Türk iş adamı: “İşğal altındakı torpaqlara yaxın ərazilərdə işləyərkən çox təsirləndik!”
Türk iş adamı: “İşğal altındakı torpaqlara yaxın ərazilərdə işləyərkən çox təsirləndik!”
17.12.2019 Elvin ABBASOV Tərəfindən

Ölkəmizdə “Virtual Azerbaycan Group of Companies” ilə artezian quyularının uzaqdan idarə edilməsi layihəsini həyata keçirən Türkiyənin “NOS Nano Otomasyon Sistemleri” şirkətinin rəhbəri İsmail Yüksəl, Azərbaycana işgüzar səfəri çərçivəsində sözügedən şirkətin idarə heyətinin sədri iş adamı Elvin Abbasovun qonağı olub.

Visiontv.az-ın verdiyi xəbərə görə, görüşdə birgə layihələr, görülən işlər və gələcək planlar barəsində fikir mübadiləsi aparılıb. 

Rəhbərliyini etdiyi şirkətin 2010-cu ildə Türkiyənin Karabük şəhərində qurulduğunu, “Gələcəyə açılan pəncərə” devizi altında fəaliyyət göstərdiklərini söyləyən Yüksəl, “Şirkətimiz nano texnologiya və avtomatlaşdırma sistemləri sahəsindəki fəaliyyəti ilə insanlara və əlaqədar təşkilatlara lazımi xidmətlər göstərməkdədir. `Virtual Azerbaycan Group of Companies` ilə artıq 2 ildir artezian quyularının uzaqdan idarə edilməsi layihəsini həyata keçirməkdəyik. Ölkə üzrə kənd təsərrüfatı suvarma sistemlərinin izlənməsi və nəzarətini icra edirik. Burada scada sistemini (uzaqdan idarəetmə) tətbiq edirik. Layihə üzrə bu günə qədər 303 artezian quyusunun avtomatlaşdırılması uğurla həyata keçirilmişdir” dedi.

2020-ci ildə Azərbaycanla bağlı planlarlarından danışan Yüksəl, “Qardaş ölkəylə bağlı birgə planlarımız çoxdur. Məsələn: mövcud idarəetmə sistemləri, açıq kanal su ölçmə sistemi, əkinçiyə erkən xəbərdarlıq sistemi kimi birgə innovativ layihələrimizi davam etdirməyi planlaşdırırıq” deyə əlavə etdi.

“Azərbaycanı, paytaxt Bakını bəyəndinizmi?” sualını Yüksəl belə cavablandırdı: “Təbii ki, `bir millət, iki dövlət` prinsipinə uyğun olaraq burada özümüzü yad hiss etmirik. Azərbaycan xalqı istiqanlı, yardımsevər bir xalqdır. Ölkənin sürətli inkişafı və irəliyə yönəlik addımları təqdirə laiqdir. Azərbaycan mətbəxi Türkiyə mətbəxinə çox yaxındır. Yeməklərinizi çox sevdim. Bakı, Gəncə və bir çox şəhərdə olduq. Hamısını çox bəyəndim.”

Azərbaycanın qanayan yarası olan Dağlıq Qarabağ məsələsinə də toxunan Yüksəl, “İşğal altındakı torpaqlara olduqca yaxın ərazilərdə artezian quyularının avtomatlaşdırılması işlərini görərkən çox təsirləndik. İşğal altındakı torpaqlara 300 metr uzaqlıqda yerləşən Ağdamın Ortaqərvənd kəndində işləyərkən, qarşı tərəf durmadan atəşkəsi pozurdu. Gün ərzində tez-tez atəş səsləri eşidirdik. Azərbaycan torpaqlarının ən qısa zamanda işğaldan azad edilməsini uca Rabbimizdən diləyirəm” dedi.

İki ölkə arasında İT sistemləri sahəsindəki əməkdaşlıqdan bəhs edən Yüksəl, “Virtual Azerbaycan Group of Companies-in fəaliyyətini müsbət qiymətləndirirəm. Qısa müddət ərzində olduqca böyük uğurlar qazanıb. Sadəcə Azərbaycanda deyil, bütün bölgədə ilklərə imza atıb. Virtual Azerbaycan Group of Companies-ə uğurlar arzu edirəm!” deyə vurğulayıb.

Görüşdən məmnuniyyət duyduğunu söyləyən Abbasov deyib: “İT sahəsində 3 ildir ki, Türkiyə ilə məlumat mübadiləsi aparırıq. Çox sayda birgə layihəyə imza atdıq. NOS Nano Otomasyon Sistemləri, Teknik Group, Suyapı, Pergo, Temelsu, Schuar və digər şirkətlərlə sıx əməkdaşlıq edirik. Türkiyə ilə işləməkdən böyük zövq alıram. Uşaqlıq və gənclik illlərimin bir hissəsi Trabzonda keçib. Əməkdaşlığımızın bundan sonra daha da möhkəmlənəcəyinə inanıram.”

Abbasov, diqqət və xoş arzularından dolayı qonaqlara təşəkkürünü bildirib.