“YAŞAT” Fondundan Türkiyəyə göndərilən qazilərlə bağlı açıqlama
“YAŞAT” Fondundan Türkiyəyə göndərilən qazilərlə bağlı açıqlama
25.04.2022 YAŞAT Fondu Tərəfindən

“YAŞAT” Fondu tərəfindən 2021-ci ilin fevral ayından etibarən müalicə məqsədilə 167 qazimiz Türkiyə Respublikasına göndərilib. Onlardan 132-si sağalaraq Vətənə qayıdıb, 35 qazimizin müalicəsi Fondun nəzarəti altında davam etdirilir.

Fonddan Visiontv.az-a verilən xəbərə görə, ümumilikdə Türkiyədəki müalicələrə Fondun büdcəsindən 12 milyon manatdan artıq vəsait xərclənib. Hazırda Türkiyə Respublikasında müalicə alan 35 qazimiz üçün Fondun büdcəsindən 6 milyon manatdan artıq vəsait xərclənib.

​Türkiyəyə göndərilən hər bir qazimizin müalicəsi ilə bağlı rəy mütəxəssislər tərəfindən verilir. İcra olunmalı əməliyyatların və ya müalicə prosesinin ölkəmizdə keçirilməsi mümkün olmadıqda Türkiyə təcrübəsinə müraciət edilir. Ölkə xaricində müalicə həkim rəyi ilə müəyyən edildiyi kimi, geri dönüş və müalicənin davamının necə olacağı da yenə mütəxəssislərin rəyinə uyğun şəkildə həyata keçirilir. Ağır yaralıların səhhəti kritik vəziyyətdən stabilə gətirildikdən, müsbətə doğru irəliləyiş müşahidə edildiyindən və müalicənin Azərbaycanda davam etdirilməsinin mümkünlüyü təsdiqləndikdən sonra onların mərhələli şəkildə ölkəyə gətirilməsi həyata keçirilir. Hər bir yaralının müalicə müddətini və reabilitasiya prosesini mütəxəssislər təyin edirlər. Onların müalicəsi fərdi olaraq həyata keçirildiyindən qazilərin geri dönüş tarixləri də müalicə prosesinə uyğun reallaşdırılır. Qazilərin səhhətinin daha yaxşı vəziyyətə gətirilməsi üçün mümkün olan bütün tədbirlər görülür və həkimlərin də bildirdiyinə əsasən reallıq odur ki, ağır yaralanmış qazilərimizin bəzilərinin müharibədən əvvəlki vəziyyətlərinə qaytarılması mümkün deyil.

​Xatırladaq ki, “YAŞAT” Fondunun təşkilatçılığı ilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin, həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin əməkdaşlarından ibarət tibbi komissiyanın Türkiyəyə səfəri təşkil olunub və orada müalicə olunan 25 hərbçimizin əlilliyi qiymətləndirilib.

​Müalicə prosesində qazilərimizlə birlikdə 1 nəfər ailə üzvü də Fond tərəfindən bütün xərcləri ödənilməklə Türkiyəyə göndərilir. Ailə üzvlərinin bu prosesə cəlb olunması mümkün olmadıqda onlara bir nəfər baxıcı təhkim olunur.

​1 ildən artıq müddətdir ki, qazilərimiz ölkə xaricinə göndərilir və bu müddətdə onların digər ailə üzvləri - həyat yoldaşları, valideynləri, övladları ilə də mütəmadi görüşlər təşkil olunur. Eyni zamanda həmin qazilərimiz Türkiyədə təşkil olunan rəsmi tədbirlərə xüsusi qonaq qismində dəvət olunurlar, bayramlarda, xüsusi günlərdə onlar üçün təşkil edilən ziyafətlərə qatılırlar.

​Nəzərinizə çatdıraq ki, “YAŞAT” Fondu qazilərimizin müalicəsinin bütün maliyyə xərclərini qarşılayır. Bura təyyarə bileti, xəstəxana xərcləri, qarşılanma, yemək və otel, nəqliyyat daxil olmaqla yarana biləcək bütün xərclər maliyyə hesabatlarında əks olunub. Bütün bu xərclərdən başqa, yarana biləcək hər hansı əlavə istəkləri üçün hər ay qazilərimizə 200 dollar xərclik təqdim olunur. Qazilərimizin tibbdən əlavə Fondun digər – məişət şəraitinin yaxşılaşdırılması və borc öhdəliklərinin qarşılanması istiqamətlərində müraciətləri də təmin edilib.

Müalicə üçün seçilən xəstəxanalar öncədən araşdırılır, danışıqlar aparılır, xəsarət və xəstəlik bildirilir və həmin istiqamət üzrə ixtisaslaşmış klinika, sağlamlıq mərkəzləri və hospitallar həssaslıqla seçilir. Türkiyəyə müalicəyə göndərilməzdən öncəki kimi, ölkəyə qayıtdıqdan sonra da “YAŞAT” Fondu əlaqəli qurumlarla birlikdə onların müalicə prosesini diqqətdə saxlayır, narahatlığa heç bir səbəb yoxdur.