Adını islam dövləti qoymuş İran üçün nə sivil qanunlar, nə də ki, islam qanunları keçərli deyil
14.09.2021

Gorus-Qafan yolunu Azərbaycan dövlət strukturlarının nəzarətə götürməsi həm Ermənistanda, həm də İranda ciddi rezonansa səbəb olub. Belə ki, illərdir İrandan həm Ermənistana, həm də Qarabağa daşınan tır dolu yüklər Azərbaycan ərazisindən keçsə də heç bir rüsum ödənilməyib. 44 günlük müharibənin yaratdığı yeni reallıqla isə nə Ermənistan nə də İran barışmaq istəmir. Müsahibimiz Milli Məclisin deputatı Nəsib Məhəməliyevdir. 

-Gorus Qafan yolunda Azərbaycanın Daxili İşlər Nazirliyinın və Gömrük Komitəsinin əməkdaşlarının fəailiyyətə başlaması erməni tərəfdə isterika yaradıb. Onlar İddia edirlər ki, Gorus-Qafan yolu beynəlxalq statusa malikdir və Azərbaycan tərəfi bu cür sərt  tədbirlər görə bilməz.

-Gorus-Qafan yolunda Gömrük postunun fəaliyyətə başlaması Azərbaycan Respublikasının qanunvericiliyinə, beynəlxalq yük daşıma qaydalarına uyğun aparılır və istənilən xarici dövlətlərə məxsus avtomaşınların suveren ərazimizə daxil olduqda gömrük rüsumunun ödəməsi təbii haldır. Kimlərinsə isterikaya düşməsi bizi narahat etməməlidir. Öz vəzifəmizi icra etməli və digər tərəflərdən də bunu tələb etməliyik.

-İrandan Xankəndinə aparılan qeyri-qanunu yük daşımalarına qarşı Azərbaycanın hazırda gördüyü tədbirlər effektivdirmi. Və yaxud daha sərt addımların atılmasına ehtiyac var?

-İrandan Xankəndinə aparılan yük daşımaları tam qanunsuzdur. Çünki, beynəlxalq hüquqa görə Xankəndi Azərbaycanın suveren ərazisidir və bütün növ iqtisadi fəaliyyətlər ilk növbədə Azərbaycan dövləti ilə razılaşdırılmalıdır. Təəssüflər olsun ki, adını islam dövləti qoymuş İran üçün nə sivil qanunlar, nə də ki, islam qanunları keçərli deyil. Misal üçün, bu yaxınlarda İran maşınlarının qanunsuz hərəkəti ilə bağlı Azərbaycan xarici işlər nazirliyi nota verdi. Bundan sonra gözlənilənlərin əksinə, reyslərin sayı ikiqat artdı. Bu nə deməkdir. Mənə elə gəlir ki, ikitərəfli münasibətlərə yenidən baxılmasına ehtiyac vardır.

Sən kimsən ki, öz evimdə necə davranmaq lazım olduğunu öyrədirsən

 

-Hamıya bəllidir ki, 30 ilə yaxın bu müddət ərzində Ermənistan və İran qanunsuz olaraq Azərbaycan ərazilərindən yük daşınmaları həyata keçirib. Bəzi mütəxəssislər deyir ki, hər iki ölkə buna görə Azərbaycana təzminat ödəməlidir. 

-30 ilə yaxın müddətdə Ermənistanın və İranın, Azərbaycanın ərazisindən qanunsuz yükdaşımalara görə təzminat ödəməsi real görünmür. Amma işğal olunmuş torpaqlarda aparılmış dağıntılara, təbii sərvətlərin istismarına, iqtisadiyyata, ekologiyaya vurulmuş zərərə, tarixi-memarlıq-dini abidələrinə qarşı vandalizmə görə Ermənistanın təzminat ödəməsi əsas şərtdir.

-İran Xarici İşlər Nazirliyinin  Xəzər dənizində keçirilən Türkiyə-Azərbaycan birgə hərbi təlimlərinə etirazına münasibətiniz.

-İranın Xəzər dənizində Azərbaycan-Türkiyə birgə hərbi təlimlərə etiraz bildirməsi acı təəssüf doğurur. Azərbaycanın daxili işlərinə müdaxilə kimi qiymətləndirilməlidir. Xəzərdə keçirilən təlimlər, Türkiyə və Azərbaycan dövlət Başçılarının imzaladığı tarixi Şuşa Bəyannaməsinə, hər iki ölkənin Silahlı Qüvvələri arasında razılaşdırılmış qrafikə uyğun olaraq dənizin ölkəmizə aid hissəsində keçirilir. Sən kimsən ki, öz evimdə necə davranmaq lazım olduğunu öyrədirsən. Artıq bu ölkənin maskası tamamilə cırılıb. Əsil siması göz qabağındadır. Bu ölkə 1979-cu ildən beynəlxalq sanksiyalar altındadır. Uzun illər Qərbin müəyyən dairələri Azərbaycan ərazisindən İrana qarşı istifadə etmək, sanksiyalar tətbiq etmək istəsələrdə, ölkəmiz heç zaman bu ölkənin əksinə olan layihələrdə iştirak etmədi. Dözdü. Qonşuluq münasibətlərini qoruyub saxladı. Amma göstərilən dostluğun, alicənablığın qarşısını almadı. Əksinə, 30 il ərzində İran işğalçının yanında oldu, ona hərtərəfli dəstək verdi. Erməniyə silah, yanacaq, ərzaq və qeyri-ərzaq məhsulları, neft-qaz, Fars körfəzinə, Ənzəli limanına güzəştli çıxış, Azərbaycana isə, narkotika, təsbeh, möhür və 24 saat ərzində savadsız gənclərin beyinlərini yumaq üçün “Şeyx nəsrullahlar” verdi. Ona görə də, dahi klassik Mirzə Cəlil demişkən, "ölülərin" sayı günü-gündən çoxalır. Çox təəssüflər olsun ki, 44 günlük Vətən müharibəsindən sonra da İran Azərbaycanın qələbəsini həzm edə bilmir. 10-larla generalını Ermənistana, səfirini Azərbaycanla sərhədə göndərməyin, fasiləsiz qanunsuz yükdaşımaların, kəskin maliyyə-sosial böhran yaşadığı halda Ermənistan və Gürcüstan ərazsində yol  ifrastrukturunu yaratmağın məqsədi nədir. 20 ildən attıqdır ki, islam dövlətinin törətdiyi maneçiliklərə görə Şimal-Cənub nəqliyyat koridoru ləngidilir. Baxmayaraq ki, son maliyyə bəhanəsi də Azərbaycan dövləti tərəfindən qarşılandı. Bu ölkənin Azərbaycana qarşı apardığı siyasət, qeyri-səmimidir. Ən ağrılı məsələ isə, bir çox soydaşlarımızın hələ də mollaların uydurduqları nağıllara inanmalarıdır. Azərbaycan xalqı ən çətin anlarında kimin kim olduğunu gördü.

6.3.5. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi tərəfindən onlayn media subyektlərinin (veb-saytların) inkişafı, iqtisadi müstəqilliyinin gücləndirilməsi, fəaliyyətinin təkmilləşdirilməsi, habelə dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsi məqsədilə təşkil edilən müsabiqə çərçivəsində hazırlanıb.

Aytən Əliyeva

visiontv