Ağdam, Füzuli və Cəbrayılın 5 kəndi və 1 qəsəbəsi üçün müsabiqə elan olunub
31.07.2021

24 noyabr 2020-ci il tarixdə Azərbaycan Prezidentinin Sərəncamı ilə Əlaqələndirmə Qərargahı və bu Qərargahın nəzdində mərkəz və onun tabeliyində işçi qruplar yaradılıb. Bu işçi qruplardan biri də Şəhərsalma məsələləri üzrə İşçi qrupudur. Bu işçi qrupu tərkib hissəsinə görə, digər işçi qruplardan sayına görə fərqlənir.

Visiontv.az xəbər verir ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Sədrinin birinci müavini, şəhərsalma məsələləri üzrə işçi qrupun rəhbəri Namiq Hümmətov bildirib.

Onun sözlərinə görə, demək olar ki, 23 dövlət qurumunun nümayəndələri o işçi qrupda təmsil olunurlar. İşçi qrupda biz gündəlik olaraq həm iclaslarını, həm müzakirəsini aparırıq. Bir çox məsələlər Operativ qaydada öz həllini tapır. Burada ərazi planlaşdırma sənədləri, icra olunan layihələr müzakirə olunur və nəticə əldə olunur. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən işğaldan azad olunmuş ərazinin ümumi planı, o cümlədən Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonunun işğaldan azad edilmiş ərazisinin ümumi planı işlənilir. Paralel olaraq bəzi şəhərlərin Baş planları hazırlanır. Əslində ümumi plan mərhələli şəkildə hazırlanır, o təsdiq olunduqdan sonra Baş plan və müfəssəl plan hazırlanır. Cənab Prezidentin tapşırığı ilə bu işlər hamısı planlı şəkildə gedir. Bərpa işləri də işçi qrupu səviyyəsində koordinasiya şəklində idarə olunur.

Həmçinin Azərbaycan Prezidentinin tapşırığı ilə kəndlərin də ərazi planlaşdırması həyata keçirilir. Bu, praktikada demək olar ki, ilkdir. Baş plan əsasən böyük şəhər və böyük qəsəbələr üçün hazırlanır. Bildirilir ki, heç bir xırda kənd belə plansız bərpa olunması yolverilməz olduğuna görə artıq bir müddət öncə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən kəndlər üçün 3 rayon - Ağdam, Füzuli və Cəbrayılın 5 kəndi və 1 qəsəbəsi üçün müsabiqə elan olunub. Müsabiqədə demək olar ki, 140-dan artıq şirkət iştirak edir. Sabah, yəni 31 iyulda layihələrin son təqdimetmə tarixidir. Avqustun 15-də müsabiqənin ilk qalibləri müəyyənləşəcək. Daha sonra digər kəndlərin də ərazi planlaşdırma sənədləri hazırlanacaq. Ümumiyyətlə kəndlərin ərazi planlaşdırma sənədləri hazırlanarkən kəndlərin yerləşdiyi relyef, tarixi ənənələri və s. məlumatlar toplanaraq ümumi layihə işlənilir. Bu layihələrdə ərazi planlaşdırma sənədlərində həm memarlıq üslubları, həm bütün infrastruktur layihələri, sosial layihələr öz əksini tapır. Yəni istənilən kiçik kənd olsa belə bütün şərait yüksək səviyyədə yaradılacaq".