STATUS: Məsuliyyətsiz akademikləri tutun…-akademik Teymur Kərimli
25.06.2020

Peşmanam ancaq günahsızam!

Sizdən korrupsioner olmasın, mənim bir korrupsioner dostum var. Deməli, bu dostum Tiflisdə hansısa dəyirmançılıq fakültəsini bitirmişdi. Müstəqil respublikamızın üyüdücü dəyirmanlarından birinə rəhbərlik edirdi. Bu dəyirmanın hesabına bu dostum dövlətimizin pulunu dəyirman kimi üyüdürdü. Elə təkcə Kürdəmirdə tikdirdiyi dördmərtəbəli qəsr hər kəsdə xoş qibtə hissləri doğururdu... Hamı da deyirdi ki, üyüdənə un qurban!

Nə isə, axırda bu dostumu tutası oldular. İnsafnan desək, dostum çox təəccübləndi. Ancaq onu başa saldılar ki, düz eləməyib. Dostum əlini alnına vurub dedi: "Hə, indi anladım. Çox peşmanam, ancaq günahım yoxdur!"

Müstəntiq soruşdu ki, bunu necə başa düşək?

Dostum məsum ala gözlərini bir neçə dəfə döyüb dedi: "Mən elə bilirdim, doğma müstəqil dövlətimizin pulu hər bir vətəndaşa halaldır.

Ona görə də basıb yeyirdim və dördmərtəbəli qəsrimin üstünə də hələ 2 mərtəbə artırmaq istəyirdim. Əgər mən bilsəydim ki, bu, cinayətdir, toba eləməzdim! Bunu mənə başa salan olmayıb. Özəlliklə, bu işdə akademiklərimizi günahlandırıram. Əgər onlar facebook-da boş-boş meyxanalar yazmaqdansa, bu yöndə tərbiyəvi yazılar paylaşsaydılar, mən də bilərdim ki, dövlətin pulunu yemək olmaz.

Ona görə çox xahiş edirəm ki, məni buraxıb, məsuliyyətsiz akademikləri tutasınız..."

Korrupsioner olanda noolar? Kişi düz deyir dana!

Visiontv.az