Toxluğundan quduranlar, "Quran"ı yandıranlar...
Toxluğundan quduranlar, "Quran"ı yandıranlar...
24.01.2023 Bəybala Mirzəyev Tərəfindən

İqtisadi inkişaf hələ mədəni inkişaf, insanlığın inkişafı demək deyil.

İsveç iqtisadi cəhətdən dünyanın ən inkişaf etmiş ölkəsi sayılır. Onlar sosializmin və kapitalizmin ən yaxşı cəhətlərini götürüb birləşdirərək həqiqətən də əsl iqtisadi möcüzə yaratmağı bacarıblar.

Bu gün isveçlilərin qurduğu iqtisadi, sosial model inkişaf etmiş kapitalizmdən (ABŞ, Fransa, Almaniya kapitalizmindən) də, inkişaf etmiş sosializmdən (Çin sosializmindən) də qat-qat üstündür.

İqtisadçılar, filosoflar, sosioloqlar isveçlilərin yaratdığı bu yeni formasiyanın, yeni tərəqqi modelinin adını, tipini hələki tam tapa bilməyiblər, onu hansısa bir "izm" qəlibinə salmağı bacarmayıblar.

Heç isveçlilərin özləri də bu gün faydasını gördükləri, gündəlik həyatlarına yansıyan mövcud quruluşa və iqtisadi sistemə düz-əməlli ad tapa bilmirlər.

Bəzi iqtisadçılar və politoloqlar İsveçin hazırkı sistemini şərti olaraq "rifahın, tərəqqinin İsveç modeli" adlandırırlar. Əlbəttə, bu da tam dəqiq qiymətləndirmə deyil. Sadəcə işçi ad kimi, müvəqqəti termin kimi istifadə olunur.

İsveçlilər əldə etdikləri bu nailiyyətə görə şübhəsiz ki, öyünə bilərlər. Çünki "yapon möcüzəsi"ni də, "alman möcüzəsi"ni də gerçəkdən də geridə qoymağı bacarıblar.

Maraqlıdır ki, isveçli alimlər arasında Nobel mükafatı alanlar da çoxdur. Onların arasında hətta məşhur iqtisadçılar da var.

Mən İsveçin tarixi və bu günkü uğurları ilə bağlı çoxlu elmi məqalələr, analitik yazılar oxumuşam. Amma bu ölkənin sıravi insanlarının intihara həddən artıq meylli olmalarının, siyasətçilərinin və intellektuallarının isə İslama, müsəlmanlara qarşı barışmaz düşmən münasibəti sərgiləmələrinin səbəbləri məni hər zaman heyrətləndirir.

İsveçin ifrat sağçı (irqçi-faşist) siyasətçisi Rasmus Paludanın ötən gün növbəti dəfə vandallıq nümayiş etdirməsi və "Quran"ı yandırması onu göstərir ki, İsveç iqtisadi cəhətdən ən yüksək inkişaf nöqtəsinə çatsa da və söz azadlığının təmin olunması baxımından hamını geridə qoysa da, lakin İsveç cəmiyyəti mədəniyyətin, mənəviyyatın inkişafı baxımından yerlərdə sürünür.

"Quran"ı yandırmaq Avropanın faciəsidir.

Dünən əslində "Quran"ı yox, Avropanın özünü yandırdılar.

Dəyərləri yandırdılar.

Paludan bu hərəkəti ilə göstərdi ki, Avropanın vəhşi, yırtıcı xisləti heç yerə getməyib, bu xislət avropalıların alt şüurunda qorunub saxlanmaqdadır.

Dünyanın ən mütərəqqi məkanı sayılan Avropada Tanrı kitablarından biri yandırılırsa, bunun özü də bir daha dünyanın hansı nöqtəyə gəlib çatdığını göstərir.

"Quran"ın Türkiyə səfirliyinin önündə yandırılması Türkiyə və müsəlmanlara zərbə deyil.

Bu, Allaha üsyandır.

Bu asilikdir.

Bu, sabitliyin sonu deməkdir.

Bu, tufan qabağı nisbi sakitliyin sonuna gəldiyimizi göstərir.

İsveçlilər toxluğundan qudurur.

İqtisadi inkişafın ən yüksək səviyyəsinə çatmış bir ölkədə insanlığın əcaib təzahür formaları ortaya çıxır. Qutsal Kitabı yandırmaq da İsveç toplumunun ruh halını göstərir.

Bu həm də insanlığın qudurması anlamına gəlir.

İnsanlıq quduranda isə dünya qarışır...

P.S.

Bundan əvvəlki iki dünya müharibəsinin hər ikisi də məhz Avropadan başlayıb...

Bəybala Mirzəyev

visiontv.az