Tez-tez ziyalıların dilindən belə sözlər eşidirik "ağlın fövqündə", "ağlın dərk etmədiyi", "ağılla izah olunmayan" və s.
Mədəniyyət tarixiylə yaşıd olan ibtidai ifadələrdir. Üç min il bundan əvvəl çox şey ağlın fövqündəydi. Bu gün isə hamısı ağlın istismarındadır. Bu gün də ağlın dərk etmədiyi şeylər gələcəkdə ağlın əlinin altında olacaq.
Ağlın fövqündə olan nədir? Təsəvvür! İnsan təsəvvürü də ağlının gücüylə yaradır. Ağıl olmasa təsəvvür də olmaz. Yəni ağıl olmasa onun fövqü də olmaz.
Fövqünün var olduğu düşüncəsini yaradan da ağlın özüdür. Ağlın alt, orta, üst səviyyələri var. Ağıl işə instinktlərin idarə olunmasıyla başlayır, müdrikliyin azadlığıyla son qoyur. Çoxluq ağlın alt səviyyəsindən istifadə edir, bu səviyyə sirlərlə, sehirlərlə doludur.
Ağlın fövqü dediyimiz ərazi müdrikin azadlıq zonasıdır. Müdriklərin dünyası ideyalar aləmidir. Elm bu ideyaları müdrikdən alır və praktikləşdirir.
Məsələn, müdrik eşitdiyi kənar səsə vəhy deyir. Amma fəlsəfə professoru mərhum Niyazi Mehdi kitablarının birində ölməkdə olan dilləri öyrənən Kaufmandan belə bir sitat gətirir ki, bəzən sağ beyin də sol beyin kimi danışıq mərkəzi olaraq işləyə bilir və bu zaman insan sol beynindəki səsi özünün, sağ beynindəki səsi isə, məsələn, tanrının, ilham pərisinin, nə bilim, cinin, xortdanın səsi kimi qavrayır.
Demək istədiyim odur ki, ibtidai tənifata arxalanıb "ağlın fövqündə", "ağlın dərk etmədiyi" və s. kəlmələri əminliklə söyləmək ağlın alt səviyyəsi üçündür.
Ağlın üst səviyyəsində belə bir əminlik yoxdur. Çünki ağlın fövqü deyə bir yer varsa, o da ağlın axtarış apardığı yerdir. Ruh, qəlb, ürək və s. hamısı ağlın gətirəcəyi xəbərin yolunu gözləyir.
Aqşin Yenisey
visiontv.az