Türk PA müşahidə missiyası: "Seçkilər beynəlxalq standartlara uyğun keçirilib"
10.02.2020

"Azərbaycanda Milli Məclisə seçkilərdə demokratik şərait yaradılıb, seçkilərin keçirilməsində beynəlxalq və ölkə qanunlarına əməl edilib, namizədlərin mətbuata çıxışına, seçicilərlə görüşünə bərabər şərait yaradılıb".

Visiontv.az-ın verdiyi xəbərə görə, bunu Milli Məclisə keçirilən seçkilərlə əlaqədar bu gün mətbuat konfransında Türk Parlament Assambleyasının (Türk PA) müşahidə missiyasının rəhbəri İsmet Uçma deyib. Onun sözlərinə görə, MSK tərəfindən seçkinin gedişatı barədə, şikayətlərin qeyd edilməsi ilə bağlı məlumat verilib: "Təəssüf ki, Azərbaycanda erməni işğalı nəticəsində öz yurdundan didərgin düşmüş kütlə var. Onların səsverməsini asanlaşdırmaq naminə 573 məntəqədə şərait yaradılıb. MSK rəhbəri 5 milyon 329 min 461 seçici siyahısının olması barədə məlumat verib. Seçicilərin hər biri özləri haqqında məlumatı rahat şəkildə öyrənə biliblər".

İsmet Uçma müşahidə missiyasının həm Bakı, həm də Şamaxı və Qobustanın əksər məntəqələrində səsvermə prosesini izlədiyini vurğulayıb: "Heyətimiz məntəqə sədri və seçicilərlə görüşmək imkanı əldə edib, qadın və gənclərin istər namizəd, istərsə də seçici kimi iştirak etdiyini müəyyən edib. Bunun bu qədər yüksək olması Azərbaycanda təməl haqq və azadlıqların nə qədər vacib olması baxımından əhəmiyyətlidir. Səsverməyə gələnlərin sevincli olduğunu gördük. Bununla deyə bilərik ki, seçki prosesi şəffaf keçirilib. Heyətimiz heç bir pozuntu halına rast gəlməyib. Biz Milli Məclisə seçkilərin beynəlxalq standartlara və hüquqa uyğun olaraq keçirildiyinə qərar vermişik. Azərbaycan dövlətinə bizə müşahidə prosesini aparmaq üçün yaratdıqları şəraitə görə təşəkkür edirəm".