Almaniya mətbuatında və bəzi siyasi dairələrində Azərbaycan qarşı mənfi münasibətin səbəbi nədir?

-Almaniyanın Azərbaycana qarşı atdığı addımlar onların məntiqindən çıxış etsək tam anlaşılandır.  Ölkəmizin işğalçı Ermənistan üzərində qələbə çalaraq regionda geosiyasi reallığı dəyişməsi qardaş Türkiyəni çıxmaqla böyük dövlətlərdən heç birinin ürəyindən deyil. Amma bəziləri çevik hərəkət edərək öz siyasətlərini  yaranmış bu reallığa uyğun qurur, digərləri isə Fransa sayağı davranırlar. Təəssüf edirəm ki, Azərbaycanın işğal altındakı torpaqlarına yanaşmada uzun zaman qərbdəki bir çox dövlətlərdən, o sıradan elə həmən Fransadan fərqli, nisbətən ədalətli, beynəlxalq normalara uyğun mövqe sərgiləyən Almaniya indi  onlardan daha çox separatçılara və hay nasistlərinə dəstək xarakteri daşyan davranışlara yol verir.

Bilirisiniz, nasizmdən yəhudilərdən, slavyanlardan və Hitler Almaniyasının törətdiyi vəhşiliklərlə üzləşən digər xalqlardan da daha çox zərər görən, hələ də onun ağrısını çəkən mənim fikrimcə, elə almanlar özləridir.

Ona görə də nasizmin iyrənc olmaqla yanaşı o xəstəliyə yoluxanların  özü üçün hansı fəlakətlərə yol açdığını  hamıdan yaxşı bilən Almaniya hay nasisitlərini revanşizmə həvəsləndirən addımlar atmaq əvəzinə onları bu mərəzlərindən qurtulmağa, Azərbaycana, Türkiyəyə yanaşmada düşmənçiliyə son qoymağa, qarşılıqlı faydaya dayanan regional əməkdaşlığa çağırmalıdır.

Amma Almaniyanın Azərbaycandakı səfiri cənab Maninq verdiyi müsahibədə Qarabağdakı ermənilərin öz müqəddəratlarını təyin etmək haqlarından dəm vurur.  Soruşmaq ayıb olmasın, bəs onda bavarlara bu haqq niyə verilmir? Bavariyanın iqtisadi potensialı Qarabağdakı uydurma qurumu demirəm, bütövlükdə Ermənistanınkından bəlkə də yüz, əhalisinin sayı isə əgər real faktdan çıxış etsək, 6 dəfə  çoxdur. Və söhbət Almaniya Federasiyasının o üzvündən gedir ki, onu rəsmi adında “Azad Dövlət” sözü var. Bavariya rəsmən Azad Bavariya Dövləti adlanır. Və bunun da səbəbi var. Bavariya zor gücünə Almaniyanın tərkibinə qatılanda ona öz ordusunu, müstəqil vergi sistemini və suveren dövlətə xas bir sıra atributları qoruyub saxlama izn verilmişdi. Ad qalsa da, bu gün onlar yoxdur. Ona görə də o zaman alman şairi və mütəfəkkiri Göte bildirirdi ki,  Bavariya hələ Avstriya deyil, amma Almaniya da deyil.

Bəli,  katolik Bavariya uzun zaman protestant Almaniyanın tərkibindən çıxaraq Avstriya ilə birləşmək arzusunda olub. Daha dəqiqi bavarlar özləri kimi katoliklərin yaşadığı  Avstiyanın Bavariyaya birləşdirilməsini istəyiblər. Əslində Hitlerin «Anschluss»u, yəni Avstriyanı ilhaqı bavarların bu arzularının imperilistcəsinə reallaşdırılması idi.

Və əgər müstəqillik arzusunda olan milli azlıqlardan söhbət gedirsə, Almaniyada sayları təqribən Qarabağdakı ermənilər qədər olan slavyanlar-lujiçlər yaşayırlar. Və onlar Azərbaycan torpaqlarına köçürülən haylardan fərqli olaraq avtoxtondurlar.
Həmən lujiçlər hələ 1919-cu ildə Versal konfransına qatılaraq Çexiyaya birləşmək istədiklərini bildirdilər, amma səsverməyə buraxılmadılar.

Almaniya birləşəndən sonra 1990-cı ilin oktyabrında da yenə yaşadıqları Lujitsaya( almanlar Lausitz adlandırır) muxtar status verilməsini istəsələr də, istəkləri yerinə yetirilmədi.  İndi 40 min slavyanın yaşadığı Yuxarı Lujitsa Saksoniya, 20 min lujiçin olduğu Aşağı Lujitsa isə Brandenburqun tərkibindədir. Yəni Almaniyasayağı hərəkət etməl olsaq, biz də ermənilərin Qarabağın daha yuxarı hissəində yerləşən yaşayış məskənərini Şuşa rayonun, aşağı hissədə yerləşənləri isə Ağdamla Tərtərin tərkibinə qata bilərik. Bu da olar tam qərb və Almaniya standartı.

-Azərbaycana qarşı bu mənfi münasibətlər Merkeldən sonra da davam edəcək, yoxsa müvvəqqəti təzyiqdir?

-Bilirsiniz, bu Merkellə və yaxud da Almaniyanın başında duran, duracaq hər hansı bir siyasətçi ilə bağlı məsələ deyil. Qərb və onun əhəmiyyətli bir paçası sayılan Almaniya da regionda əsas geosiyasi oyunçu olaraq Türkiyənin onlardan daha ön plana çıxmasını həzm etmək istəmir, belə bir reallğın yaranmasında Azərbaycanın Vətən savaşında qazandığı qələbənin müstəsna rol oynadığını bildiklərindən bizə qəzəblidirlər. İmperialist çevrələrə yanaşmada səhv etmirəmsə, Mahatma Qandinin  indiki reallıq üçün də keçərli sözləri var: “Əvvəl onar səni görməzdən gəlirlər, sonra ələ salırlar, sonra sənə qarşı çıxırlar, sonda sən qələbə çalırsan”. Yəni ki, sənin varlığını həzm edirlər.

Bax, həmən imperilaist çevrələr  torpaqlarımız işğal olunanda bizim harayımızı görməzdən gəldirlər. Sonra danışıqlar xatirinə danışıqlar təşkil etməklə ələ saldılar.  Siz yəqin “The International Conflict Resolution Center” saytında Minsk qrupunun həmsədri olaraq ABŞ-ı təmsil etmiş Riçard Hoqlandın məqaləsiylə tanışsınız. Həmən məqalədən iki fikri olduğu kimi diqqətinizə çatdırıram. Hoqland yazır: “Biz beşulduz otellərdə, özəl yeməkxanaya giriş haqqı verilən, barlardan heç bir əlavə xərc çəkmədən faydalanıla bilən mötəbər adamların yerləşdirildikləri mərtəbələrdə qalırdıq. Ən yaxşı restoranlarda yeyirdik. Amma açığını desək, həddən artıq az nəticə əldə edilmişdi”.

Hər ay yarımdan bir bizim regiona, Moskvaya və Avropa paytaxtlarına Minsk qrupuna həmsədrlik edən ölkələrin təmsilçiləri olaraq  oxşar turist səfərləri etdiklərini bildirən Hoqland baxın “Lavro planı” haqda nə yazır: “ Plan açıqlananda mən nəcib həmkarım rusiyalı həmsədr Popovdan soruşdum ki, əgər İrəvan və Bakı razılaşıb bir-birinə güzəştə getsələr, Kreml onu reallaşdırmaq istəyəcəkmi. Onun açıq cavabı belə oldu ki, “əlbəttə yox”. Onda mən anladım ki, Dağlıq Qarabağ Ermənistanla Azərbaycan arasındakı ikitərfli problem deyil, Rusiyanın aparıcı və bəlkə də həlledici rol oynadığı üçtərəfli məsələdir”.

Fikir verirsinizmi, həmsədrlik edən və aparılan danışıqların bütün incəliklərindən xəbərdar olan Hoqland nə deyir. O deyir ki,  münaqişənin həlliylə bağlı bizim özümüzün hazrılayıb təqdim etdiyimiz planlar yerinə yetirilmək yox, gözə kül üfürmək üçün idi. Azərbaycanla Ermənistan onunla razılaşdıqları halda belə onlar reallaşmayacaqdı. Ən azından Rusiya buna razı olmayacaqdı. İndi anlaşıldımı ki, Minsk qrupu həmsədrləri “məsələ ancaq sülh yoluyla həll edilməlidir” açıqlamasını mantra kimi təkrarlayarkən və guya bunun üçün planlar təqdim edərkən baş aldadır,  daha sərt desək, sadəcə bizi ələ salırdlar. Bununla da Azərbaycana öz torpaqlarını savaş yoluyla geri qaytarmaqdan başqa ayrı yol buraxmırdılar.

Cənab İlham Əliyevin sözün hər anlamında  Ali Baş Komandanlığı altında onların mantralarını işğalçı ordunun məhv edilən hərbiçiləriylə birgə  hara lazımdır ora göndərərək  biz torpaqlarımızı geri qaytardıq. İtiklərimiz oldu, Allah qəni-qəni rəhmət etsin hamısına, şəhidlər verdik, şəfa diləyirəm, xeyli yaralılarımız, ağır xəsarət alanlarımız var,  amma Qarabağda düşmənin burnunu əzdik. Əzdik və geosiyasi reallığı dəyişdik.

Yəqin cənab Prezidentin Türkiyə hərbçilərinin Ağdamdakı birgə monitorinq mərkəzində olmalarıyla bağlı açıqlmasını xatarlayırsınız. Cənab Prezident nə deyir, deyir ki, bu Türkiyə Silahlı Qüvvələrinin Azərbaycanda və regionda olması deməkdir. Bax qərbdəki bir çox dövlətləri, o sıradan da Almaniyanı qıcıqlandıran budur. Ona görə Azərbaycan əleyhinə hərəkətlərə yol verirlər. Amma bu da keçəcək. Və Mahatma Qandinin təbrincə desək, biz onların da üzərində qələbə çalaçağıq. Yəni Azərbaycanın yaratdığı reallıqla kec-tez barışmalı olacaqlar. Çünki bizim onlardan demək olar ki,  asılılığımız yoxdur. Az-çox varsa da, bu qarşlıqlıdır və hətta tərəzinin gözünə qoysaq, onlarınkı daha ağır basar.

-Almaniyanın bu hərəkətlərində erməni diasporasının rolu nə dərəcədədir?

-Almaniya Qərbin böyük dövlətləri içərisində hay diasporunun elə də güclü olmadığı ölkələrdəndir. Amma mən bunu dəfələrlə demişəm ki, erməni lobbisi deyilən anlayışın araxasında hayların marağı aysberqin ancaq görünən tərəfidir. Hətta hay diasporunun çox güclü olduğu ölkələr  belə xırda şeyləri nəzərə almasaq, önəmli məsələrədə heç zaman onların diqətisiylə hərəkət etmir və edə də bilməz. Onların bütün haypərəst həkətləri doğru ya yanılış fərqi yoxdur, ilk növbədə öz siyasətləridir. Əslində Ermənistan guya bir dövlət olaraq necə alət kimi istifadə edilirsə, hay diasporu da eyni funksiyanı yerinə yetirir. İmperialist çevrələr hay  diasporundan da alət kimi istfadə edir, bəzən bilərəkdən öz siyasətlərini onların adlarına çıxırlar.

İlahə Əliyeva

visiontv.az