Yazıçılar Birliyinin "sürücülük" vəsiqəsi
Yazıçılar Birliyinin "sürücülük" vəsiqəsi
18.05.2022 MEDİA Tərəfindən

Sürücülük vəsiqəm olmayan vaxtlarımdı. Vaxtlarım deyəndə ki, etiraf edim, təxminən on il ərzində avtomobilimi vəsiqəsiz sürmüşəm.

QAZ-24-ümü tələbə ola-ola Yəməndə işlədiyim zaman qazandığım vayuta ilə almışdım. Yaxınlarım, valideynlərim israr edirdilər sürücülük kursuna yazılım, imtahan verib vəsiqə alım ki, avtomobil müfəttişləri ilə üzləşəndə problem yaranmasın. Mənimsə nə həvəsim vardı olduqca qəliz yol hərəkəti qaydalarına dair çaşdırıcı test şəkillərini öyrənim, nə də rüşvət pul verib vəsiqə alım.

İndi düşünürəm o zaman vəsiqəsiz maşın sürməyimdə yəqin bir ərköyünlük də olmamış deyildi. Q.Qasımzadədən mənə keçən sürücü ərköyünlüyü.

Vaxtilə Azərbaycan Dövlət Avtomobil Müfəttişliyinin (DAM), bizim “QAİ” dediyimiz idarənin naçalniki Azad Quliyevlə (mərhum həm də şair idi, “Azad Talışoğlu” imzası ilə şeirlər yazırdı) dost idi. Bakı küçələrində sükan arxasında yol hərəkəti qaydalarını tez-tez pozsa da, problemi olmazmış, müfəttişlər saxlayanda yarızarafat, ərklə deyərmiş "qaydaların pozulmasına icazəni şəxsən Azad Quliyevin özündən almışam". Zavalli müfəttişlər bir söz deməyib məcbur imişlər bu "naruşitel"dən (yaxınları, dost-tanışları arasında bu ləqəbi özü qazanmışdı) əl çəksinlər. Müfəttişlərə çəkdirdiyi “zülmlərə” baxmayaraq, əslində, onlara münasibəti çox yaxşı idi, “İzlənən kölgə” adlı bir şeir də həsr etmişdi onlara. Süjetli şeirdə ərköyün sürücüləri qarabaqara izləyən fəlakət kölgəsini bir müfəttiş obrazı izləyir. Azad Quliyev həmin şeiri tabeliyindəki işçilərə tez-tez oxutdurarmış...

Qasım müəllim təkid edəndə ki, sürücülük vəsiqəsi almağın qayğısına qalım, demişdim “get onların böyüyünə tapşır imtahandan kəsməsinlər, vəsiqəmi versinlər”. O da “əvvəlki vaxtlar deyil, QAİ-nin indiki naçalniki ilə tanışlığım-filan yoxdur axı?!” demişdi.

Xülasə, çox sonra bir dəfə Qasım müəllimi məcbur etdim QAİ-nin şəxsi münasibəti olmadığı rəhbərinə məndən ötrü xahiş etsin. Sağ olsun, sözünü yerə salmadı. Ölkəmizin müstəqilliyinə 1-2 il qalmışdı, avtomobilimi, nəhayət, sürücülük vəsiqəsi ilə sürməyə başladım. Ötən on il ərzində isə vəsiqəsizlik üzündən müfəttişlərindən az çəkməmiş və onlara da, necə deyərlər, az çəkdirməmişdim.

...Qara şəhər tərəfdən Qaqarin körpüsünə 1-2 km qalmış öz avtomobilinin yanında dayanan müfəttiş əlində tutduğu çubuğu ilə işarə edir maşını saxlayım. Sürətim artıq olduğundan təxminən 50-60 metr aralıda dayanmalı oluram. Maşından düşmürəm, gözləyirəm yaxınlaşsın. Güzgüdən baxıram müfəttiş aram-aram maşınıma doğru addımlayır. Pəncərəni açmışam, gözləyirəm lap yaxın gəlib sükan tərəfdən bərabərimdə dayansın. Mühərriki söndürməmişəm. Yaxınlaşır. Və elə ki, əlini gicgahına aparıb “leytenant...(adı xatirimdə deyil)” deyə özünü təqdim edir, sözünü ağzında qoyub ayağımı basıram qaza. Gözüm də güzgüdədir görüm bu nə edir. Qaçır maşınına tərəf. Mən də sürətlə aralanıram, qarşımdakı avtomobilləri bir-bir ötərək şəhərin mərkəzinə doğru şütüyürəm. Handan-hana baxıram təqibçim gözə dəymir. Hər ehtimala qarşı maşını darısqal küçələrin labirintinə salıb sürərək gəlib çıxıram həyətimizə. Təhlükə sovuşur. Yazıçılar binasının həyətində özümü arxalı hiss edirəm.

Bu həyət bir dəfə, həqiqətən, məni avtomobil müfəttişinin cəngindən qurtarmışdı. Onu da yazım.

...Şəhərin mərkəzi küçələrinin birində müfəttiş əlini yellədir ki, maşını saxlayım. Özümü görməzliyə vurub şütüməyimdəyəm. Dərhal motosikletini işə salıb sürətlə ardımca sürür. “Qonka”ya çıxmağın mənası yox, motosikletdədir, maşınlararası manevr imkanları mənimkindən qat-qat çoxdur. Sürəti artırmadan maşını yaşadığım ünvana tərəf yönəldirəm. İkimiz də ard-arda daxil oluruq binamızın həyətinə. Maşından enirəm. O da motosikletindən düşüb yaxınlaşır, ədəblə özünü təqdim edir, işarəsinə nədən məhəl qoymadığımı soruşur. Bilirəm ardınca da sürücülük vəsiqəmi istəyəcək. Həyətimizin uşaqları məni azacıq aralayıb onu dairəyə salırlar başa salsınlar ki, bəs “rəis, o elə oğlan deyil, gör heç qayda-filan pozana oxşayır ya yox”. Təxminən bu qəbildən dilə tutma. Mən də nə isə demək istəyirəm, uşaqlar mənə göz-qaş edirlər “sən danışma, qoy özümüz onu yola verək getsin”. Bu dəmdə binamızın ağsaqqallarından olan Manaf əmi (musiqi məktəbinin direktoru işləyirdi, binamız tikilməzdən əvvəl yerində onun şəxsi evi olubmuş deyə yazıçılarla birgə ona da qonşuluğumuzda mənzil vermişdilər) gəlib uşaqlara qoşularaq zavallı müfəttişə elə təpinir ki, arxamca gəlməyinə peşman olur, motosikletinə minib həyətimizdən sakitcə uzaqlaşır.

Tanışlıqla aldığım vəsiqənin ömrü isə bir neçə il çəkdi. Sovetlər dağıldı. Deyirdilər yeni vəsiqə üçün də gərək imtahan verəsən.

Müstəqillik illərinin ilk dövründə müfəttişlərə köhnə vəsiqəmi göstərirdim, deyirdilər dəyişməlisən. Dəyişmək üçün mənə deyilən prosedurlar yenə qəliz gəldiyindən köhnə vəsiqəmlə birtəhər başımı girləyirdim.

90-cı illərin ortaları olardı. Bir avtomobil müfəttişi dedi “getməliyik cərimə meydançasına”. Qayıtdım “ayıbdır, qardaş, elə eləmə, burax gedim”. Kimliyimi soruşanda Yazıçılar Birliyinin üzvlük vəsiqəsini təqdim etdim. “Ziyalılara hörmət borcumuzdur” deyib məni yola saldı. Həm də pis öyrətdi məni. Hər dəfə sürücülük vəsiqəsi əvəzinə Yazıçılar Birliyinin vəsiqəsini göstərirdim, təbəssümlə yola verirdilər. Deyəsən həm də ona görə təbəssümlə ki, “onsuz da bundan pul çıxan deyil”.

Bir məzəli əhvalatı da yeridir yazım.

Axşamüstü Mərdəkandan aeroport yolu ilə şəhərə qayıdırdım. Qabağımca gedən maşını ötəndə qaydanı pozub qarşı tərəfdən gələnlərin yoluna çıxdım, dərhal da öz yoluma döndüm. Bir avtomobil müfəttişi də bunu görürmüş. Başladı arxamca şütüməyə. Özümü o yerə qoymadan, guya benzin doldurmaq niyyəti ilə maşını yol kənarındakı yanacaq doldurma məntəqəsinin ərazisinə saldım. O da dalımca düşüb avtomobilini nədənsə xeyli aralıda saxladı. Uzaqdan baxıram, üstündə işığı yanıb-sönən maşından biri çıxır, səntirləyə-səntirləyə gəlir. Yəni tam hiss olunur möhkəmcə dəmdir, ayaqlarını zorla sürüyür, bəzən də ayaq saxlayıb yerində yırğalandıqca zənn edirsən elə indicə yıxılacaq.

Mənzərəni təbəssümsüz seyr etmək mümkün deyil. Ərazinin zəif işığında yaxınlaşıb dili topuq vura-vura özünü təqdim edir, vəsiqəmi istəyir. Hal-əhvalını soruşuram, Yazıçılar Birliyinin vəsiqəsini uzadıram ona.

Sənədi gözlərinə yaxınlaşdırıb diqqətlə nəzərdən keçirir:

- Bu nədir?

- Sürücülük vəsiqəsi...

- Hə?!...

- Bəli. Diqqətlə bax, gör nə yazılıb. Filan tarixdə verilib, filan tarixdə də vaxtı bitir.

- Sürücülük vəsiqəsinə oxşamır axı!? - dili dolaşa-dolaşa deyir.

- Bu, “firmenni” vəsiqədir, xüsusi şəxslərə verilir. Bilmirsən? Neçə ildir QAİ-də işləyirsən?

- Müəllim, axı ola bilməzzz... – deyib Yazıçılar Birliyinin vəsiqəsini gözlərinə təpir.

- “Ya-zı-çı-lar” yazılıb burda.

- Hə də. Yazıçılar üçün sürücülük vəsiqəsi, yəni.

- De “sən öl”!?

- Yox, qardaş, mənə “sənöl” vurdurma. Kefin kökdür, eşq olsun, əzizim, məni də bir məclisə çağırıblar, tələsirəm, - şirin dilimi işə salıb lül dəm müfəttişi bağrıma basıram.

Kövrəlir:

- Yaxşı yol...

Özüm də kövrəlmişəm deyəsən, üzündən öpürəm:

- Sağ ol, qardaş.

Qardaş kimi ayrılırıq...

2000-ci illərin ortalarında özlüyümdə qərar verdim daha yetər, “çox millət-millət deyirsən, zəhmət çək sovetdən qalma vəsiqəni milliləşdir”. Amma yenə deyirlər vəsiqənin “stavka”sını qaldırıblar. Və yenə də rüşvətsiz imtahan dərdi məni götürüb. Zəng edirəm xalq yazıçılarından birinə məni QAİ-nin rəhbərinə tapşırsın. O da “indi yazıçı-filan hərləyən kimdi, yazıçının biri də özün, get özünü təqdim et, gör bir şey alınır?!”

Ürəyimdə ağsaqqal yazıçının ünvanına deyinə-deyinə - “sən də məni belə yola verdin” – yollanıram QAİ sədrinin qəbuluna.

Elə hörmət-izzətlə məni qəbul edir ki, məəttəl qalmışam. Dərhal göstəriş verir yeni vəsiqə versinlər. Oradaca şəklimi çəkdirir, dövlət rüsumu ödətdirir. Vəsiqəmi alıram, sədrin kabinetinə qayıdıb təşəkkür edirəm.

Bu xatirə qeydlərim də olsun vaxtilə incitdiyim avtomobil müfəttişlərinə üzrxahlıq borcumun ödənişi...

Şair, təcüməçi Nəriman Qasımoğlu

visiontv.az