Yeni format: Azərbaycan-Türkiyə-Gürcüstan “üçlük” platforması
Yeni format: Azərbaycan-Türkiyə-Gürcüstan “üçlük” platforması
14.05.2022 MEDİA Tərəfindən

Azərbaycan və Türkiyənin birgə təşəbbüsü olan “altılıq” formatında işbirliyi platforması uzun müddətdir ki, müzakirə olunur. Hətta bununla əlaqədar müəyyən təmaslar - danışıqlar və görüşlər də keçirilib. Amma Rusiya-Ukrayna müharibəsi situasiyanın dəyişməsinə səbəb olur.

Geosiyasi zəlzələ effekti yaradan bu qarşıdurma nəticəsində qütbləşmənin yaranması bəzi tərəflərin eyni platformada əməkdaşlıq imkanlarını zəiflədir, hətta bitirir. O səbəbdən yeni geostrateji seçimlər gündəmə gəlir. Bu baxımdan, müzakirə edilən yeni regional format “üçlük” platformasıdır. Söhbət Azərbaycan-Türkiyə-Gürcüstan formatında reallaşdırılması nəzərdə tutulan yeni əməkdaşlıq mexanizmindən gedir.

Azərbaycan yenə də inam və etimad ünvanı kimi çıxış edir, geosiyasi proseslərin mərkəzində dayanır. Digər mühüm məqam yeni geosiyasi nizamın məhz Azərbaycan-Türkiyə strateji müttəfiqliyi fonunda təşəkkül tapmasıdır. Çünki Bakı ilə Ankaranın təşəbbüsləri bölgədə yeni geostrateji konfiqurasiyanın formalaşmasına zəmin yaradır. Qonşu Gürcüstan da iki dövlətlə birgə addımlayaraq regionun strateji gələcəyini birlikdə inşa etmək istəyini və niyyətini aydın ifadə edir. Üç ölkənin işbirliyinin mühüm halqalarından biri enerji və nəqliyyat sahəsində əməkdaşlıq perspektivləridir. Azərbaycan, Türkiyə və Gürcüstan bu istiqamətdə səmərəli əməkdaşlıq qura biliblər. Birgə tərəfdaşlıq çərçivəsində qarşılıqlı investisiya qoyuluşunun artması, enerji resurslarının, karbohidrogen ehtiyatlarının əlverişli və təhlükəsiz marşrutlarla daşınması gələcəkdə səmərəli və çoxşaxəli işbirliyinin uğurla davam etdirilməsinə etibarlı zəmin formalaşdırır. Bu isə Avrasiyanın enerji və nəqliyyat xəritəsinin yenidən dizayn edilməsidir.

“Üçlük” platforması həm Azərbaycan, Türkiyə və Gürcüstanın strateji maraqlarının təmin olunması, həm də regional əməkdaşlığın əhatə dairəsinin genişləndirilməsi baxımından əhəmiyyətlidir. Bu, həm də gələcəkdə yeni işbirliyi nümunələrinin yaradılmasını təşviq edə bilər.

Politoloq Nurlan Qələndərli

visiontv.az