Xalq artisti : - “Çox şadam ki, bu günə kimi gəlib çıxmışam…”
02.02.2023

Prezident İlham Əliyevin sərəncamı ilə aktyor Tofiq Mirzəyevə Xalq artisti adı verilib.

Visiontv.az xəbər verir ki, Tofiq Mirzəyev  APA-ya müsahibə verib. Həmin müsahibəni sizə təqdim edirik

Tofiq müəllim, salam, necəsiniz? Bu gün Prezidentin sərəncamı ilə “Xalq artisti” fəxri adı və “Şöhrət” ordeni ilə təltif edildiniz. Yəqin xəbəriniz var?

Mən buna görə çox təşəkkür edirəm Prezidentimizə, çox təşəkkür edirəm Vətənimə, Azərbaycan xadimlərinə, xalqımıza. Mən çox minnətdaram, çox razıyam ki, məni unutmayıb, yadda saxlayıblar. Mən çox şadam, çox şadam…

Tofiq müəllim, “Əməkdar artist” adını 1976-cı ilə almısınız.

Bəli. Mən o adı Moskvada çəkilən altı seriyalı “Cinahsız cəbhə” filmində canlandırdığım komissar Əliyev obrazına görə almışam. Həmin filmdə SSRİ-nin böyük aktyorları iştirak edirdi. Ona görə də o vaxt Heydər Əliyev, Allah rəhmət eləsin, bizi qəbul elədi və mənə “Əməkdar artist” adını verdi.

“Əməkdar artist” adı almağınızın üstündən 46 il keçdi və bu illər ərzində heç bir ad almadınız. Halbuki istər musiqi, istərsə kino sahəsində böyük işlər görmüsünüz. Fəxri ad layiqiniz idi. Unudulduğunuzu düşünürdünüz? İçinizdə belə bir hiss var idi?

Bilirsiniz, bu belə bir məsələdir ki… O vaxt sovet hökuməti idi, sonra müstəqillik oldu, Azərbaycanda dəyişikliklər oldu, Qarabağ müharibəsi oldu… Ona görə mən heç incimirəm ki, elə bir çətin vəziyyətdə mənə ad versinlər. Mən indi, bu saat çox minnətdaram. Siz bilirsiniz də mənim doxsan yaşım tamam olur sabah yox, biri gün. Mən çox şadam ki, məni yadda saxlayıblar. Və Azərbaycan Prezidenti bu qədər işinin içində məni yada salıb, mənə fəxri ad verib. Çox minnətdaram.

Tofiq müəllim, neçənci ildən İsraildə yaşayırsınız?

Mənim bura gəlişim xəstəliklə bağlı idi, anam da burada yaşayırdı. Gəlib, ona baş çəkdim, 1997-ci ildən də İsraildə qaldım. İndi də qalmışam həkimlərin əlində.

Səhhətiniz necədir indi? Biz ötən dəfə danışanda həkimdə olduğunuzu demişdiniz.

Belə də. Bu yaşda insanda bəzi-bəzi xəstəliklər olur.

Bu illərdə Bakıya gəlib-gedirdiniz?

Mən hər il ad günümü Bakıda keçirmişəm. Axırıncı dəfə 2019-cu ildə həyat yoldaşım Elmira Səfərovanın 85 yaşı tamam oldu, mən gəldim Bakıya. Sonra koronavirus başladı, ondan sonra gəlmədim.

Bakıdan kimləri, nələri xatırlayırsınız? Bilirəm ki, Niyazidən, Tofiq Quliyevdən tutmuş, Rüstəm, Maqsud İbrahimbəyovlara qədər xeyli dostlarınız olub, Anarın özü ilə həm də qohumsunuz.

Bəli, bəli. Anar, onun yoldaşı Zemfira xanım… Anar həm də bacanağımdır… Mənim dostum, memar Rasim Əliyev, Rüstəm İbrahimbəyov, Maqsud İbrahimbəyov, rəssam Rasim Babayev, Toğrul Nərimanbəyov, Tahir Salahov… Bu böyük sənətkarların hamısı ilə yaxın idim. Mən televiziyada işləyəndə onlar haqqında filmlər çəkmişəm.

Tofiq müəllim adlarını çəkdiyiniz dostlarınızdan çoxu rəhmətə gedib. Onlardan hansıları daha çox xatırlayırsınız? Xatirələriniz ən çox kimlərlə bağlıdır?

Çox xatirəm var. Ad çəkməyə başlasam, axşamacan gərək mənə qulaq asasınız. Azərbaycanda mən çox gözəl insanlarla tanış olmuşam. Ad çəksəm, telefon kitabçasına oxşayacaq. Bir də ki, mənim yaşım çoxdur, ola bilər, kiminsə adın çəkim, kimsə yaddan çıxsın. İstəmirəm belə olsun. İstəyirəm hamıya təşəkkürüm çatdırasınız. Mən şadam ki, o böyük insanlarla tanış olmuşam, rastlaşmışam. Siz bilirsiniz, mən musiqiçi idim. Niyazi müəllimin orkestrində işləmişəm, Moskvada keçirilən Azərbaycan dekadasına getmişəm. Filarmoniyanın simfonik orkestrində işləyirdim, sonra filarmoniyanın baş rejissoru oldum. Adım, bütün ömrüm Azərbaycanla bağlı olub. Bir balaca zövqüm, bacarığım olubsa, onu Azərbaycan həsr eləmişəm.

Sizi “Qaya” qrupunun da yaradıcısı hesab etmək olar? Düzdür, qardaşınız rəhmətlik Teymur müəllim “Qaya”nın solisti idi, amma kvartetin yaranmasında Sizin də az zəhmətiniz olmayıb.

Yox, bu düzgün olmazdı. “Qaya”nı yaradanda mən çox aktiv şəkildə onlara kömək etmişəm. Çünki Teymurdan böyük idim və onların ifa etdikləri musiqini yaxşı bilirdim, bəzi şeyləri birinci kvartetə öyrədirdim. “Qaya” ansamblı da o vaxt böyük rəğbət qazanırdı. Dediyim kimi, mən, sadəcə, rejissor, musiqiçi kimi lap əvvəldən onlara kömək edirdim. Məndə bir xarici kvartetin valı var idi. Onu Bakıya gətirəndə Teymur dinlədi, çox bəyəndi. Dedi ki, belə bir kvartetin yaranması gözəl olardı. Mən də dedim ki, burda çətin nə var, gəl yaradaq. Beləcə, “Qaya” yarandı.

Tofiq müəllim, sizinlə qardaşınızın bioqrafiyasında belə bir fərqli naüns var: siz Gədəbəydə, qardaşınız Ağdamda anadan olub.

Mən Gədəbəydə anadan olmamışam, Bakıda anadan olmuşam. Amma Gədəbəy mənim atamın vətənidir. Gədəbəy gözəl yerdir. Biz müharibə (Böyük Vətən müharibəsi – red.) vaxtı orada qalmışıq. Atam müharibədə iştirak edirdi, yaralandı. O vaxt anam mən, qardaşım və bacım Leya ilə Bakıda qalırdı. Gədəbəydəki qohumlarımız dedilər ki, anam Bakıda üç uşaqla başsız qalmasın, bizi ata yurdumuza apardılar. Atam da cəbhədə idi, ondan heç məktub da gəlmirdi. Ondan sonra biz Gədəbəyə getdik və müharibənin çox hissəsini orada qaldıq. O təbiət, o torpaq, o dağlar, o çaylar, o meşələr… Ah, nə gözəl yerdir Gədəbəy.

 Atanız müharibədən qayıtdı?

Atam hospitaldan çıxandan sonra Gədəbəyə gəlib bizi gördü, biz onun tapşırığı ilə Bakıya qayıtdıq. Sonra mən musiqi ilə məşğul oldum. Moskvada konservatoriya məktəbini qurtardım. Onu qurtarandan sonra maestro Niyazi mənim barədə eşitdi, orkestrində işləməyi təklif etdi. Atamla-anamın israrı ilə Bakıya qayıtdım, Niyazinin rəhbərliyi ilə simfonik orkestrdə çalışdım. 1959-cu ildə isə Moskvada keçirilən Azərbaycan dekadasında iştirak elədik və böyük müvəffəqiyyət qazandıq.

Sonra, deyəsən, xəstələndiniz və musiqini atdınız.

Bir dəfə qış vaxtı Leninqradda qastrolda olan zaman mənə soyuq dəydi, möhkəm xəstələndim. Mən nəfəsli alətdə çalırdım. Xəstələnəndən sonra həkimlər ciyərlərimə görə daha çalmağa icazə vermədilər. Ona görə fikirləşdim ki, necə edim, musiqidən uzaqlaşmayım. Ona görə də Moskvaya gedib orada televiziya musiqi rejissorluğu kurslarını bitirib qayıtdım. Sonra da Azərbaycan Televiziyasında işləməyə başladım və çoxlu film çəkdim.

Həm də çəkildiniz. Deyəsən, ilk dəfə “Uşaqlığın son gecəsi”ndə çəkilmisiniz.

O birinci filmimdi. İş ondadır ki, bizim televiziyada baş rejissorumuz olan Arif Babayev kinostudiyaya işə keçdi və orada “Uşaqlığın son gecəsi” filmini çəkməyə başladı. Mənə də dedi ki, Tofiq, səni baş rolların birində görürəm. Mən etiraz elədim ki, aktyor deyiləm axı.

Aktyor təhsiliniz də yoxdur.

Aha. Amma razılaşdım və dedim ki, komissiya razılıq versə, çəkilərəm. Xoşbəxtlikdən komissiya razılıq verdi və çəkildim. Ondan sonra digər filmlərdə çəkilməyə başladım. İndiyə qədər 35-36 filmdə çəkilmişəm. Sonra Moskvada, başqa ölkələrdə də çəkildim, amma əsas Bakıda çox çəkilmişəm.

Neçə-neçə rol canlandırmısınız. Onların içində ən yaddaqalan hansıdır?

Bir film adı çəkə bilmərəm, bir neçə filmdir. Hərəsinin obrazı ayrı-ayrıdır, ona görə demək istəyirəm ki, “Cinahsız cəbhə” filmindəki komissar Əliyev obrazım yaddaqalandır. Mən 8 il Bakıda yaşaya-yaşaya hər il Moskvaya gedib, o filmə çəkilmişəm. O film çox yaxşı mükafatlar aldı. Sonra çox şadam ki, Anar məni “Uzun ömrün akkordları” filminə çəkdi.

Axırıncı rolunuz həmin film olub?

Yox, axırıncı dəfə Rüstəm İbrahimbəyovun filmində oynamışam.

Sizin “Uşaqlığın son gecəsi” filmindəki Rüfət obrazınız mənfi personajdır. Adətən, mənfi obrazı canlandıran aktyorlara qarşı tamaşaçıda müəyyən antipatiya olur. Amma Siz həmin obrazınızla və bütün digər obrazlarınızla birlikdə hər zaman çox müsbət çalarla yadda qalmısınız. Bunu nəyə bağlayırsınız?

Bunu mən atamla anama bağlayıram (gülür), məni belə yaratdılar.

“Nəsimi”də, “Uzun ömrün akkordları”nda, “Ən vacib müsahibə”də və digər bütün filmlərinizdə müdrik, tamaşaçını ilk andan özünə bağlayan obrazınız, xarizmanız var.

 Nə bilim. Mən çox şadam ki, bu günə kimi gəlib çıxmışam… Xəstəliklər də imkan vermir mənə, bir yandan da koronavirus qoymur mən gəlim vətənimə, Bakıma.

 Çox darıxmısınız Bakı üçün?

Bakı çox gözəl olub. Mən bir neçə rayona getmişəm. Çox dəyişilib. Yollar yaxşıdır. Sovet hökumətinin əleyhinə nəsə demək istəmirəm, amma Azərbaycan çox dəyişib. Mən bunu bilirsiniz nəyə bağlayıram? Əvvəla Azərbaycanı bərpa eləməyə Heydər Əliyev başladı. Sonra da oğlu davam etdirdi. Oğlu da ki… Mənim heç sözüm yoxdur.

Üstəlik müharibədə qalib gəldik.

Vay-vay vay, onu heç deməyin.

Müharibənin gedişatını izləyirdiniz?

Qarabağ, Şuşa mənə çox yaxındır. Çünki Anar Üzeyir Hacıbəyov haqqında film çəkəndə aparıcını mən oynamışam. Mənim üçün bir aktyor kimi o filmdə çəkilmək böyük şərəf idi. Çünki mən konservatoriyanı bitirmişdim, orkestrlərdə çıxış eləmişdim. Buna görə Anar mənə o filmdə çəkilməyimi təklif elədi. Mən də buna çox şad oldum.

Çəkilişlər Şuşada olmuşdu də?

 Bəli, Şuşada iki aydan çox yaşadıq. Üzeyirin uşaqlıq illərini orada çəkdik. Deməyim odur ki, Qarabağ, o torpaqlar mənə çox doğmadır. Mən müharibə gedəndə hər anı internetdə baxırdım.

Torpaqlar alındıqca nə hisslər keçirirdiniz?

Baa… Çox sevinirdim. Qarabağ mənə çox yaxındır. Çünki mənim kiçik qardaşım Teymur Ağdamda anadan olub. Mənim atam 30-cu illərdə Ağdamın birinci katibi idi və biz orada yaşayırdıq. Mənim gördüyüm Ağdamdan, o gözəl şəhərdən – orada teatr, musiqi məktəbləri vardı – heç nə qalmayıb. Mən görəndə ki, o şəhəri necə dağıdıblar dəhşətə gəldim. Çox həyəcan keçirdim.

Doxsan illiyinizlə bağlı bir mərasim olacaq İsraildə? Yaxud Bakıda da yubileyinizin keçirilməsi ehtimalı var?

Mən yaşda adamın ad gününə Bakıdan bura durub gəlməyə heç kəs qalmayıb, qalan da uzaqda yaşayır. Mənim isə bu saat vəziyyətim elə deyil ki, bir yana çıxım. Balaca şəhərdəyəm.

Hansı şəhərdə yaşayırsınız?

Arad. Balaca şəhərdi. Mənim qardaşım, anam rəhmətə gedib, qalmışam belə.

Orada kimlərlə yaşayırsınız indi? Övladlarla, nəvələrlə…

Mənim nəvəm yoxdur. Oğlum var. Onunla birlikdə olurduq. Bayaq sizə dedim ki, xəstəliklə əlaqədar o vaxt İsrailə gəldim. Bax, oğluma görə gəldim. O, Moskvada VQİK-də (Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutu-red) oxuyurdu. Çox pis xəstəlik tutdu. Və anam dedi ki, gəlin gedək İsrailə. Mənim anam yəhudidir.

Bilirəm, bəli.

Ona görə anamın İsrailə gəlmək imkanı vardı. Anamın sözünə görə İsrailə gəldik və yaxşı ki, onda anamın sözünə qulaq asdım. Oxuculara nə demək istəyirsiniz?

Mən istəyirəm ki, Azərbaycan gündən-günə inkişaf etsin, həmişə şadlıq olsun, həmişə Vətənləri ilə fəxr etsinlər. Elə indi də fəxr edirlər. Azərbaycanda böyük dəyişiklik olub. Mən 1932-ci ildə anadan olmuşam. Müharibəni görmüşəm. Bir əsrə yaxın ömür yaşamışam. Azərbaycanlılar insanpərvərdirlər, dostcanlıdırlar, davakar deyillər…

Bu vaxt telefon əlaqəsi kəsilir, yenidən telefon əlaqəsi yaradırıq.

Tofiq müəllim, yenə mənəm. Bağışlayın, əlaqə kəsildi, sözünüz yarıda qaldı. Sizi də yordum.

Mən onda yorulardım ki, Azərbaycanda çətinlik olsun. Bu illərdən sonra torpaqlarımız azad oldu, Azərbaycan bir dövlət kimi özünü göstərdi. Bunlar hamısı məni çox sevindirir.

Sadəcə, mən sovet dövründə rus məktəbini bitirmişdim. Bilirsiniz, mən qabaq danışanda ləhcə ilə danışmırdım, təmiz gədəbəyli kimi.

Otuz ilə yaxındır, Azərbaycandan uzaqda olsanız da dilinizi unutmamısınız.

Yox, haradan, dili unutmaq olar? Dilini unutsan, gərək atanı, ananı unudasan, Vətəndəki gözəl insanları unudasan. Bir də təkrar edirəm, Prezidenti unudasan, onun həyat yoldaşını unudasan. Həmişə bir yerdə böyük işlər görürlər. Yaxşı ailə böyük gücdür. Mənim heç ağlıma gəlmirdi ki, mənə belə yüksək ad verəcəklər, orden verəcəklər. Yenə də mən Prezidentə böyük təşəkkürümü bildirirəm.

Fəxri ad almağınızdan xəbəriniz var idi?

Belə söhbət var idi, amma bilmirdim. Ad günümə sürpriz oldu.

 İlk məndən eşitdiniz?

Bəli.

Onda muştuluq mənə düşür ki?

(Gülüşmə)

Bəli… Muştuluq da yaxşı sözdür.

Tofiq müəllim, bir daha təbrik edirəm, uzun ömür arzulayıram.

Çox sağ olun.