Statistikaya çevrilən insan taleləri
Statistikaya çevrilən insan taleləri
03.12.2021 Şöhrət El-Dəniz Tərəfindən

Keçən ilin bu ayı idi.

Müharibədən sonra baş redaktorları yeni yaradılan “YAŞAT” Fonduna dəvət etdilər. 

“ASAN xidmət”in rəhbəri Ülvi Mehdiyev bizimlə söhbətdə fondun məqsədini izah edərək onlara dəstək olmağımızı xahiş etdi. Və “YAŞAT” Fondunun yeni təyin olunan qazi rəhbəri Elvin Hüseynovu bizə təqdim etdi. Bir il bundan əvvəl həmən görüş barədə yazı hazırlamışdım. Və yazmışdım ki, kimisə “YAŞAT”maq üçün gərək o şəxsdə ürək, qeyrət, mərdlik və millətinə sahiblənmək gücü olsun: “Lozunqlarla, vədlərlə qazini, şəhid ailəsini “YAŞAT”maq olmur. Lozunqlar, vədlər dələduzların silahıdır. O silah ki, bu gün hamını kəsə-kəsə gedir. Şəhid ailəsinin haqqını kəsir, qazinin imtiyazını kəsir, veteranın ümidini kəsir. Kəsilən hissələrdən isə özünə mal-mülk yığır, imarət tikdirir, bahalı maşınlarda gəzir. Ona görə ah-nalədən var-dövlət qazananların nə allahı olur, nə də imanı”.

Bir il bundan əvvəl yazdığım bu fikirlərin üstündə yenə də dururam.

“YAŞAT”maq üçün söz yox, konkret əməl lazımdır. Və mənim qənaətimə görə “YAŞAT” Fondu və rəhbərliyi son bir il ərzində bizə, yəni mediaya, qazilərə, şəhid ailələrinə və cəmiyyətə verdiyi sözü tutdu. Əminəm ki, gələcəkdə də tutacaq. Çünki, bu fond ona görə “ASAN xidmət”in nəzarətində yaradıldı ki, sıravi vətəndaşların işini “ASAN” etməyin yolunu bilən, vətən uğrunda canını, sağlamlığını qurban verənlərin işini də “ASAN” edəcək.

Bu bir il ərzində çətinliklər də, yersiz narazlıq və qınamalar da oldu.

Hələ yarananda demişdim bu iş heç də “ASAN” olmayacaq.

İşi enişə-yoxuşa sürənlər olacaq.

Amma…

Dəstək də olacaq.

Bəli, biz sağlam mətbuat nümayəndələri dəstək olduq. İl ərzində gördükləri işləri nöqtə və vergülünə qədər işıqlandırdıq. Yazdıq, sağlam tənqid də oldu, tərif də.

Amma bir yerdə bacardıq.

Yaşamaq istəyənləri “YAŞAT”dıq.

Fonddan mənə göndərilən bir illik hesabatı oxuyuram. İlk təəsürat yalnız rəqəmlərlə ifadə edilən fəailiyyət gözə çarpır. Kimləri nə vaxt, harda, nə qədər xərclə müalicə ediblər. Kimlərə yardım ediblər, kimlərə nə veriblər və sair.

Rəqəmlər, adlar, təşkilatlar, qurumlar

Qeyd edə bilərdim o rəqəmləri də, təşkilatların adlarını da.

Amma məqsəd o deyil ki, bu qədər rəqəmlər var.

Məqsəd odur ki, indi statistikaya çevrilən minlərlə şəhid ailəsinə, qazi taleyinə biganə qalınmadı. Onları “YAŞAT”maq üçün ağır işdən yorulmayan, giley-güzardan bezməyən, kaprizlərə dözən insanlar oldu.

Və indi də var.

Bir il nədir ki?

“YAŞAT”mağın ilk addımıdır.

Sağlam və dürüst yaşayın ki, yaşamaq istəyənləri də yaşada biləsiniz.

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi tərəfindən onlayn media subyektlərinin (veb-saytların) inkişafı, iqtisadi müstəqilliyinin gücləndirilməsi, fəaliyyətinin təkmilləşdirilməsi, habelə dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsi məqsədilə təşkil edilən müsabiqə çərçivəsində təqdim edilir.

6.3.5. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması

Şöhrət El-Dəniz

P.S. "YAŞAT" fondunun təqdim etdiyi illik hesabat.

“YAŞAT” Fondunun fəaliyyəti ilə bağlı hesabat

 

02.12.2021

Fonda daxil olan vəsait:

02 dekabr 2021-ci il tarixinədək Fondun hesabına 64 773 763.77 AZN vəsait mədaxil olub.

 

Qeydə alınmış müraciətlər:

Ölkə ərazisində 2 916 şəhidin ailə üzvləri, habelə 4 946 yaralı olmaqla ümumilikdə 16 348 şəxslə  görüşülüb, ehtiyacları qeydə alınıb (yashat.gov.az saytında) və 10 781 şəxsin 15 644 müraciəti icra olunub.

Xərclənmiş vəsait:

Fondun fəaliyyət istiqamətləri üzrə 49 054 136.86 AZN  məbləğində vəsait xərclənib. Qalıq vəsait isə 15 719 626.91  təşkil edir. Xərclənən vəsaitdən:

Məişət şəraitinin yaxşılaşdırılması istiqaməti: 32 173 789.50 AZN

Təhsil, peşə hazırlığı və yaradıcı potensialın inkişafı xərcləri: 445 228.51 AZN

İstehlak kreditləri və digər borc öhdəliklərinin qarşılanması: 5 395 854.57 AZN

Müalicə və psixoloji dəstək xərclərinin ödənilməsi: 11 039 264.28 AZN

 

Məişət şəraitinin yaxşılaşdırılması

Məişət şəraitinin yaxşılaşdırılması istiqaməti üzrə şəhid ailə üzvlərinin 4 677, itkin ailə üzvlərinin 5 və yaralıların 3 721 müraciəti olmaqla ümumilikdə 8 403 müraciət təmin edilib.

27 sentyabr 2021-ci il tarixindən sonra dünyaya gələn 102 şəhid övladı ilə bağlı Fond tərəfindən həyata keçirilən “Onlar bizə əmanət” layihəsi çərçivəsində yeni doğulmuş şəhid övladlarının zəruri xərclərinin qarşılanması məqsədi ilə 1 000 AZN məbləğində maddi yardım edilib və şəhid övladlarının adına 5 000 AZN məbləğində depozit hesabı açılıb.

 

Təhsil, peşə hazırlığı və yaradıcı

potensialın inkişafı xərcləri

 

Təhsil, peşə hazırlığı və yaradıcı potensialın inkişafı xərcləri istiqaməti üzrə şəhid ailə üzvlərinin 137 və yaralıların 20 müraciəti olmaqla ümumilikdə 157 müraciət təmin edilib.

Fondun təşəbbüsü ilə təhsil haqqının qarşılanması üzrə təhsil müəssisələri tərəfindən 222 822 AZN vəsait qarşılanıb.

Təhsil haqqı qarşılanan 63 şəxsin ödənişi Fond tərəfindən, 60 şəxsin isə ödənişi Fondun təşəbbüsü ilə təhsil müəssisələri tərəfindən qarşılanıb.

02 dekabr  2021-ci il tarixinədək Dövlət Agentliyinin “YAŞAT” Fondu ilə iş şöbəsi ilə Heydər Əliyev adına Müasir Təhsil Kompleksi, Türk Dünyası Bakı Atatürk Liseyi,  XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi, Hədəf liseyi, Kaspi Tədris Mərkəzi, Evrika Liseyi, Dünya məktəbi və “Dərs evi” tədris mərkəzi arasında şəhidlərin övladlarına ödənişsiz təhsil alması məqsədi ilə niyyət protokolu imzalanıb. Əməkdaşlıq çərçivəsində imtahanda uğurlu nəticə əldə etmiş 34 şəhid övladı özəl təhsil müəssisələrində ödənişsiz kvota əsasında təhsil alır. Eyni zamanda 7 şəhid övladı ödənişsiz kvota əsasında bağça (5 şəxs) və məktəbəqədər təhsil müəssisəsinə (2 şəxs) qəbul olunub.

2021-2022-ci tədris ili üzrə rəsmi olaraq akkreditasiya olunmuş ali təhsil müəssisələrinə qəbul olmuş şəhid ailələrinin üzvlərinə və Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş hərbi qulluqçulara “YAŞAT” Fondu tərəfindən birdəfəlik pul mükafatı - 2000 AZN təsis edilib. Cari günədək 32 şəxsə (19 şəhid ailə üzvü və 13 yaralı) 2000 AZN vəsait köçürülüb.

 

Müalicə və psixoloji dəstək xərclərinin ödənilməsi

 

Müalicə və psixoloji dəstək xərclərinin ödənilməsi istiqaməti üzrə şəhid ailə üzvlərinin 2 988 və yaralıların 2 473 müraciəti olmaqla ümumilikdə 5 461 müraciət təmin edilib.

Ümumilikdə 150 ağır yaralı müalicə edilməsi məqsədi ilə Türkiyə Respublikasına göndərilib, onlardan 117-si ölkəyə geri qayıdıb. Hazırda 33 ağır yaralının müalicəsi  Türkiyə Respublikasında davam edir.

YAŞAT” Fondunun dəstəyi ilə ölkəmizə gətirilən Türkiyəli həkimlər tərəfindən 150-dən çox yaralı müayinə edilib. 10 mart 2021-ci il tarixdə Türkiyə Respublikasından dəvət olunan həkim tərəfindən komada olan ağır yaralılar müayinə edilib.

28 fevral - 07 mart 2021-ci il tarixlərdə İsrail dövlətindən hərbi xəsarətlərin müalicə edilməsi üzrə ixtisaslaşmış 8 mütəxəssis gətirilib, qeydiyyatı aparılmış ağır göz problemləri olan 148 nəfər şəxs müayinə edilib. Müayinə nəticəsinə uyğun olaraq 30 nəfər əməliyyat edilib, əməliyyat nəticəsində 2 nəfərin görmə qabiliyyəti bərpa olunub. 55 nəfərə protez göz qoyulub, 82 nəfər isə sadəcə müayinə edilib.

Ciddi fiziki travma alan yaralıların fiziki bərpa prosesini daha da sürətləndimək üçün “YAŞAT” Fondu tərəfindən xaricdən sifariş edilən 39 451.41 manat məbləğində “RGO” ortopedik cihazları ölkəmizə gətirilib. Avadanlıqdan 8 yaralının müalicəsində istifadə olunub.

Gün ərzində 35-40 nəfər yaralının müalicəsində istifadə edilməsi üçün 47 270.80 manat məbləğində Giger MD reabilitasiya cihazı alınıb.

2021-ci ilin 12 avqust tarixində Fondun Himayəçilik Şurasının üzvü, Kopenhagen Universitetinin nevrologiya üzrə professor və baş məsləhətçisi, Beynəlxalq Baş Ağrıları Cəmiyyətinin rəhbəri və İnsan Miqreni Araşdırma Birliyinin direktoru Məsud Aşina tərəfindən 34 nəfər yaralının müayinəsi həyata keçirilib və müalicə istiqamətləri müəyyən edilib.

2021-ci ilin 12 avqust tarixində İsrail dövlətindən gələn həkim tərəfindən 9 nəfər yaralının müayinəsi həyata keçirilib və müalicə istiqamətləri müəyyən edilib.

 

İstehlak kreditləri və digər borc öhdəliklərinin qarşılanması

 

İstehlak kreditləri və digər borc öhdəliklərinin qarşılanması istiqaməti üzrə şəhid ailə üzvlərinin 687, itkin ailə üzvlərinin 3 və yaralıların 907 müraciəti olmaqla ümumilikdə 1 597 müraciət təmin edilib.

Fondun təşəbbüsü ilə borc öhdəliyinin qarşılanması üzrə müəssisələr tərəfindən 125 926.74 AZN vəsait qarşılanıb.

Düşərgələrin təşkili

“Neftçi" Peşəkar Futbol Klubu (PFK), "ASAN Könüllüləri" Təşkilatı və "YAŞAT" Fondunun birgə təşkilatçılığı ilə şəhid və sosial baxımdan həssas ailələrin övladları üçün nəzərdə tutulmuş "III Neftçili Yay Futbol Düşərgəsi" layihəsi keçirilib. Şəhid və sosial baxımdan həssas ailələrin 7-12 yaş aralığında olan övladları üçün nəzərdə tutulmuş düşərgənin açılış mərasimi 2021-ci il 14 iyun tarixində baş tutub.

“YAŞAT” Fondu və “ASAN Könüllüləri” Təşkilatının birgə təşkilatçılığı ilə 2021-ci ilin 12 iyul tarixindən 2021-ci ilin 28 avqust tarixinədək 3 fərqli yaş qrupunu əhatə edən şəhid övladları üçün  Lənkəran şəhərində, "Springs Wellness Resort” hotelində ümumilikdə 211 uşağı əhatə edən 6 düşərgə təşkil edilib. Layihə çərçivəsində hər düşərgədə uşaqlar üçün əyləncə saatları, öyrədici təlimlər, teatrlar, öz sahəsində müsbət imicə malik olan peşəkarlarla, qurum rəhbərləri ilə görüşlər, ekskursiyalar, habelə psixoloqların iştirakı ilə təlimlər, konsultasiyalar və müğənnilərin iştirakı ilə konsert proqramları həyata keçirilib. Hər düşərgə ümumilikdə 6 gün 5 gecəni əhatə edib.

 

Digər layihələr

10 mart – 13 mart 2021-ci il tarixdə Dövlət Agentliyinin sədrinin rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyə Respublikasına səfər etmiş, səfər çərçivəsində Türkiyə Silahlı Qüvvələrinin nəzdində fəaliyyət göstərən “Elele” (Əl-ələ), “Eğitim” (Təhsil), “Dayanışma” (Həmrəylik) və “Mehmetçik” (Əsgər) Fondlarında konkret məsələlər ətrafında səmərəli müzakirələr aparılıb, təcrübə mübadiləsi həyata keçirilib. Eyni zamanda Türkiyə Respublikasında müalicə alan ağır yaralılar ziyarət olunub.

“YAŞAT” Fondunun təşəbbüsü, “Vətən Ulduzları” Fondunun təşkilatçılığı ilə 17 mart – 18 mart 2021-ci il tarixdə 10 şəhid övladı Ankara şəhərində baş tutan “Övladlarımız Tək Ürək” 18 mart şəhidləri Anma və Çanakkale Dəniz Zəfərinin 106-cı ildönümünə həsr olunmuş proqramda iştirak edib.

18 mart - 21 mart 2021- ci il tarixdə “YAŞAT” Fondunun və “Bravo” marketlər şəbəkəsinin birgə təşkilatçılığı ilə şəhid ailələrinə və tibb müəssisələrində yataq şəraitində müalicə alan ağır yaralılara 368 000.00 AZN dəyərində olan 4000 qutu Novruz sovqatı paylanılıb.

16 aprel 20201-ci il tarixində  Dövlət Agentliyinin “YAŞAT” Fondu ilə iş şöbəsi ilə “Tək Millət, Tək Ürək” beynəlxalq-humanitar qardaşlıq platforması və “Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçilər” İctimai Birliyi arasında əməkdaşlıq haqqında niyyət protokolu imzalanıb.

25 may 2021-ci il tarixdə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin və “YAŞAT” Fondunun təşəbbüsü, Azərbaycan Diasporuna Dəstək Fondunun maliyyə dəstəyi və təşkilatçılığı ilə “YAŞAT” Marafonu keçirilib. Marafonun məqsədi şəhid ailələri və yaralananlara yardım edilməsi ilə bağlı  dünyanın müxtəlif olkələrində yaşayan həmvətənlərimizi dəmir yumruq kimi bir araya gətirərək “YAŞAT” Fonduna ianə etməyə çağırışdır. Marafon müddətində (29.04.2021-ci il tarixindən 31.05.2021-ci il tarixinədək) Fondun hesabına 990 067.00 AZN, 10 180.00 USD, 6 395.86 EUR, 34 117.32 TRY, 2 844.07 RUB, 2 975.00 GBP vəsait olmaqla ümumilikdə 1 042 609.29 AZN vəsait daxil olub. Sms ianə vasitəsi ilə 2021-ci il 25-26 may tarixləri üzrə 5061 AZN vəsait toplanılıb.

1 iyun 2021-ci il “Uşaqların Beynəlxalq Müdafiəsi Günü” ilə əlaqədar Türkiyənin Uşaq Oyunları və İdman Klubları Federasiyası ilə birgə təşkil olunan, Türkiyə Respublikasının Xarici İşlər Nazirliyinin, Türkiyə Respublikasının Ailə və Sosial Xidmətlər Nazirliyinin və Balıkəsir Böyükşəhər Bələdiyyəsinin tərəfdaşlığı ilə “Hədiyyə Karvanı” layihəsi çərçivəsində Tovuz, Ağstafa, Gədəbəy, Gəncə, Goranboy, Naftalan, Ağcabədi, Ağdam, Füzuli, İmişli, Kürdəmir, Mingəçevir, Şəki və Balakən olmaqla 15 yaşadək olan şəhid və qazi övladlarına hədiyyələrin paylanması həyata keçirilib. 2000-dək uşağa hədiyyələr təhvil verilərək öncədən müəyyən edilən siyahı üzrə hədiyyələrin paylanılması yekunlaşıb.

“YAŞAT” Fondu ilə AFFA-nın Korporativ Sosial Məsuliyyət təşəbbüsü çərçivəsində 6-18 yaş aralığında olan şəhid və yaralıların övladlarına UEFA 2020 Avropa çempionatının Bakıda keçirilən futbol oyunlarını izləmək üçün 1400 bilet təhvil verilib.

14 iyul tarixində Çempionlar Liqasının birinci təsnifat mərhələsinin cavab oyunu çərçivəsində baş tutan “Neftçi” – “Dinamo Tbilisi” oyununu izləmək üçün 60-dan çox şəhid övladlarına bilet təqdim olunub.

“YAŞAT” Fondu tərəfindən şəhidlərimizin orta məktəbdə təhsil alan övladları üçün xüsusi layihə keçirilib. Layihə çərçivəsində yeni tədris ilinin başlanması ilə əlaqədar Fond tərəfindən bütün şəhidlərimizin məktəbli övladlarına dərs ləvazimatlarından ibarət 800-dən çox hədiyyə qutuları çatdırılıb.

25-26 sentyabr 2021-ci il tarixlərində “YAŞAT” Fondunun, İctimai Televiziya və Radio Yayımları Şirkətinin və Dövlət Turizm Agentliyinin birgə təşkilatçılığı ilə “Şəhid əmanətləri Şuşada” layihəsi baş tutub. Layihə çərçivəsində şəhidlərimizin övladlarının Şuşa şəhərinə səfəri təşkil olunub. Səfər müddətində iştirakçılar Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşanın zəngin tarixi, mədəni irsi, quruculuq və bərpa işləri ilə yerindəcə tanış olmaq imkanı əldə etmişdir. Şuşa şəhərində ağacəkmə aksiyası təşkil olunmuş və şəhidlərimizin övladları tərəfindən atalarının əziz xatirəsinə 100 ədəd eldar şamı ağacı əkilib.

2021-ci il 7 noyabr tarixində “YAŞAT” Fondunun və İctimai Televiziya və Radio Yayımları Şirkətinin birgə təşkilatçılığı ilə “YAŞAT” Xeyriyyə Marafonu keçirilib. Marafon elan edildiyi 20 oktyabr tarixindən 2 dekabr tarixinədək 1 226 904.59 AZN vəsait Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananlara və şəhid ailələrinə dəstək məqsədi ilə “YAŞAT” Fonduna ianə edilib. “YAŞAT” Xeyriyyə Marafonu ilə əlaqədar İctimai Televiziyada 7 noyabr səhər saat 12:00-dan 18:00-a kimi efir saatı ayrılıb və canlı yayım zamanı sms vasitəsi ilə 4 041 AZN vəsait toplanılıb.

Dənizkənarı Milli Parkda 2021-ci il 29 oktyabr - 9 noyabr tarixlərində “Zəfər” Yarmarkası keçirilib. Yarmarka “Qarabağ qəhrəmanlarının izi ilə” mövzusunda baş tutub. Yarmarkanın təşkilatçıları “YAŞAT” Fondu, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti, Dənizkənarı Bulvar İdarəsi və Azərbaycan Peyntbol Federasiyasıdır. Yarmarka müddətində müxtəlif şirkətlər tərəfindən qida məhsullarının, zəfər simvolikasına aid müxtəlif suvenirlərin, kitabların və digər məhsulların satışı reallaşdırılmışdır. Eyni zamanda Vətən müharibəsi ilə bağlı silah, geyim və texnikaların nümayişi üçün zona, hərbi oyun meydançaları quraşdırılılıb. Yarmarkanın hər bir günündə tanınmış mədəniyyət və incəsənət xadimlərinin iştirakı ilə konsert proqramları keçirilib. Ümumilikdə 12 gün ərzində Yarmarka müddətində toplanmış  64 558.58 AZN vəsait Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananlara və şəhid ailələrinə dəstək məqsədi ilə “YAŞAT” Fonduna ianə edilib.

 


 

Visiontv.az