Vətən uğrunda şəhid düşmək böyük nemətdir - Şeyxülislam
07.04.2021

“Biz Azərbaycanda olan konfessiya rəhbərləri ilə hər zaman bir olmuşuq”.

Visiontv.az-ın məlumatına görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə ölkədəki dini konfessiyaların rəhbərləri ilə birgə Ağdama səfəri zamanı jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Qafqaz Müsəlmanları İdarəsi ilə bərabər həm yəhudi, həm xristian, həm katolik kilsəsinin nümayəndələri müraciətləri edir, həqiqəti çatdırır: “Azərbaycanda olan konfessiyalara öz təşəkkürümü bildirirəm. Biz həmişə bir olmuşuq, birik və bundan sonra da Azərbaycan vətəndaşı kimi birlikdə olacağıq”.

eyx həmçinin Vətən Müharibəsində din xadimlərinin fəaliyyətinə də münasibət bildirib: “Bu, çox geniş nüansdır. Bununla bağlı bir kitab hazırlamağı düşünürük. Vətən müharibəsi dövründə din xadimlərinin işləri ilə bağlı bizdə xaricdən göndərilən çoxlu məktublar var. Bu məktubların içərisində bizi dəstəkləyən, istəyən insanların da məktubu çoxdur.  Dünyada tanınmış din xadimlərinin məktublarını almışıq. Onlar hamısı kitablarda çap olunacaq. Din xadimlərinin bu 44 gün ərzində çox ciddi fəaliyyəti oldu. Heç bir şey istəmədən onlar Allah yolunda gecə-gündüz işlədilər. Mən onları tam açmaq istəmirəm. Bu, o qədər böyük və çətin prosesdir ki. Bir oğlumuz şəhid düşdüsə, onun qanı yerə töküləndən sonra din xadimi qucaqlayır, aparır, paltarını dəyişir, onun əzaları yerindən ayrılıbsa, onu yerinə tikir, təmizləyir, yuyur, kəfənləyir, ibadət namazını qılır, duasını edir. Ən mühüm məsələ isə şəhidin hansı bölgəyə getdiyini biz bilirdik. Bununla bağlı biz xüsusi qrup yaratmışdıq. Hər bir şəhiddən bizim xəbərimiz var idi. O şəhidin ailəsinin xəbəri olmadan din xadimlərimiz həmin rayona, yerə, həmin evə gedirdi. Ananın ən  çətin anında yanında olurdu. Bütün şəhidlərin dəfnində bizim din xadimlərimiz iştirak edib. Onlardan bir nəfər də narazılıq etməyib. Vətən uğrunda şəhid düşmək böyük nemətdir. 44 gün ərzində bizim din xadimlərimiz başqa vətəndaşlarla birlikdə çiyin-çiyinə müharibə aparıb. Bu da qələbənin bir tərəfi idi. Bu şəraiti yaradan Müdafiə nazirliyinə də təşəkkürümü bildirirəm”.