Ağdamdan dirilərdən və ruhlardan xəyali reportaj
13.10.2021

Ağdam Şəhidlər Xiyabanına çatanda saat təqribən 2 olardı. "Şəhidlər xiyabanı" deyənədə ermənilərin şumladığı çöllükdən başqa nəsə yox idi (Yoxsa var?).

Gözlərini yumub bir az diqqət etdikdə çöllükdə gəzişən ruhları da görmək olur. 28 ildən sonra gəldiyimizə görə ruhların acıqlı baxışını sezməsək də, küləyin çöllükdə vıyıltısı onların bizə bildirdiyi iradların səsinə bənzəyir. 

Azərbaycan əsgərinin bu çöllükdən keçdiyi hiss olunurdu. Narahat ruhların bizi söyməməsinin, təhqir etməməsinin yeganə səbəbi, bəlkə də ,əsgərimizin burdan keçən ayaq izlərini bizim izlərə bənzədib hiss etmələri idi. Ona görə 30 ildən sonra bura qayıdan mətbuat nümayəndələrinə hikkələri bir az soyumuş görünürdü. 

Ümumiyyətlə,Agdamdan keçdiyimiz yol boyu hər kol-kosdan bir ruh boylanırdı. Uşaq ruhlarının Avropeyski avtobusları görüb dalınca qaçması, mal-qara aparan kəndçinin öz heyvanlarını Bakıdan gələn nabələd sürücüdən qorumaq üçün yolun kənarına çəklməsi, çaydan səhəngdə su gətirən qız-gəlinlərin avtobusdan azad olunmuş torpaqlara heyranlıqla baxan kişilərə üzünü yaşmaqlaması mənə çoxdan görmədiyim səhnənin həzzini yaşatdı. Xaçın çayının sağ sahilində salınan, sanki yazın ilk addımlarını hiss edib yaşıllığa bürünən Baş Qərvənd kəndində sürücü maşını saxladı ki, bir az nəfəs dərək. Çünkü yola sübhdən çıxmışdıq. 
Kəndin sakinləri,uşaqlar şəhərdən gələn bir topa adamın dayandığını görüb bizə sarı gəlirlər. Biri evinə dəvət edir, biri bişmiş qarğıdalı təklif edir.

Hətta uşaqlardan biri Prezidentin köməkcisi Hikmət Hacıyevə boyanmış kənd yumurtasını verir ki, döyüşdürsün. Qalib gələcəyi təqdirdə isə ona toyuq verəcəyini deyir. Amma Hikmət bəydən uduzacağı təqdirdə əlində tutduğu günlüyünü istəmir. Onun istəyi tez-tez bu kəndə qonaq gəlməyimiz, bir də bu torpaqları yaddan çıxartmamağımızdır. 

Bu arada kəndin sakinlərindən biri Şıxbabalı  Rey Kərimoğlunu tanıyır. Sevincindən Reyin boynuna sarılaraq onu 28 ildir görmədiyini deyib doluxsunur.

Özünü itirən Rey Kərimoğlunun sözləri isə dilindən yox, göz yaşyalırndan çıxır. Kənara çəkilib daşın üstündə oturaraq xeyli söhbət edirlər. Evinə dəvət edir. Kasıb daxmasında Allahın verdiyindən yeyib rahatlanmağımızı istəyir. Amma biz tələsirik. Kənd yerində şəhər adamı həmişə gecənin vahiməsindən çəkinib. Yenə də çəkinirirk. Və gecə düşməmiş çatacağımız yerə getmək üçün avtobuslara doluşuruq.  Beləcə biz bu kəndin ruhları ilə də sağaollaşıb ayrılırıq. Qarşıda möhtəşəm və yaraşıqlı Ağdam rayonu bizi gözləyir. Yolumuz orayadır...

Bizi qələbə münasibətilə şəhərdə aşıb-daşan ruhların sevincli səs-küyü, çalı-çağırı gözləyir. 

Düz 28-ildən sonra....
Dalımızca əl edən ruhlar isə tədricən havada əriyib miraja çevrililər. Yenə çöllük və bir də kələ-kötür yollar. 

Orxan Kərimov
Visiontv.az