UNESCO-nun azad edilmiş ərazilərə faktaraşdırıcı missiya göndərməsini gözləyirik - Hikmət Hacıyev
02.12.2021

“Məhz mədəniyyətlər arasında əməkdaşlıqlar olmalıdır. Bu, konsepsiyalarda da öz əksini tapıb”.

Viiontv.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Mədəniyyət naminə sülh” qlobal kampaniyasının Tərəfdaşlıq Forumunda deyib.

Prezidentin köməkçisi bildirib ki, Azərbaycanda çox şeylər dəyişib: “44 gün davam edən müharibədə Azərbaycan qalib gəldi və Cənubi Qafqazda böyük imkanlar açıldı. Bizim əsas məqsədimiz sülh əldə etməkdir. Azərbaycan tərəfi Ermənistanla sülh yolu ilə bu münaqişəni həll etmək istəyirdi. İndi də bizim əsas məqsədimiz dayanıqlı sülhü təmin etməkdir. Belə sistem yaratmaq istəyirik ki, bizə müxtəlif cür əməkdaşlıq formatını yaratmağa imkan yaransın. Artıq Cənubi Qafqazda ticarət yolları və marşrutlar açılacaq. İşğal zamanı Azərbaycanın mədəni irsi dağıdılıb. Sistematik olaraq Azərbaycanın mədəni irsinin dağıdılması halları ilə rastlaşmışıq. Mədəni obyektlər, mədəni irs dağıdılıb, məhv edilib. Biz buna beynəlxalq təşkilatları da cəlb etmək istəyirik. Biz gözləyirik ki, UNESCO bu ərazilərə faktaraşdırıcı missiya göndərsin və o ərazilərə öz rəyini versin”.

O, Azərbaycan UNESCO-nun İcraiyyə Şurasına üzv seçildiyini də xatırladıb.