20 yanvar Ümumxalq Hüzn gününə həsr edilmiş tədbir keçirilib
20.01.2022

Mərkəzi Gömrük Hospitalında 20 yanvar Ümumxalq Hüzn gününə həsr edilmiş tədbir keçirilib. Tədbirdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədov, Tibbi Xidmət İdarəsinin rəis müavini Şahlar Mirqasım, Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini İsmayıl Əfəndiyev, Tibbi Xidmət İdarəsinin rəis müavini Elnurə Novruzlu, Mərkəzi Gömrük Hospitalının baş həkimi Elman Məmmədov, baş həkimin müavinləri Bəxtiyar Musayev və Rəna Qasımova iştirak ediblər. 

İlk öncə tədbir iştirakçıları Azərbaycanın müstəqilliyi uğrunda canlarından keçmiş bütün şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad ediblər. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədov tədbiri giriş sözü ilə açaraq, bildirib ki, 1990-cı il 20 Yanvar hadisələri zamanı keçmiş sovet ordusunun hərbi hissələri Bakıda öz suverenliyini əldə etmək üçün ayağa qalxan dinc əhaliyə qarşı misli görünməmiş qətliam törədib. 

C.Məmmədov deyib: “Bu gün Ümumxalq Hüzn günü kimi qeyd etdiyimiz 20 Yanvar faciəsi Azərbaycan Respublikasının müstəqilliyi uğrunda mübarizə tarixinə şərəf və qəhrəmanlıq səhifəsi kimi daxil olub. Həmin gecə yüzlərlə gəncin arzuları puç oldu, heç kimə rəhm edilmədi, uşaqlar, yaşlı insanlar qanlarına qəltan edildi... Onlar Vətən, torpaq uğrunda canlarından keçdilər, ölümsüzlüyə qovuşdular, şəhidlik zirvəsinə ucaldılar”.

İdarə rəisi qeyd edib ki, məhz belə bir ağır şəraitdə Heydər Əliyev Moskvanın Azərbaycan xalqına qarşı həyata keçirdiyi imperiya siyasətinə öz etiraz səsini qaldırdı. Ulu öndər yanvarın 21-də öz ailə üzvləri ilə birlikdə Azərbaycan SSR-in Moskvadakı Daimi Nümayəndəliyinə gələrək burada təşkil olunmuş, 6 minədək adamın iştirak etdiyi izdihamlı yığıncaqda çıxış etmiş, bu ağır günlərdə doğma xalqı ilə birgə olduğunu bildirmişdi. Heydər Əliyev çıxışında və verdiyi müsahibələrdə 20 Yanvar faciəsinə siyasi qiymət vermiş, əliyalın insanların qırılmasını hüquqa, demokratiyaya, humanizmə zidd, mərkəzin və respublika rəhbərlərinin günahı üzündən yol verilmiş kobud siyasi səhv olduğunu bəyan etmişdir. Ulu öndər bu ağır gündə Azərbaycan xalqını həmrəyliyə və birliyə çağırmışdır.

“İllər keçdi, amma bu cinayət Azərbaycan xalqının azadlıq eşqini söndürə bilmədi. Bu qırğın nə qədər faciəli olsa da, xalqımızın iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. Əksinə, xalq daha da mətinləşdi və düşmənin gözünə dik baxmağı bacardı. Həmin gecə həlak olan Vətən övladları Azərbaycanın tarixinə parlaq səhifə yazdılar, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açdılar. Bu gün bütün şəhidlərimizin qisası alınıb. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın rəşadətli Ordusu torpaqlarımızı işğaldan azad etdi, Qarabağ öz tarixi Vətəninə qovuşdu”, - deyə, Ceyhun Məmmədov əlavə edib.
Daha sonra Tibbi Xidmət İdarəsinin rəis müavini İsmayıl Əfəndiyev çıxış edərək, deyib: “1990-cı il 20 yanvar gecəsində  həlak olanların arasında qadınlar, uşaqlar və qocalar, həmçinin təcili yardım işçiləri də olub. Bu qətliam ümumxalq hüznü olmaqla yanaşı, həm də Azərbaycan xalqının iradəsinin sarsılmazlığını, mətinliyini göstərdi.” 

Mərkəzi Gömrük Hospitalının baş həkimin müavini Bəxtiyar Musayev  qeyd edib ki, “Bu hadisə Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsində dönüş nöqtəsi olub. Məhz bu faciədən sonra milli azadlıq hərəkatı tam siyasi reallığa çevrilib, dönməz xarakter alıb, xalq öz gələcəyini yalnız müstəqil Azərbaycanda görüb. Bu gün Azərbaycan xalqı öz qəhrəman övladlarının əziz xatirəsini dərin ehtiramla yad edir və bu faciəni heç vaxt unutmayacaq! Allah bütün şəhidlərə rəhmət etsin!” 

Sonra iştirakçılar 20 Yanvar günü ilə bağlı öz xatirələrini bölüşüblər. Tədbir iştirakçıları bütün şəhidlərimizə Allahdan rəhmət diləyiblər.