Türkiyə Milli Müdafiə Universitetinin rektoru komandoların çıxışlarına baxıb
11.05.2023

Türkiyə Respublikası Milli Müdafiə Universitetinin rektoru professor Erhan Afyoncunun rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizdə səfəri davam edir.

MN-dən Visiontv.az-a verilən xəbərə görə, qardaş ölkənin Milli Müdafiə Universitetinin Quru Qoşunları İnstitutu, Hərbi Hava Qüvvələri İnstitutu və Hərbi Dəniz Qüvvələri İnstitutunun rəhbər heyəti və dinləyicilərindən ibarət nümayəndələr Fəxri xiyabanda xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın, Şəhidlər xiyabanında isə ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuş vətəndaşlarımızın məzarlarını və Türk şəhidliyini ziyarət edib, üzərinə gül dəstələri qoyub, xatirələrinə ehtiram nümayiş etdirib.

Sonra türkiyəli qonaqlar Heydər Əliyev adına Hərbi İnstitutu, Komando hərbi hissəsini və Hərbi Dəniz Qüvvələrini ziyarət ediblər.

Ziyarət zamanı hərbi hissə və müəssisələrin tarixi və əsas fəaliyyət istiqamətləri barədə türkiyəli qonaqlara brifinqlər verilib, istifadədə olan silah və texnika təqdim edilib, həmçinin komandoların nümunəvi çıxışları nümayiş etdirilib.

Səfər müddətində həmçinin qarşılıqlı hədiyyələr təqdim edilib və xatirə fotoları çəkdirilib.