"Ağıllı şəhər” konsepsiyasında real infrastrukturun vəziyyəti nəzərə alınmalıdır - Elvin Abbasov
"Ağıllı şəhər” konsepsiyasında real infrastrukturun vəziyyəti nəzərə alınmalıdır - Elvin Abbasov
09.03.2021 Elvin ABBASOV Tərəfindən

“Ağıllı şəhər” dedikdə 4-cü Sənaye İnqilabının bütün elementlərinin cəmini düşünə bilərik. Hər bir “Ağıllı şəhər” layihəsi yaşayış mühitinə görə formalaşmalıdır". Visiontv.az xəbər verir ki, bunu “Report”a açıqlamasında “Ağıllı şəhər” konsepsiyasını şərh edən İKT mütəxəssisi Elvin Abbasov deyib.

Onun sözlərinə görə, bir çox hallarda belə konsepsiyaların təqdim edilməsi zamanı real infrastrukturun vəziyyəti nəzərə alınmır: “Ağıllı şəhər” konsepsiyasına istənilən ölçüdən baxa bilərik, amma reallığı nəzərə alaraq ölkənin mövcud infrastrukturuna görə optimal və təkmilləşdirilə bilən bir konsepsiya hazırlanmalıdır.

Xarici təcrübəni “Tətbiq etmək” termini isə kökündən səhv hesab oluna bilər. Hər bir ölkənin özünəməxsus infrastrukturu var. Ağıllı idarəetmə dedikdə əsas bu infrastukturların elektron qaydada bir-biriləri ilə ünsiyyəti və mərkəzi formada idarəedilməsi nəzərdə tutulur. Bu, bir şəhər də ola bilər, kənd də! Hətta kiçik bir xüsusi sahəni də ağıllı idarə etməyə çevirmək mümkündür. Biz xarici təcrübəni araşdırıb, öyrənib, mənimsəyib, öz mühitimizə uyğun yenidən dizayn etməliyik. Çünki uğursuz layihələr ən çox başqa təcrübəni olduğu kimi tətbiq etməklə başlayır.

Nəticədə bütün bu “Ağıllı şəhər”, kənd, həmçinin elektron dövlət xidmətləri və digər ağıllı idarəetmə sistemlərinin ideyasının əsas prinsipi dövlət qurumları və özəl sektor xidmətlərinin bir mərkəzdə birləşdirib vətəndaşa elektron xidmət yaratmaqdır”.

Ekspert hesab edir ki, “Ağıllı şəhər”ləri qurmazdan öncə mövcud vəziyyət təhlil edilməlidir: “Hədəflər və strategiyalar dəqiqləşdirildikdən sonra aidiyyəti dövlət qurumları həmin ağıllı şəhər layihəsinə görə avadanlıqlarını və proqram təminatlarını yeniləməlidir. Xarici təcrübəni tətbiq etmək yox, öyrənmək, mənimsəmək lazımdır”.

Onun sözlərinə görə, “Ağıllı şəhər”lər qurulan ərazilərdəki kommunal sektorun sayğacları daha müasir və avtomatlaşdırılmış olmalıdır: “Yeni yaranacaq “Ağllı şəhər”lərdə “Azərişıq”, “Azərsu” ASC-lər və “Azəriqaz” İB və suvarılan torpaqların ödəməsinə baxan Sudan İstifadəçilər Birliklərinə (SİB) ayrı-ayrı xidmət göstərmək yerinə vahid kod forması tətbiq edib mərkəzləşmiş formada “Asan Kommunal” vasitəsi ilə xidmət göstərə bilərlər. Bunun üçün sayğaclar ənənəvi SMART deyil, insan faktoru olmadan məlumatını serverə ötürə biləcək qabiliyyətdə sayğaclar olmalıdır. Sayğaclar məlumatı ardıcıl formada serverlərə göndərir, gələn məlumata görə bildirişlər formalaşır və vətəndaşın “Ağıllı şəhər” kabinetində hər ayın sonu toplanır, vətəndaş həmin kabinetdən onlayn ödənişlə kommunal ödənişini etmiş olur”.

Mütəxəssis qeyd edib ki, “Ağıllı şəhər”lərdə həmçinin “Yaşıl enerji” - bərpaolunan enerji sahələrində müasir texnologiyalar qurulmalıdır: “Bu tipli şəhərlərdə hava çirklənməsini tənzimləmək, torpaq və bitki analizlərinin aparılması üçün metroloji stansiyalar qurulmalı, küçə və prospektlərin işıqlandırılması avtomatlaşdırılmalı və uzaqdan idarəetmə təmin edilməli, sayğacların avtomatlaşdırılmalı, enerji itkisinin qarşısının alınmalı, SMART kənd təsərrüfatı avadanlıqları tətbiq edilməlidir.

Parkları, İşıqforların, Nəqliyyatın dayanacaq və istiqamətverici panoların elektronlaşması və digər infrastruktura aid qurumların xidmətlərinin avtomatlaşması tövsiyə olunur.

Həmçinin 5G texnologiyası və ya qurğular arasında daha sürətli məlumat mübadiləsini təmin edən texnologiyaların tətbiq olunması əsas məsələlərdən biridir.
Texniki cəhətdən bütün elementlər müxtəlif qurğular və sensorlarla avtomatlaşdırıldıqdan sonra “Ağıllı şəhər” layihəsinin texniki hazırlıq tərəfləri bitmiş hesab olunur”.

Onun sözlərinə görə, mövcud sistemlər nə qədər avtomatlaşmış olsa da müstəqil işləməsi əlaqəli qurumların arasındakı intensivliyi təmin etmir və nəticədə yenə asılılıq yaranır: “Bu asılılığı aradan qaldırmaq və qurumlarda müstəqil işləyən avtomatlaşmış elektron avadanlıqlar və elektron xidmətlərin mərkəzləşdirilməsi “Ağıllı şəhər” konsepsiyasına daxildir.

Azərbaycanda “Ağıllı şəhər” konsepsiyasının yaradılması üçün öncə mövcud vəziyyətə nəzər yetirək. Bu konsepsiyanın əsas və ən ağır öhdəliyi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin üzərinə düşür. Faktiki olaraq bu Nazirlik məlumatların mübadiləsi üçün məlumat bazalarının yaxşılaşdırılması və daha güclü məlumat bazalarının yaradılmasını, məlumat mübadiləsinin kəsintisiz və sürətli olması üçün rabitə vasitələrinin yaxşılaşdırılması və yenilənməsini və “Smart City” üçün xüsusi Məlumat hesablama (Təhlil və Emal) mərkəzlərinin yaradılmasını həyata keçirməlidir.

Müxtəlif dövlət qurumlarının xidməti “ASAN Xidmət” nəzdində bir mərkəzdən vətəndaşlara xidmət göstərməkdədir, bu istiqamətdə bir çox vahid xidmət portalları yaradılıb. Bunu daha da təkminləşdirib “Ağıllı Şəhər” konsepsiyasının bir hissəsinə çevirmək məqsədəuyğun hesab edilə bilər.

Həmçinin də digər dövlət qurumlarının xidmətinə görə ərazidə istifadə etdiyi avadanlıqların müasir standartlara yəni, 4-cü sənaye inqilabının elementlərinə keçidi təmin olunmalıdır. Bu qurumlara nümunə olaraq Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi alt qurumları, Kənd Təsərrüfatı Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Energetika Nazirliyinin tabeliyindəki alt qurumlar, "Azərsu", "Azəriqaz" və s. saymaq mümkündür.

Nəticədə şəhər və kənd infrastrukturunda yer alan dövlət qurumların xidmətləri “Ağıllı idarəetmə”nin elementləri hesab olunur. İcra Hakimiyyəti başda olmaqla, bütün qurumların o şəhər və ya kənddəki fəaliyyəti avtomatlaşdırılmış qaydada “Ağıllı şəhər” konsepsiyasında birləşməlidir”.