Türkiyə Azərbaycan yaxınlaşmasını erməni-türk və müsəlman-xristian qarşıdurması kimi qələmə verirlər-Aslan İsmayılov
13.08.2020

Ölkəmiz ətrafında baş verən hadisələrin ciddiliyi ilə bağlı bəzi məsələlərə diqqət yönlətmək istəyirəm.

Mətbuatda bəziləri bilərəkdən, yaxud bilməyərəkdən son dövrlər Türkiyə Azərbaycan arasındakı yaxınlaşmanı erməni-türk qarşıdurması kimi qələmə verirlər.

Buna əsla yol vermək olmaz. Türk - Azərbaycan əməkdaşlığı, yaxınlaşması, ordu təlimləri ancaq və ancaq Azərbaycanın işğal olunmuş torpaqlarının azad edilməsindən gedə bilər.

Bundan başqa, bəziləri bu qarşıdurmanı müsəlman-xristian qarşıdurması kimi də qələmə vermək istəyir. Bu da əsla yolverilməzdir. Bu yerdə vaxtilə Şeyx Allahşükür Paşazadənin bu istiqamətdə çox faydalı işini qeyd etməyə bilmirəm. Qarabağ müharibəsi zamanı da ermənilər nə qədər şalışsa da ki, müharibəni bu istiqamətə yönəltsinlər A.Paşazadə bunun alınmaması üçün var gücü ilə çalışdı.

Bilmək lazımdır ki, Rusiya və Ermənistan bütün güclərini səfərbər edərək hər iki halı gündəmə gətirib dünyanın fikrini bu istiqamətə yönləndirməklə dəstəklərini qazanmaq istəyəcək. Bilmək lazımdır ki, hər iki hal Azərbaycanın haqlı davasında onun əleyhinə olan və istifadə ediləcək amildir. Ona görə də buna imkan vermək lazım deyil. Biz haqlı mübarizəmizdə, hüquqi əsaslarla sivil dünyanın da dəstəyini qazanmaqla işğal olunmuş ərazilərimizi azad etmək istəyirik və buna da heç bir fərqli don geyindirilməməlidir!

Visiontv.az