Yanğın, yoxsa cəza?! - Bəybala Mirzəyev
Yanğın, yoxsa cəza?! - Bəybala Mirzəyev
30.07.2021 Bəybala Mirzəyev Tərəfindən

Türkiyəni niyə yandırırlar?

Bir müddət keçəcək, qardaş ölkədəki bu günkü bu tükürpərdən yanğın səhnələrinin də arxasından böyük dövlətlərdən hansı(ları)nınsa barmağı görsənəcək, imzası üzə çıxacaq. Bəli, bəli,  söhbət "hibrid müharibə"dən gedir... 

Prinsipcə bu çoxdan gözlənilən idi. Çünki son 20 ildə Türkiyənin Qərbdən (ilk növbədə isə ABŞ-dan) asılılığa son qoymasını və bu qədər böyük sıçrayışla iqtisadi yüksəlişə nail olmasını şübhəsiz ki, ona bağışlamazdılar. Odur ki, Türkiyəni cəzalandıracaqları həqiqətən də gözlənilən idi. 

Ancaq onları bu cəzanı İraqı, Əfqanıstanı, Liviyanı, Misiri, Suriyanı cəzalandırdıqları kimi ssenariləşdirə, gerçəkləşdirə bilməzdilər. Çünki əvvəla Türkiyə İraq və ya Suriya deyil. Türkiyə Türkiyədir! 

Onlar Türkiyənin fərqli bir ölkə, türk xalqının da fərqli bir güc olduğunu tarixdən belə yaxşı bilirlər. 

Birdəki, indi 2021-ci ildir. İndi klassik müharibələr və hərbi müdaxilələr dövrü çoxdan arxada qalıb. İndi bu və ya digər ölkənin üzərinə qoşun göndərmək, elan olunmuş (və ya olunmamış) müharibələrə start vermək dəbdə deyil. 

Bu günün "dəb"i hibrid müharibələrdir. Yəni ki, bu və ya digər ölkəni qorxutmaq, zəiflətmək, neytrallaşdırmaq istəyən böyük güclər həmin ölkələrdə "beşinci kolon"lar vasitəsilə cürbəcür teraktlar, yanğınlar törədir, kütləvi xəstəliklərə, epidemiyalara şərait yaradır, etiraz aksiyaları təşkil edir, piar-kampaniyalar aparırlar. 

Türkiyədəki son yanğınların ssenarisi və dəst-xətti də bütün bunların qurğu, eko-terror olduğunu göstərir. Bir sözlə, düyməyə basılıb və Türkiyəyə qarşı hibrid müharibələrə start verilib. Məqsəd də Türkiyənin inkişafını əngəlləmək, bu ölkəni yenidən yedək ölkəyə, asılı ölkəyə çevirməkdir. 

Axı güclü Türkiyəm hamının yuxularını qarışdırır!

Visiontv.az