Tramp Zelenskini Rusiya Prezidenti kimi təqdim etdi
29.10.2019

ABŞ Prezidenti Donald Tramp ukraynalı həmkarı Vladimir Zelenskini "Rusiyanın yeni prezidenti" adlandırıb.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, Trampın bu səhvi barədə amerikalı jurnalist Daniel Deyl "Twitter" səhifəsində yazıb.

Belə ki, V.Zelenski ilə söhbətinin stenoqramı dərc edildikdən sonra impiçment məsələsi barədə araşdırmanı şərh edən Tramp danışıqların "əla" olduğunu, rəqiblərinin isə qalmaqal yaratmağa çalışdıqlarını söyləyib.

Jurnalistlərin suallarına cavab verən Tramp Zelenski ilə qalmaqallı telefon danışığına toxunub.

"Mən Şiffin məruzəsini tənqid etdim. Bildiyiniz kimi Rusiyanın yeni prezidenti yaxşı kişidir. O öz bəyanatını verdi. Orada ona heç bir təpki olmadı", - deyə Tramp vurğulayıb.

Yeri gəlmişkən, ABŞ Prezidentinin sözləri Ağ Evin saytında da yer alıb. Prezidentin çıxışı orada olduğu kimi, düzəlişsiz dərc edilib.

Daha əvvəl mətbuat xəbər yaymışdı ki, Tramp Ukrayna Prezidenti Vladimir Zelenski ilə telefon söhbəti zamanı ondan keçmiş vitse-prezident Co Bayden və onun oğlu Hanter Bayden barəsində təhqiqat aparmağı xahiş edib və bunun müqabilində Ukraynanın hərbi ehtiyacları üçün ABŞ-dan federal səviyyədə maliyyə ayrılacağını vəd edib.

Bu söhbət Ağ Ev rəhbərinin impiçmenti barədə iş üzrə təhqiqata başlanmasına səbəb olub.