2 iyun Mülki Aviasiya İşçilərinin Peşə Bayramı Günüdür
2 iyun Mülki Aviasiya İşçilərinin Peşə Bayramı Günüdür
02.06.2023 MEDİA Tərəfindən

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2006-cı il 18 may tarixli Sərəncamına əsasən iyunun 2-si hər il ölkəmizdə Mülki Aviasiya işçilərinin peşə bayramı günü kimi qeyd edilir. Ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərdə milli aviasiyanın inkişafı sahəsində böyük uğurlar qazanılıb. Ötən əsrin 70-ci illərində respublikanın 11 rayonunda yeni hava limanları tikilib.1976-1980-ci illər üçün Azərbaycanda Mülki Aviasiyanın inkişaf proqramı hazırlanmış, bölgələrdə reaktiv təyyarələrin qəbulu üçün uçuş-enmə zolağı salınmış, hava limanları müasir radio və işıq texnikası vasitəsi ilə təchiz edilib. Mülki aviasiyanın ölkə həyatındakı rolunu yüksək qiymətləndirən ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə müstəqillik dövründə bu sahədə daha geniş tədbirlər görülüb.

Ölkəmizdə mülki aviasiya sahəsində dövlət nəzarətini və tənzimləməsini Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyi həyata keçirir. Qurum mülki aviasiya sahəsində dövlət siyasətinin formalaşdırılmasında iştirak edir və bu siyasətin həyata keçirilməsini təmin edir, həmçinin mülki hava gəmilərinin təhlükəsiz uçuşu, aviasiya təhlükəsizliyi və ətraf mühitin qorunmasına nəzarəti təmin edir. Agentlik öz səlahiyyətləri çərçivəsində normativ tənzimləməni, mülki aviasiya sahəsində dövlət nəzarətini həyata keçirir, beynəlxalq mülki aviasiya təşkilatları ilə əməkdaşlıq qurur, onların işində iştirak edir, həmçinin xarici ölkələrin aviasiya administrasiyaları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

Bundan başqa, Dövlət Mülki Aviasiya Agentliyi mülki hava gəmilərinin uçuşa yararlılığının təmin edilməsi üzrə vahid dövlət siyasətini, aviasiya texnikası və avadanlığı da daxil olmaqla, Azərbaycan Respublikasının bütün mülki aviasiya subyektlərinin milli və beynəlxalq tələblərə uyğun olaraq icbari sertifikatlaşdırılmasını həyata keçirir. Agentlik hava məkanından istifadəni tənzimləyən qaydaların, Azərbaycan Respublikasının hava məkanında mülki hava gəmilərinin uçuş qaydalarının və digər normativ hüquqi aktların hazırlanmasında iştirak edir, həmçinin xarici dövlətlərin hava gəmilərinə ölkəmizin mülki aviasiya hava limanlarına uçuşlar (müntəzəm əsasda və çarter uçuşları) yerinə yetirmək üçün icazələr verir. Eyni zamanda, qurum Azərbaycanın mülki aviasiya subyektlərinin fəaliyyətinin müfəttiş yoxlamalarını həyata keçirir, aviadaşımalar bazarını rəqabət əsasında formalaşdırır, mülki hava gəmiləri ilə baş vermiş aviasiya hadisələrinin (qəzalarının) araşdırılmasında iştirak edir və mülki aviasiya sahəsi üzrə qanunvericilik aktlarının layihələrinə dair rəy verir.

Azərbaycanın mülki aviasiyası Beynəlxalq Mülki Aviasiya Təşkilatının standartlarına tamamilə cavab verir.

Bünyamin Bünyadzadə

Visiontv.az