Tarixi saxtakarlıq: şou, layk naminə tarixə müdaxilə etmək olarmı?
23.10.2021

19 oktyabr tarixində çox hörmətlə yanaşdığım və vaxt olduqca baş çəkdiyim "kulis.az" portalında "Cariyələr, xədim ağalar, qaradərili kölələr... -Sultanların sirli hərəmləri" başlıqlı yazı paylaşılıb. Yazı ilə ilk tanışlıqdan görünür ki, çox diletantcasına, heç bir araşdırma aparılmadan, sensasiya, şou xətrinə hazırlanmış, yaxud tərcümə materialını "kulis.az" elementar dəqiqləşdirmə aparmadan yayıb.

Qeyd edim ki, yazının dili, stili, sadalanan tarixi faktlara müəllif yanaşması elə bir səviyyədədir ki, münasibət bildirməyi belə mənasız hesab edirəm. Amma, məqalə boyu İslam və Osmanlı tarixi ilə, ayrı-ayrı tarixi şəxsiyyətlərlə bağlı elə təhriflərə və yalanlara yol verilib ki, reaksiya verməmək mümkün deyil.

Yazı qarşıma çıxan ilk an iradımı və tarixi saxtakarlıq üzərindən layk yığmağın yolverilməzliyi haqda fikrimi qeyd edib, hər zaman ciddi və maraqlı mənbə hesab etdiyim "kulis.az"-dan yol verilən səhvi düzəltməyi, tarixi Osmanlı şəxsiyyətləri ilə bağlı yol verilən kobud səhvə görə oxuculardan üzr istəməyi tələb etdim. Çox təəssüf ki, ötən dörd gün ərzində redaksiya tərəfindən haqlı iradıma heç bir reaksiya verilmədiyindən, məsələni sosial platforma üzərindən redaksiyanın diqqətinə çatdırmaq və sizlərlə müzakirə etmək məcburiyyətində qaldım. Bildirim ki, iradımla bağlı bir sıra istifadəçilərin Osmanlı, Türkiyə nifrətlərini şou yaratmaqla yaymağa çalışmaları mövzunu ictimailəşdirmək düşüncəmi daha da möhkəmlətdi.

Yazı boyu İslam prinsipləri və tarixi, xüsusilə tarixi Osmanlı şəxsiyyətləri müxtəlif adlarla təhqir edilir və gözdən salınmağa çalışılır. Heç bir şübhəm yoxdur ki, yazının başlıca hədəfi də budur, sadəcə, yazını tərcümə edən şəxs bu detallara fikir verməyib.

İslam dininin bir sıra dəyərləri ilə bağlı yalnışlıqlara din tədqiqatçılarının münasibət bildirməsini uyğun bildiyimdən və din mütəxəssisi olmadığımdan yazıda bu istiqamətdə qeyd olunan fikirlərin üzərindən keçirəm.

- Məqalədə qeyd olunur ki, İstanbulda 1847-ci ilə kimi kölə bazarı fəaliyyət göstərib və Avropada çox məşhur olub.

1. İstanbul 1847-ci ildə necə adlanırdı, bunu oxumaq bilmək lazımdır. 1930-cu il Böyük Millət Məclisinin qərarına kimi, Konstantinopol adlanıb. Beləliklə, 1847-ci ildə İstanbul kölə bazarı sadəcə mövcud ola bilməzdi.

2. Konstantinopol adlanan və Osmanlı paytaxtı kimi tanıdığımız şəhərdə açıq və böyük kölə bazarı imperiyanın ilk dövrlərində belə olmayıb, kiçik və müvəqqəti bazarlar olub. Tam əksinə, bu yazının daha çix maraqlarına xidmət etdiyi Avropa ölkələrində kölə bazarları daha geniş yayılmışdı, xüsusən Afrikadan gətirilən insanlar həmin bazarlarda satışa çıxarılırdı.

- Yazıda sanki məqsədli şəkildə Osmanlı sultanları əxlaqı qüsurlu, eyş-işrət düşkünü şəxslər kimi təqdim olunur.

1. İddia o qədər zəif və elementar tənqidə dözümsüzdür ki, sadəcə bir sual ünvanlamaq yetərlidir ki, bu əsassız iddia darmadağın olsun: Osmanlı sultanları qeyd edildiyi kimi eyş-işrət düşkünləri idisə, 100 illərlə Avropanı nəzarətdə saxlayan, ömürlərinin böyük hissəsini at belində hərbi yürüşdə olanlar kimlər idi?

- Osmanlı donanmasının qurulmasında və Osmanlı fəthlərində böyük rol oynayan Babaros Xeyrəddin paşa haqda quldur və oxuculardan üzr istəyirəm, sultanın qadın təminatçısı ifadələri işlədilir.

1. Məqalədə dəniz qulduru Xızır rəis kimi təqdim olunan şəxs Aralıq dənizində Avropa donanmalarını darmadağın edən, onlara qan udduran, güclü Osmanlı donanmasının qurucusu böyük sərkərdə, Barbaros Xeyrəddin paşa və admiral rütbələri daşıyıb.

2. Osmanlı fəthlərində böyük rolu olan paşa xüsusən şimali Afrika, Əlcəzair, Tunis uğrunda qəhrəmanlıqlar göstərib, hətta Əlcəzair sultanı olub, nəinki, dəniz qulduru.

3. Bəli, yunan, Avropa arxivlərində, eləcə də İran-fars mənbələrində Barbaros quldur adlandırılır. Bunun səbəbini bildik, bəs biz niyə belə bir sərkərdəyə quldur deyirik?

4. Və ən nəhayət, Osmanlı-türk tarixində bunca müstəsna rolu və xidməti olan bir tarixi şəxsiyyəti sultanların qadın təminatçısı kimi təqdim etmək nəyə və kimə xidmətdir?

Beləliklə, hörmətli ""kulis.az" redaksiyası!

İslam dəyərlərini, tarixi Osmanlı-türk şəxsiyyətlərini əsassız yerə hədəfə alan və gözdən salan yazınızı təxirə salmadan səhifənizdən silin və oxucularınız olan bizlərdən kobud səhvinizə görə üzr istəyin. Tarix heç kim üçün şou, sensasiya mənbəyi və layk toplama vasitəsi deyil.

P.S. Daha betəri odur ki, bir neçə başqa saytlar da layk, baxış sayı xətrinə bu yazını yayırlar.

Anar Əliyev,

tarix üzrə fəlsəfə doktoru, politoloq

visiontv.az