Tikinti mövsümü gəlir: materialların qiyməti neçədir? - REPORTAJ - FOTO
09.03.2019

Tikinti mövsümü gəlir: materialların qiyməti neçədir? - REPORTAJ - FOTO

Havaların qızması Bakıda və eləcə də bölgələrdə tikintilərin başlaması üçün şərait yaradır. Bunun nəticəsidir ki, tikinti materialları bazarında da canlanma müşahidə edilir.

Visiontv.Az bildirir ki, musavat.com-un əməkdaşı tikinti materiallarının satıldığı bazarda olduğumu zaman bəzi materialların qiymətində artımın olduğunu müşahidə edib. Lakin ümumilikdə götürəndə tikinti materiallarının əksəriyyətinin qiyməti dəyişməz olaraq qalıb. Satıcılar bildirdilər ki, tikinti mövsümü başlayanda (yay aylarını satıcılar tikinti mövsümü adlandırırlar) bəzi materialların qiymətinə tələbat artdığı üçün qiymətlərdə dəyişiklik ola bilər. Hazırda qiyməti dəyişməz olaraq qalan tikinti materialları sırasında aşağıdakıları qeyd edə bilərik:

Bazarda alçipan, növündən asılı olaraq, 8-10 manat, lambirin 4-6 manat, mərmər 40-60 manat, tamet daşlar 6-8 manat, dəmir örtüklərin kvadratı isə 4-8 manat arasında dəyişən qiymətlərlə satılır. Sementin bir kisəsinin qiyməti, markasından asılı olaraq, 5-6 manat, şebenin kisəsi isə 50 qəpiyə satılır. Qumun kubunu isə təxminən 18 manata verirlər. Bir kisə qum 40 qəpik, bir kamaz qum almaq üçün 200-300 manat pul xərcləmək lazımdır. Yəni ötən aylarla müqayisədə bu materialların qiymətində, demək olar ki, artım yoxdur.

Tikintidə ən çox istifadə edilən taxtanın 1 kubunun qiyməti isə 270 manat və daha yüksəkdir. Bu, taxtanın növündən və gətirildiyi ölkədən asılıdır. Satıcılar bildirdilər ki, manatın məzənnəsi sabit qaldığı müddətdə taxtanın qiymətində ciddi artımın baş verməsi gözlənilmir. Mövsümdən asılı olaraq taxtanın 1 kubunun qiymətində bir neçə manat bahalaşma ola bilər. Qırmızı kərpisin qiyməti 13-40 qəpikdir.

Qiymətləri dəyişən tikinti materialları sırasında mişar daşı və artmatur ön sırada gəlir. Bu materialların qiymətinin dəyişməsi son zamanlar cərəyan edən bir sıra proseslərlə izah edilir. Öncə qiymətləri qeyd edək ki, hazırda Güzdəkdən gətirilən mişar daşının qiyməti 35 qəpikdir. Bu daşlardan daha çox çəpər hörgüsündə istifadə edildiyi üçün alıcısı bir o qədər də çox deyil. Alıcısı az olduğu kimi keyfiyyəti də aşağıdır. Qaradağ daşının qiyməti isə 45-50 qəpik arasında dəyişik. Əgər bir neçə maşın daş alacaqsınızsa qiymətdə endirim edilir. "3 mişar" deyilən ən keyfiyyətli daşların qiymətində isə endirim edilmir. Bu daşlara təlabat çoxdur. Daş satıcılarının sözlərinə görə son zamanlar daş karxanalarının bağlanması bazarda qıtlıq yaradıb. Ona görə də qiymətlərdə artım var. Məlumat üçün qeyd edək ki, ötən ilin noyabr ayında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi daş karxanaları ilə bağlı 7 cinayət işi başlayıb. O cümlədən həmin aylarda Ekologiya və Təbii Sərvətlər Nazirliyi də Bakı ətrafında yerləşən 208 daş karxanasında monitorinq aparıb. Monitorinqlər bitəndən sonra aşkarlanan pozuntularla bağlı 105 akt tərtib edilərək prokurorluğa göndərilib. Bütün bu addımların səbəbi odur ki, müəssisələrdə istifadə olunan avadanlıqların mövcud texniki vəziyyəti müasir standartlara cavab verməyib. Nəticədə havaya xeyli miqdarda toz buraxılıb. Yay aylarında Bakıda müşahidə edilən toz dumanının səbəbkarı kimi daş karxanaları göstərilib. Görülən tədbirlər havanın çirklənməsinin qarşısı alınsa da, daşın qiymətini qaldırıb...

 

Yuxarıda da qeyd etdiyimiz kimi mişar daşından sonra armaturun da qiymətində artım var. Ən çox istifadə edilən 14-lük armaturun 1 metrəsi 80 qəpiyə satılır. Bu qiymət yerli istehsala aiddir. Əvvəllər yerli istehsal olan bu növ armaturların metrəsi 75 qəpiyə olub. Eyni ölçüdə olan Rusiya armaturunun qiyməti isə 1 manat 10 qəpikdir. Yerli istehsal olan 12-lik armaturun qiyməti 70 qəpik (əvvəl 65 qəpik idi). Bazarda İran istehsalı olan artmaturu tapmaq mümkün deyil. Onu da qeyd edək ki, İran armaturların qiyməti yerli istehsaldan təxminən 20 qəpik ucuz idi. Əhalinin əksəriyyəti isə demək olar ki, İran armaturuna üstünlük verirdi. Hazırda bu artmaturları tapmaq mümkün olmadığı kimi bazarda tək söz sahibi olan yerli istehsalın qiyməti də bahalaşıb.

Alıcıların və satıcıların sözlərinə görə yerli istehsalın keyfiyyətinin yüksək olduğunu söyləmək olmaz. Ona görə də insanlar tikintidən çıxma sovet artmaturları almağa üstünlük verirlər. Bu artmaturlar köhnə olsa da yerli istehsal olan armaturlarla demək olar ki, eyni qiymətə satılır. Bakıda bir neçə yerdə bu cür armaturların satışı təşkil edilir. Tikintidən çıxma armaturların əyrisi düzəldilir, bir-birinə birləşdirilərək satılır.

Onu da qeyd edək ki, betonun da 1 maşının qiymətinə müəyyən artım var. Hazırda 400 marka olan betonun 1 kubu 85 qəpiyə satılır.