“Vətən müharibəsi tarixi – Şəxsiyyət faktoru” kitabı rus dilində çap edilib
23.06.2022

Ötən ilin dekabrında Vətən müharibəsində qazanılan Şanlı Qələbə və onun tarixinə həsr edilən “Vətən müharibəsi tarixi – Şəxsiyyət faktoru” kitabı hazırlanmış və təqdimatı keçirilib. Təqdimat mərasimində kitabın dünya ictimaiyyətinə çatdırılması məqsədi ilə həm də türk, ingilis və rus dillərində çap edilməsi qərara alınıb.

Bakı şəhər İcra Hakimiyyətindən Visiontv.az-a verilən məlumata görə, artıq Vətən savaşında qazanılan Şanlı Qələbənin geniş təbliğində mühüm rol oynayacaq kitabın rus dilində olan variantı – “История  Отечественной войны – Фактор личности” kitabı nəfis tərtibatda işıq üzü görüb.

“Ölkəmizin rusdilli sakinləri, həmçinin Rusiya, possovet dövlətləri və Şərqi Avropanın rusdilli auditoriyası üçün nəzərdə tutulan kitab dövlət qurumları, ali və orta təhsil müəssisələrinə, kitabxanalara, Azərbaycanın aparıcı informasiya vasitələrinə təqdim olunub. Yəqin ki, bu ölkələrdə yaşayan ermənilər də bu kitab vasitəsi ilə İkinci Qarabağ  müharibəsi həqiqətlərini öyrənəcəklər.

Yaxın vaxtlarda kitabın ingilis və türk dillərində variantı çapdan çıxacaqdır”, - deyə məlumatda bildirilir.  

Qeyd olunur ki, bu kitab müharibə tarixinin ilk ümumiləşdirilməsi cəhdlərindən biri olaraq Vətən müharibəsinin əvvəlindən hazırki dövrə kimi olan bütün  mərhələləri əhatə edir və qazanılan Şanlı Qələbə müəlliflər tərəfindən ətraflı araşdırılıb. Kitaba tarixçi alimlərin, hərbiçilərin, Milli Məclisin deputatlarının, tanınmış jurnalistlərin Vətən müharibəsi ilə bağlı yazıları daxil edilib.