Zəngəzur dəhlizi açılmasa, Laçın koridoru və... - Elşad Mirbəşiroğlu
12.03.2021

Sosial Tədqiqatlar Mərkəzinin sədr müavini, millət vəkili Elşad Mirbəşiroğlu Teleqraf.com-un suallarını cavablandırıb.

Visiontv.az həmin müsahibəni təqdim edir:

- Elşad müəllim, Ermənistanın sabiq prezidenti Robert Köçəryan 10 noyabr kapitulyasiya aktını Almaniyanın 1919-cu ildə imzaladığı Versal sülh müqaviləsi ilə müqayisə edib. Köçəryanın bu gedişi sizcə nəyə hesablanıb?

- Öncə qeyd etmək lazımdır ki, Robert Köçəryan tarixi dövrlər arasında olduqca uğursuz bir paralellik aparıb. Görünür, onun Ermənistanın hazırkı vəziyyəti barəsində hələ də aydın təsəvvürləri yoxdur. O Ermənistanın gələcək qisas planlarına bəraət qazandırmaq məqsədi ilə 1919-cu ildə bağlanmış Versal sülh müqaviləsini nümunə gətirir. Qeyd edir ki, Almaniya sonradan qisas ala bildi. Bu da millətçiliyin ölkədə güclənməsinə və nəticə etibarı ilə yanlış bir istiqamətə yönəlmiş ideologiyadır. İlk növbədə R.Köçəryan burada millətçiliyi təbliğ edir. Müasir dövr üçün bu olduqca təhlükəli tendensiyadır. Avropanın özündə belə radikal millətçilik ölkələrə yaxşı heç nə vəd etmədi. R.Köçəryan da özünü sərt millətçi kimi aparmağa çalışır. Onun bu cür yanaşması olduqca ağır bir durumda olan Ermənistan üçün təhlükəlidir.

Eyni zamanda, R.Köçəryan həmin müqaviləni nümunə gətirərək, onun üzərində faşizm ideologiyasını da təbliğ edir. Özü də bunu açıq şəkildə etməklə öz mahiyyətlərini bir daha nümayiş etdirir. Onsuz da Ermənistanda faşizm ideologiyası hər zaman dəstəklənib. Ermənistanda hakimiyyətdə olmuş qüvvələrin hamısı faşizm ideologiyasına dəstək verib. Paşinyan da faşizm ideologiyasına dəstək olduğunu gizlətməyib. Qaregin Nijdeyə bəraət qazandırmaq cəhdləri bunu aydın sübut edir. Ölkəmizə, xalqımıza qarşı cinayətlər törətmiş R.Köçəryan da faşizm xüsusiyyətlərini körükləməyə çalışır. Bununla o özünə siyasi xal qazanmağa cəhd edir. Onun məqsədi Qarabağ məsələsi üzərində siyasi karyera qurmaqdır. Amma zamanın reallıqlarını olduqca yanlış dərk edir. Ermənistanın bu vəziyyətə düşməsinin başlıca səbəbi onun millətçiliyi olub. Başqa xalqlara qarşı xoşagəlməz münasibət məhz bu vəziyyəti yaradıb. Digər xalqları həzm edə bilməmək, yekunda qanlı cinayətlərə yol açıb. Amma düşündürücü görünmür ki, bundan sonra erməni cəmiyyəti millətçiliyə dəstək olsun.

- Belə görünür, faşizm ideologiyasını dəstəkləyən Ermənistanda hakimiyyətə gəlmək istəyən qüvvələr istənilən xarici qüvvədən dəstək almağa hazırdır...

- Ermənilərə heç vaxt güvən olmayıb. Paradoksal vəziyyət də ondan ibarətdir ki, Moskvanın adamları kimi görünən fiqurlar özlərini bütövlükdə Rusiyanın rədd etdiyi ideologiyanın qatı tərəfdarları kimi aparırlar. Bu da ona dəlalət edir ki, hakimiyyətə gəlmək istəyən siyasi dairələr istənilən tərəfdən dəstək almağa hazırdır. Bu gün Rusiya dəstək verməsə, onlar hətta Soros fondundan da yardım almağa hazırdırlar. Paşinyan Sorosun gözləntilərini doğrultmadı. Amma görünən odur ki, Ermənistanda radikal millətçilər Avropadan dəstək almaq ümidlərini də itirməyiblər. Yəni onlar istədiyi vaxt cəbhələrini rahat şəkildə dəyişə bilərlər. Ona görə də Ermənistanda belə mənzərinin müşahidə olunmasında heç də təəccüblü bir şey yoxdur. Bu başlıca olaraq erməni xislətidir. R.Köçəryanın yanaşması isə olduqca qeyri-sağlam yanaşmadır. Bu, ermənilər üçün çox böyük bəlalara gətirib çıxara bilər. Sabiq prezidentin əsas müqayisəsinin nəticəsi də ondan ibarət idi ki, 10 noyabr razılaşmasının şərtlərinə əməl edilməsin. Ermənistan revanş almaq istəsin. Amma hərbi caninin fikirlərinə qarşı Rusiya Prezidenti Vladimir Putinin mövqeyi ortadadır ki, o bu razılaşmadan imtinanın Ermənistan üçün intihar ola biləcəyini vurğulayıb. Ona görə də Köçəryanın bəyanatı sırf daxili auditoriyaya hesablanıb.

- Ermənistanda baş qərərgah rəisi istefaya göndərildi. Qarabağ klanı erməni cəmiyyətindən dəstək ala bilmədi. Bir sözlə, revanşist qüvvələrin planı baş tutmadı. Proseslərin bundan sonrakı gedişatında hər hansı bir sürpriz olması mümkündürmü?

- Bu, Ermənistanın siyasi gerçəkliyinin paradoksu kimi qiymətləndirilə bilər. Ermənistanda nə iqtidar, nə də ki, müxalifət kütlədən lazımi dəstək ala bilmir. Sadəcə olaraq Paşinyanın üstünlüyü ondan ibarətdir ki, o bu gün hakimiyyətdədir. Erməni cəmiyyətinin də hazırkı ağır vəziyyətinə görə, Qarabağ klanı məsuliyyət daşıyır. Ona görə də ermənilər bu günə qədər yaşadıqlarını bir daha yaşamaq istəmirlər. Ermənistan cəmiyyətində faşizm ideologiyası dəstəklənə bilər. Amma bu ideologiyaya uyğun addımların atılması üçün Ermənistanda imkanların olub-olmadığı əsas şərtdir. Kütləni revanşçı istiqamətdə meyilləndirmək mümkündürmü? Əlbəttə, bu mümkün deyil. Hazırda erməni cəmiyyəti ümidsiz bir vəziyyətdədir. Belə bir durumda cəmiyyət hansısa bir ideologiyanın arxasınca getmək taqətində deyil. Hakimiyyətdə olanlar sadəcə iqtidar üstünlüyünə malikdir. Paşinyanın özünün də heç bir imkanı yoxdur. O da erməni cəmiyyətinə heç nə verə bilmədi. Sadəcə bu gün erməni cəmiyyəti pis və daha pis arasında seçim etməkdədir. Yəni heç bir siyasi qüvvə yaxşı deyil. Hər ikisi pisdir. Sadəcə bu pislik dərəcələri bir-birindən fərqlənir. Görünən odur ki, erməni cəmiyyəti pis olan Paşinyanı dəstəkləmək məcburiyyətindədir. Bu, Ermənistanın düşmüş olduğu ümumi böhran vəziyyəti ilə əlaqəlidir.

- 10 noyabr razılaşmasının şərtləri getdikcə təmin edilir. Gedişatı necə qiymətləndirirsiniz?

- Ermənistanın imkanı olsa, 10 noyabr razılaşmasından və şərtlərindən imtina edər. Amma reallıq ondan ibarətdir ki, Azərbaycan özünün güc mövqeyini formalaşdırıb. Ermənistanın sadəcə olaraq alternativi yoxdur. Ona görə də erməni tərəfi məcburdur ki, 10 noyabr bəyanatının şərtlərinə əməl etsin. Bu olmasaydı, 2021-ci ilin 11 yanvar tarixində əlavə sənəd imzalanmazdı. Ermənistan hər hansı bir formada buna qarşı gəlmək imkanını da ortaya qoya bilərdi. Amma bunu edə bilmədi. Çünki çıxış imkanları yoxdur. Əslində isə birgə bəyanatın şərtlərinə əməl edilməsi Ermənistanın indiki durumu üçün ən optimal bir yoldur. Əks halda Ermənistanın vəziyyəti daha da acınacaqlı olacaq. Bu fikirlərdə heç bir təbliğat xarakterli məqam yoxdur. Eyni zamanda məsələnin digər tərəfi, yəni Rusiya amili də mövcuddur. Rusiyanın birbaşa vasitəçiliyi ilə birgə bəyanat imzalanıb. Bəyanatın altında Rusiya prezidentinin imzası var. Təbii ki, birgə bəyanatın şərtlərinə əməl olunmasında Rusiya maraqlıdır. Bu məsələ Rusiyanın beynəlxalq nüfuzu, imici ilə bağlıdır. Rusiya da ən azı özünün siyasi simasını qorumaq üçün vasitəçilik etdiyi birgə bəyanatın şərtlərinə əməl olunmasında maraqlı olacaq.

- YAP-ın son qurultayında cənab Prezident İlham Əliyev Zəngəzur dəhlizi ilə bağlı erməni tərəfinin süni əngəllər yaratması məsələsinə toxundu. Dəhlizin açılması ilə bağlı ciddi əngəllər yaranarsa, proseslər hansı müstəviyə yönələ bilər?

- Ermənistanda həm siyasi dairələrdə, həm də cəmiyyətdə buna qarşı çıxışlar var. Amma bu istiqamətdə addımların atılmasına maneə olacaq bir qüvvə yoxdur. Cənab Prezident də qurultayda vurğuladı ki, Zəngəzur dəhlizinin açılmasına qarşı maneələr var. Amma dövlət başçısı onu da əlavə etdi ki, bu dəhliz açılacaq. Çünki cənab Prezident mövcud reallıqları hamıdan yaxşı bilir. Proseslərin mümkün inkişaf istiqamətləri barədə də daha aydın təsəvvürlərə malikdir. Bu baxımdan Zəngəzur dəhlizinin açılması mümkün olacaq. 11 yanvarda imzalanan sənəddə də məhz prioritet hədəf nəqliyyat kommunikasiyasının yaradılması və iqtisadi layihələrin həyata keçirilməsidir. Bu da birbaşa Zəngəzur dəhlizi ilə əlaqəlidir. Regionda gerçəkləşdiriləcək ən strateji nəqliyyat infrastrukturu Zəngəzur dəhlizi ilə bağlıdır. Azərbaycanın qərb hissəsi ilə Naxçıvan arasında dəmir yolunun və nəqliyyat əlaqəsinin yaradılması təkcə Azərbaycanla bağlı deyil. Bu, bütövlükdə tarixi İpək yolunun cəlbediciliyinin artmasına xidmət edəcək. Bu mühüm geoiqtisadi bir layihədir. Burada dünyanın aparıcı ölkələrinin geoiqtisadi maraqları var. Burada cılız, heç bir potensiala malik olmayan Ermənistanın hansısa maneə xarakterli addımları prosesə təsir göstərə bilməz.

- Ermənistan Zəngəzur dəhlizi və bəyanatda qeyd olunan digər məsələlərlə bağlı sabotaj edərsə, Laçın dəhlizi faktoru aktuallığını qoruya bilərmi?

- Paşinyan öz hakimiyyətini qorumaq üçün əldə olunmuş razılaşmanın şərtlərinə əməl etməlidir. O sağlam məntiqə sığınarsa, çalışacaq ki, birgə bəyanatda yer alan şərtlərə əməl etsin. Zəngəzur dəhlizinin açılması ilə bağlı Ermənistan tərəfi əks-mövqe nümayiş etdirsə, Azərbaycanın buna qarşı təsir rıçaqları kifayət qədərdir. Bu təsir rıçaklarından biri olan Laçın koridoru ilə bağlı da Azərbaycan öz mövqeyini sərgiləyə bilər. Bunun üçün bütün imkanlar mövcuddur. Azərbaycan hər hansı bir mövqe sərgiləyəcəyi təqdirdə də dəstək alacaq. Çünki Zəngəzur dəhlizinin təhlükəsizliyinə məsul Rusiya Federal Təhlükəsizlik Xidmətidir. Burada Rusiyanın iradəsi və marağı var. Belə olan halda Rusiya da görəcək ki, Ermənistan əldə olunmuş razılaşmanın şərtlərinə əməl etməməsinə cavab olaraq Azərbaycan bu və ya digər formada addım atır. Ona görə də Azərbaycana qarşı hər hansı bir irad səslənməyəcək. Bunu da Ermənistanda çox gözəl dərk edirlər. Ona görə də Ermənistanın mövcud razılaşmaya maneə xarakterli addımlar atması mümkün deyil.