ÜST: Koronavirusa qarşı testlərin əldə edilməsi ilə bağlı Azərbaycan hökuməti ilə işbirliyi içindəyik
31.01.2020

"Yanvarın 12-də Çin yeni koronavirusun genetik ardıcıllığını ictimaiyyətlə paylaşdı və bu məlumat ÜST-nin rəsmi saytında yerləşdirildi. Bəzi laboratoriyalar bu məlumatı diaqnostik testin zəruri komponentini yaratmaq üçün istifadə edirlər. Hazırda bəzi ölkələr bu diaqnostik testi laboratoriyalar üçün satın ala bilərlər".

Visiontv.az APA-ya istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəliyindən bildirilib.  

Məlumatda qeyd edilir ki, ÜST RT-PCR testlərinin ölkələrə paylanması üçün bir laboratoriya ilə razılaşma əldə edib. Testlərin paylanması ölkələrin ehtiyaclarından asılı olaraq tezliklə həyata keçiriləcək: "Ölkələr diaqnostik testləri özləri satın alsalar, ÜST tövsiyə edir ki, istifadə etməzdən əvvəl keyfiyyətini yoxlasınlar. Ümumdünya Səhiyyə Təşkilatı hazırda diaqnostik alətlər dəstinin əldə edilməsi ilə bağlı Azərbaycan hökuməti ilə işbirliyi içindədir".