Hər il noyabr ayında Cənubi Koreyada həyat sanki dayanır: məktəb məzunları ali məktəblərə qəbul imtahanı verir. Mağazalar bağlanır, uçuşlar təxirə salınır, hətta səhər saatlarının adi həyat ritmi belə yavaşlayır — abituriyentləri heç nə yayındırmamalıdır, çünki hansı universitetə daxil ola biləcəkləri bu imtahandan asılıdır.
xşam düşəndə məzunlar məktəbin darvazasından çıxır, rahatlıqla nəfəs alır, yaxınlarını qucaqlayırlar. Amma hamı yox. Bəziləri gecə yarısına yaxınadək məktəbdə qalır və binanı saat 22:00 radələrində tərk edir. Bunlar görmə qabiliyyəti olmayan tələbələrdir və onların imtahanı 8 saat yox, 12 saatdan çox davam edir.
Suneung - "Ali məktəblərə qəbul üzrə vahid imtahan" mənasını verən koreya dilində abbreviaturadır. Bəzən ingilis dilində CSAT (College Scholastic Ability Test) kimi adlandırılır. Bu il bu imtahanı 550 000-dən çox tələbə verəcək — bu, son yeddi ilin ən yüksək göstəricisidir.
İmtahan yalnız abituriyentin universitetə qəbul olub-olmayacağını müəyyən etmir. O, həm də onların gələcək işinə, gəlir səviyyəsinə, yaşayış yerinə və hətta şəxsi münasibətlərinə təsir edir.
Tələbələr seçdikləri fənlərdən asılı olaraq təxminən 200 suala cavab verirlər: koreya dili, riyaziyyat, ingilis dili, ictimai elmlər və ya təbiət elmləri, əlavə xarici dil və hança (koreya yazısında istifadə olunan klassik Çin heroqlifləri).
Əksər tələbələr üçün bu, ardıcıl keçirilən imtahanlardan ibarət 8 saatlıq marafondur: onlar imtahana 08:40-da başlayır və yerli vaxtla təxminən 17:40-da bitirirlər. Lakin görmə qabiliyyətində ciddi pozulmaları olan tələbələrə imtahanı 1,7 dəfə uzun müddətdə vermək imkanı verilir. Bu o deməkdir ki, əgər onlar əlavə xarici dil imtahanını da seçiblərsə, imtahan 21:48-də bitə bilər — başlanğıcdan demək olar ki, 13 saat sonra.
Şam yeməyi üçün fasilə verilmir — imtahan dayanmadan davam edir.
İmtahanın müddətini artıran başqa bir səbəb də imtahan materiallarının fiziki həcminin böyük olmasıdır. Hər cümlə, hər bir simvol və diaqram Brayl əlifbasına keçirilir. Bu isə imtahan kitabçasını standart versiyaya nisbətən 6–9 dəfə qalın edir. Üstəlik, Brayl əlifbası üçün istifadə olunan kağız da adi kağızdan daha qalındır.
Təhsil Nazirliyi və Koreya Tədris Proqramları və Qiymətləndirmə İnstitutunun məlumatına görə, ötən il bütün ölkə üzrə 111 şagird imtahanı görmə məhdudiyyətlilər üçün olan formatda verib — onlardan 99-u zəif görən, 12-si isə ağır dərəcədə görmə məhdudiyyətli idi.
18 yaşlı Han Don Hyon Seuldakı Hanbit adlı korlar məktəbini bitirir. Onun görmə qabiliyyəti tamamilə yoxdur: o, anadangəlmə kor doğulub və hətta işığı belə hiss etmir. İmtahanı Brayl əlifbası ilə çap olunmuş materiallarla və ekrandakı mətni səsləndirən proqram quraşdırılmış kompüter vasitəsilə verəcək.
BBC jurnalistləri onunla 7 noyabrda məktəbdə görüşəndə, barmaqları sürətlə əvvəlki illərin suallarından ibarət təlimat kitabçasının üzərində gəzirdi. İmtahana cəmi bir həftə qalmışdı və o, diqqətini dözümlülüyünə və fiziki gücünü qorumağa yönəltmişdi.
"Bu, həqiqətən də çox yorucudur, imtahan çox uzundur", — deyə o bildirir. "Amma heç bir xüsusi sirr yoxdur. Sadəcə, dərs cədvəlimə əməl edirəm və öz vəziyyətimə diqqət edirəm. Tək yol budur".
Han Don Hyon deyir ki, koreya dili imtahanı onun üçün xüsusilə çətindir. Standart imtahan kitabçası 16 səhifədən ibarətdir, Brayl ilə çap olunmuş versiya isə təxminən 100 səhifədir. Ekran oxuyucu proqram da tam kömək etmir: eşidilən məlumat, görüb yenidən oxumaq mümkün olan mətnlə müqayisədə anında yox olur. Tapşırıqları yerinə yetirərkən bütün detalları yadda saxlamaq məcburiyyətindədir.
Riyaziyyat hissəsi də asan deyil: yalnız barmaqların ucları ilə Brayl əlifbasına çevrilmiş mürəkkəb qrafik və cədvəlləri "görmək" tələb olunur.
Amma Han Don Hyonun sözlərinə görə, bu günlərdə vəziyyət əvvəlkindən daha yüngüldür: 2016-cı ilə qədər tələbələr bütün hesablamaları beyində aparmalı idilər. Sonra isə görmə məhdudiyyətli tələbələrə Hansone istifadə etməyə icazə verildi. Bu, Windows və ya Android əsaslı bir cihazdır, brayl klaviaturası və elektron mətni barmaqla oxumağa imkan verən brayl display var.
"Necə ki, görmə qabiliyyəti olan tələbələr hesablama prosesini qələmlə yazırlar, biz də Brayl əlifbası ilə Hansone-a daxil edirik ki, həllin bütün mərhələlərini izləyə bilək", — deyə o izah edir.
ŞƏKLİN MƏNBƏYİ,BBC/HOSU LEE
Bu məktəbin daha bir şagirdi, 18 yaşlı O Çon Von deyir ki, imtahanın ən çətin hissəsi günün ikinci yarısında başlayır.
"Günorta yeməyinə qədər hər şey normaldır, — o deyir . — Amma təxminən saat 4–5 radələrində, ingilis dilindən sonra və Koreya tarixi imtahanından əvvəl həqiqətən ağır olur. Şam yeməyi üçün fasilə yoxdur. Biz adətən yemək yediyimiz vaxtda tapşırıqları həll edirik və bu, prosesi daha da çətinləşdirir. Amma bilirəm ki, sonda görülən işdən məmnunluq hissi olacaq, ona görə davam edirəm".
Onun sözlərinə görə, fasiləsiz şəkildə konsentrasiya olmaq və həm əllərdən, həm də eşitmə qabiliyyətindən eyni anda istifadə etmək çox çətindir.
"Barmaqlarımla Brayl mətni oxuduğum və eyni anda məlumatı qulaqla qəbul etdiyim zaman bu, görən tələbələrlə müqayisədə qat-qat daha yorucudur", — deyə o bildirir.
Lakin abituriyentlərin sözlərinə görə, ən çətin məsələ imtahanın uzunluğu və ya uzun saatlar dərs oxumaq deyil. Ən böyük problem — tədris materiallarına çıxışdır.
Görmə qabiliyyəti olan tələbələr üçün hazırlanmış məşhur dərsliklər və onlayn mühazirələr çox vaxt görmə məhdudiyyətli tələbələrə uyğun olmur.
Brayl versiyaları çox azdır, materialları audioformata çevirmək üçün isə mətn faylları tələb olunur — onları əldə etmək isə çətindir. Bir çox hallarda kiminsə bütün iş dəftərlərinin mətnini əl ilə yenidən yazması lazım gəlir ki, material istifadə üçün yararlı olsun.
Onlayn mühazirələr də çətinlik yaradır, çünki bir çox müəllimlər materialı vizual qeydlərdən, sxemlərdən və qrafiklərdən istifadə edərək izah edir. Təkcə audio vasitəsilə bunları anlamaq isə mümkün olmur.
ŞƏKLİN MƏNBƏYİ,BBC/HOSU LEE
Ən ciddi maneələrdən biri ondan ibarətdir ki, milli imtahanla sıx bağlı olan əsas hazırlıq materialları — EBS vəsaitlərinın Brayl versiyaları görmə məhdudiyyətli tələbələrə çox vaxt digər şagirdlərdən bir neçə ay gec çatır.
"Görən tələbələr EBS kitablarını yanvar–mart aylarında əldə edirlər və bütün il onlarla hazırlaşırlar, — deyə Çon Von danışır. — Biz isə bu materialların Brayl versiyasını yalnız avqust və ya sentyabr aylarında alırıq. Onda imtahana cəmi bir neçə ay qalır".
Don Hyon da bununla razıdır.
"Brayl materiallar imtahana 90 gündən də az qalmış hazır idi, —o deyir . — Mən daim ümid edirdim ki, nəşr prosesini sürətləndirmək mümkündür".
EBS materiallarının Brayl versiyalarını hazırlayan Milli Xüsusi Təhsil İnstitutu BBC-yə bildirib ki, hər kitabın hazırlanması azı üç ay çəkir, çünki proses konkret qaydalara və standartlara uyğun aparılmalıdır.
Institut əlavə edib ki, "görmə məhdudiyyətli tələbələrin fasiləsiz şəkildə təhsil alması üçün səy göstərirlər", o cümlədən materialları ayrı-ayrı cildlərlə nəşr edirlər.
Koreya Korlar İttifaqı bu məsələni uzun müddətdir ki, hökumət qarşısında qaldırır və bütün dərsliklərin Brayl versiyalarına daha geniş çıxış tələb edərək Konstitusiya Məhkəməsinə müraciət etməyi planlaşdırır.
ŞƏKLİN MƏNBƏYİ,BBC/HOSU LEE
Bu məzunlar üçün bu imtahan sadəcə universitetə qəbul imtahanı deyil — onları bu günə gətirən uzun illər ərzində göstərdikləri əzmkarlığın və səbirin sübutudur.
Çon Von imtahanı bir sözlə təsvir edir: israr .
"Bu həyatda israrsız çox az şey etmək mümkündür. Məncə, bu dövr mənim iradəmi məşq etdirdiyim bir prosesdir", — deyə o bildirir.
Onların müəllimi Kan Sok-cu uzun illərdir kor tələbələrin imtahan verməsini müşahidə edir və onların dözümlülüyünü sadəcə "heyrətamiz" adlandırır:
"Brayl mətni oxumaq o deməkdir ki, barmaqları davamlı olaraq qabarıq nöqtələr üzərində gəzdirməlisiniz. Bu sürtünmə səbəbindən əlləri tez-tez ağrıyır. Amma onlar bunu saatlarla edirlər".
O, tələbələri nəticə üçün deyil, imtahanı verdikləri üçün özlərini qiymətləndirməyə çağırır.
"İmtahan — bir günün içində birinci sinifdən bəri öyrəndiyiniz hər şeyi ortaya qoyduğunuz bir prosesdir. Bir çox tələbə sonra məyus olur, amma mən istəyərdim ki, onlar imtahan zalını "əlindən gələni etdim" düşüncəsi ilə tərk etsinlər. İmtahan — hər şey demək deyil".
Hyo Jung Kim, BBC Koreya xidməti
visiontv.az