Türkiyənin axtarışa verdiyi şəxs Sumqayıtda saxlanılıb
26.11.2020

26 noyabr 2020-ci il tarixdə Azərbaycan Respublikası Baş Prokurorluğuna Türkiyə Respublikası hüquq mühafizə orqanları tərəfindən İnterpol kanalları ilə beynəlxalq axtarışa elan olunmuş Yağmur Erbay Mustafa oğlunun 25 noyabr 2020-ci il tarixdə Sumqayıt şəhər polis idarəsinin əməkdaşları tərəfindən saxlanılmasına dair məlumat daxil olub.

Baş Prokurorluğun mətbuat xidmətindən Visiontv.az-a verilən məlumata görə, müəyyən edilib ki, Türkiyə hüquq-mühafizə orqanları tərəfindən Türkiyə Respublikası Cinayət Məcəlləsinin 81, 82/l-A (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilən Türkiyə Respublikasının vətəndaşı, 16.06.1981-ci il təvəllüdlü Yağmur Erbay Mustafa oğlu barəsində beynəlxalq axtarış elan olunub. 

1957-ci il tarixli “Ekstradisiya haqqında” Avropa konvensiyasının tələblərinə əsasən Yağmur Erbay Mustafa oğlunun törətdiyi cinayətə görə Türkiyə Respublikasına ekstradisiya məsələsi həll edilənə qədər cinayət prosessual  qanunvericiliyinə uyğun olaraq barəsində Sumqayıt şəhər prokurorluğunun təqdimatı əsasında məhkəmənin qərarı ilə 40 gün müddətinə həbs qətimkan tədbiri seçilib. 

Hazırda Baş Prokurorluq tərəfindən Yağmur Erbay Mustafa oğlunun Türkiyə Respublikasına ekstradisiya məsələsinin həll edilməsindən ötrü zəruri tədbirlər davam etdirilir.