Şuşada “ANAMA-nın imkanlarının artırılmasına dəstək” layihəsinin açılışı olub
07.02.2023

Avropa İttifaqı (Aİ), Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP) və Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) Azərbaycanda məcburi köçkünlərin təhlükəsiz qayıdışının dəstəklənməsi məqsədilə yeni layihəyə başlayıb.

Visiontv.az xəbər verir ki, Şuşada "Məcburi köçkünlərin təhlükəsiz qayıdışı üçün Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) imkanlarının artırılmasına dəstək” layihəsinin açılışı olub.

Açılışda çıxış edən Azərbaycan Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov bildirib ki, mina problemi insanların həyatına pis təsir edir, azad olunmuş ərazilərdə bərpa işlərinə ən böyük əngəl olaraq qalır.

“Mina həmçinin bizim vətəndaşlarımızın öz evlərinə geri dönməsinə imkan vermir. Azərbaycan hökuməti, ANAMA-nın rəhbərliyi minalardan təmizlənmə istiqamətində böyük səylər göstərir. Bizim bu işimizi sürətləndirəcək bütün addımları alqışlayırıq”, - o deyib.

Aydın Kərimov deyib ki, Şuşa azad olunduqdan sonra şəhərin bərpası istiqamətində böyük miqyaslı işlər başlayıb:

“Sosial layihələrlə yanaşı, enerji obyektləri tikilir. Şuşada 200-ə qədər tarixi abidə var, lakin 30 illik işğal dövründə onların çoxuna ciddi zərər verilib, dağıdılıb. Şuşa regionun həm də əsas turistik şəhərlərindən biridir. Biz şəhərin bu potensialının təşviqi üçün işləyirik”.

Aydın Kərimov əlavə edib ki, şəhərdə otellər tikilib.

O, şəhərdə 12 abidənin hazırda bərpa olunduğunu, onlardan 5-nin şəhərin azad olunmasının ilk aylarında bərpa edildiyini deyib.

“Beynəlxalq arenada biz Şuşanı, mədəniyyət paytaxtımızı təbliğ edirik. Əməkdaşlıq memorandumları imzalayırıq, artıq 6 şəhərlə qardaşlıq sənədi imzalamışıq. Onlardan ikisi Aİ şəhəridir. Katovitsedə keçirilən Urban forumunda iştirak edərək regionda və Şuşada həyata keçirilən bərpa və yenidənqurma işləri barədə məlumat verdik”, - Aydın Kərimov deyib.

Şuşada “ANAMA-nın imkanlarının artırılmasına dəstək” layihəsinin açılışı olub - FOTO

APA