21.011.2019
Axtar
İşğal
alt

İşğal olunmuşdur: 26 dekabr 1991-ci il

Ərazi: 0,008 min km2

Əhali: 53 min nəfər

Erməni işğalçıları tərəfindən dağıdılmış, yandırılmış və talan olunmuşdur:

Şəhər və qəsəbə 2

34 nəfər şəhid oluşdur

150 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri almışdır

 

Azərbaycan Respublikasının şəhər statusuna malik ərazi quruluşudur. İnzibati cəhətdən əhatə dairəsinə Xankəndi şəhəri və Kərkicahan qəsəbəsi daxildir. 2008-ci ilin statistikasına əsasən əhalisi 53.100 nəfər olmuşdur. Xankəndi Əsgəran rayonu inzibati dairəsinə aiddir.

Tarixi
Sovet hakimiyyəti qurulduqdan sonra 1923-cü il iyulun 7-də “Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması haqqında” dekret verilmişdir. Həmin dekretlə Xankəndi vilayətin mərkəzi elan olunmuşdur. Az sonra şəhər Stepan Şaumyanın adı ilə “Stepanakert” adlandırılıb.
1991-ci ildən etibarən Azərbaycan Respublikasının Milli məclisinin qərarı ilə tarixi haqsızlıq aradan qaldırılaraq şəhərin əvvəlki adı “Xankəndi” bərpa edilib.
Xankəndi digər Azərbaycan şəhərlərinin əksəriyyətindən nisbətən cavan olması ilə fərqlənir. Arxiv sənədlərinə görə şəhər XVIII əsrin axırlarında o dövrdə müstəqil Azərbaycan dövlətlərindən biri olan Qarabağ xanlığı başçılarının - xanların istirahəti üçün yaşayış məskəni kimi salınıb. Xanların fəaliyyətinə maksimum şərait yaradılması üçün məskən xanlığın paytaxtı Pənahabadın (indiki Şuşanın) 10 kilometrliyində, nisbətən dağ salınmışdır. Bu zaman onun xanlığın digər vacib şəhər və kəndlərinə, Ağdama, Xocalıya, Malıbəyliyə, Kərkicahana və digərlərinə yaxın olması da diqqətə alınmışdır. Belə ki, yeni yaşayış məntəqəsi kimi digər yaşayış məntəqələrində də ancaq yerli əhali, azərbaycanlılar yaşayırdı. İlk illər yeni yaşayış məskənində ancaq xan ailəsi və onun yaxınları yaşadığından el arasında “Xanın kəndi” kimi tanınıb. Qısa bir müddətdən sonra qəsəbə Xankəndi adını alıb.
Rusiyanın Qarabağı işğal etməsi bütün bölgələrə olduğu kimi, Xankəndinin də taleyinə ciddi təsir edib. Əvvəlki həyat tərzi dağıdılıb. 1813-ci ildə Xankəndində heç bir erməni və rus ailəsi yaşamasa da, artıq 1847-ci ildə orada 80 erməni, 52 rus ailəsinin yaşadığı ev və erməni kilsəsi var idi. Rusiya işğalından dərhal sonra orada çar ordusunun Qafqaz Süvari Diviziyasının qərargahı və kazarmaları yerləşdirilib. Ermənilər və rus zabitləri yaşayış məskənini “qərargah” adlandırsalar da, 1847-ci il çar Rusiya xəritələrinə qəsəbə rəsmi şəkildə Xankəndi adı ilə düşüb. Çar işğalından sonra böyüyən Xankəndi şəhərinə bir qayda olaraq İrandan köçürülən ermənilər yerləşdirilib, etibar doğurduqlarına görə çar ordusunun hərbi hissələrində və dövlət idarələrində işlə təmin ediliblər. 1900-cu ildə Xankəndində artıq 3 min əhali yaşayıb, hətta ikisinifli məktəb də fəliyyət göstərib. Məqsədli yeridilən etnik siyasət nəticəsində ötən əsrin əvvəllərində Xankəndində erməni və rus əhalisinin sayı xeyli artıb. Ancaq bununla belə şəhərdə xeyli sayda xan nəslinin nümayəndələri, azərbaycanlı ziyalılar, musiqiçilər və sənətkarlar yaşayıb. Məqsədli təcrid siyasətinə baxmayaraq onlar Xankəndində ciddi söz sahibi idilər və hakimiyyət onlarla hesablaşmalı olub.
1918-1920-ci illərdə müstəqil Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin apardığı siyasət və Azərbaycan Ordusunun qətiyyəti nəticəsində erməni millətçilərinin Dağlıq Qarabağ və Xankəndi iddialarını dəf etmək mümkün olub.

İşğalı
Artıq 1988-ci ilin sentyabr ayında ermənilər Xankəndi şəhərində yaşayan bütün azərbaycanlıların hamısını zorla şəhərdən qovublar. 1991-ci ilin dekabr ayında SSRİ öz mövcudluğuna son verdi. Xankəndindəki ermənilər bunu fürsət kimi bilib dərhal şəhərdə yerləşən hərbi bazaya hücum edərək oradakı bütün silahları ələ keçirdilər. Döyüş zamanı bir neçə erməni silahlısı və bir rus əsgəri öldürüldü. Bazada olan rus əsgərlərinin bir hissəsi ermənilərlə vuruşmağa razılıq verdi, buna razı olmayanlar isə Qarabağdan qovuldular. Lakin bundan daha əvvəl Xankəndində yerləşən 366-cı moto-atıcı alayın rus əsgərləri öz silahlarını ermənilərə satmağa başlamışdılar. 1991-ci ildə Qarabağda olan amerikalı hüquq müdafiəçisi Skot Harton bu barədə yazaraq bildirir ki, hərbi bazada xidmət edən rus zabiti onu yerli biznesmen kimi təsəvvür edərək ona tankı 3000 ABŞ dollarına almağı təklif edib. Bəzi şahidlər isə rusların öz silahlarını araq əvəzinə ermənilərə verdiyini deyir. Müharibə boyunca Azərbaycan Ordusunun bölmələri bir neçə dəfə Xankəndinə yaxınlaşsa da, şəhəri işğaldan azad etmək mümkün olmayıb. 1991-ci ilin dekabr ayının 27-dən 28-ə keçən gecə Xankəndi şəhəri erməni silahlı qüvvələri tərəfindən işğal edilib və hazırda heç bir hüquqi haqqları olmamasına baxmayaraq, ərazi Ermənistanın nəzarətindədir. Kərkicahan və ətraf ərazilər uğrunda gedən döyüşlərdə 34 nəfər şəhid olub. 150 nəfər isə müxtəlif dərəcəli xəsarət alıb. Şəhid olanlardan 3-ü qadın, 2-si azyaşlı uşaqdır. İşğal nəticəsində Xankəndində iki orta məktəb, uşaq bağçası, kitabxana, klub, ATS, tibb ambulatoriyası, on dükan, müxtəlif istehsal sahələrinə aid olan beş sex və digər məişət-iaşə obyekti dağıdılıb.

Şərh yazın