Trampın hakimiyyətdə qalması ölkəmizin də maraqlarına cavab verir-Məhəmməd Əsədullazadə
01.09.2020

Bayden və Tramp arasında seçki çox mürəkkəb çərçivədə keçəcək. Trampın başı üzərində Rusiya qara buludlarının olması ona qarşı Bayden tərəfindən yeni ittihamların sürülməsinə gətirib çıxarır.

Qeyd edim ki, son dörd il ərzində Tramp ABŞ -ın iqtisadiyyatını güclü inkişaf etdirib və Rusiyaya qarşı kəskin sanksiyaların müəllifidir. Məhz Obamanın və Baydenin Ağ Evdə olduğu illərdə Rusiya qlobal gücə çevrildi və Yaxın Şərqdə mövqelərini gücləndirdi. Ona görə də Baydenin Rusiya barədə dedikləri səmimi deyil.

Onun hazırda Rusiyanın seçkilərə müdaxilə etməsi və nəticələri Trampın lehinə dəyişəcəyi kimi iddialar ortaya qoyması, sadəcə, Trampa qarşı əks-təbliğatdır. Trampın Putinə qarşı müsbət fikirləri olsa da, bu, o demək deyil ki, Putin hazırda seçkilərə müdaxilə edib, Trampı dəstəkləyəcək. 2016 seçkilərində Rusiya Trampa dəstək verib və onu dəstəkləyib. Amma sonradan Trampın tutduğu mövqe Rusiyada ona qarşı mənfi siyasət formalaşdırdı. Hesab edirəm ki, indiki kəskin rəqabət və seçki marafonunda Baydenin bu ritorikası inandırıcı deyil.

Hazırda Baydenin şansı bir qədər var. Amma onun qoca olması və ABŞ iş adamları tərəfindən dəstəklənməməsi vəziyyəti Trampın xeyrinə dəyişir. Tramp həqiqətən ölkəni qlobal müstəvidə yeni bir güclü mərhələyə gətirdi. Əhalinin sosial rifahı və daxili istehsal artdı. Çinlə və digər ölkələrlə iqtisadi münasibətlərdə vəziyyət ABŞ maraqlarına uyğun dəyişdi. Belə olan təqdirdə, Trampın qələbə əldə etmək şansı var. Həmçinin, ABŞ Seçki Kollegiyası ola bilər ki, Trampın üzərində dayansın. Düşünürəm ki, Trampın hakimiyyətdə qalması ölkəmizin də maraqlarına cavab verir.

Yeni Musavat